NATO 2026-cı il üzrə üzv ölkələrin təxmini müdafiə xərclərinə dair məlumatları açıqlayıb.
Qaynarinfo xəbər verir ki, proqnozlara görə, alyansa üzv ölkələrin müdafiə büdcələrində əhəmiyyətli artım gözlənilir. ABŞ isə NATO daxilində ən böyük müdafiə büdcəsinə malik ölkə mövqeyini qoruyacaq.
NATO-nun açıqladığı məlumatlara əsasən, 2026-cı ildə alyansın ümumi müdafiə xərclərinin 11 faiz artaraq 1 trilyon 809 milyard 915 milyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
ABŞ liderliyini qoruyur
Məlumatlara görə, 2026-cı ildə ən yüksək müdafiə xərci 1 trilyon 32 milyard 849 milyon ABŞ dolları ilə ABŞ-nin payına düşəcək. ABŞ-ı Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Polşa və Kanada izləyəcək.
Türkiyənin müdafiə xərcləri 48 milyard dollar olacaq
Proqnoza əsasən, Türkiyənin 2026-cı ildə müdafiə xərcləri 48 milyard ABŞ dolları təşkil edəcək. Bu göstəricinin ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətinin 2,85 faiz olacağı gözlənilir.
ÜDM-ə nisbətdə Litva ilk yerdədir
Müdafiə xərclərinin ümumi daxili məhsula nisbətinə görə Litva 5,33 faiz göstərici ilə NATO ölkələri arasında birinci yerdə qərarlaşacaq. Litvanı Estoniya, Latviya, Polşa, Yunanıstan, Danimarka və İsveç izləyəcək. Proqnozlara əsasən, bu ölkələr milli gəlirlərinin ən böyük hissəsini müdafiə sahəsinə yönəldən NATO üzvləri olacaq.
Aydın
Şərhlər