Xəbər lenti

Şərqi Avropa Gürcüstan müxalifətini niyə dəstəkləyir? (ŞƏRH)
Dünya 17:24 09.12.2024

Şərqi Avropa Gürcüstan müxalifətini niyə dəstəkləyir? (ŞƏRH)

"Avropanın, xüsusən də, Şərqi Avropa liderlərinin Moskva qorxusu elə həddə çatıb ki, Rusiyanın başını qatmaq imkanı olan regionlarda baş verən hər şəraitdən maksimum yaralanmağa çalışırlar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Litva, Latviya, Estoniya və Polşa Prezidentlərinin Gürcüstana səfər edəcəkləri barədə xarici mətbuatda gedən məlumatı şərh edərkən deyib.

"Gürcüstanın qərbyönlü müxalifətinin yanında olmasına başqa izahat vermək olmaz. Qeyd edilən ölkələr Ukrayna müharibəsində də aktiv tərəfdir. Ukraynaya olan hücumu özlərinə olan hücum kimi qəbul edir, sonrakı hədəfin onlara qarşı olacağı həyəcanını yaşayırlar. Ukrayna xalqının çəkdiyi əziyyətlər isə onlar üçün ikinci dərəcəli məsələdir. Təbii ki, onlar bu yanaşmalarında müəyyən mənada haqlıdırlar. Rusiyanın işğalçı kimliyi qarşısında həmişə tətikdə olmaq lazımdır. Amma son proseslər onu göstərir ki, Ukraynanın ərazi bütövlüyünün qorunması mümkün deyil və Kiyev meydanda tək qoyulur", deyə Azər Qasımov bildirib.
 


Bu baxımdan, həmsöhbətimizə görə, Tiflisə səfər etməyə çalışan ölkə liderləri sonrakı hədəf kimi Gürcüstanı ortaya atmağa çalışılırlar:

"Polşa və Baltik ölkə prezidentlərinin Gürcüstana səfər niyyəti müxalifətə dəstək xarakteri daşısa da, əslində məsələ gürcü müxalifətini daha aqressiv addımlar atmağa ürəkləndirməkdir. Təbii ki, onlar Gürcüstana gəlsələr müxalifətə demokratiya və müstəqil siyasət nağılları ilə ağıl verərək Qərbin onların arxasında olduğunu bəyan edəcəklər".

Ekspert qeyd edir ki, Gürcüstan hakimiyyəti sözügedən ölkələrin liderlərinin Tiflisə gəlişinə əngəl ola bilməyəcək: 

"Gürcüstan hakimiyyətinin onları Gürcüstana buraxması məsələsi maraq doğurur. Məsələ ondadır ki, Gürcüstan hakimiyyəti onlara qarşı hörmətsizlik edə bilməz. Gələnlərin əsas məqsədinin müxalifətə dəstək olduğu bəlli olsa da, hakimiyyətin bu ölkələrin prezidentlərinə qarşı hərəkət etməsi dünya miqyasında "Gürcü arzusu”na qarşı da anoloji hərəkəti başlada bilər. Çünki bu siyasi cəhətdən doğru addım olmaz. Hesab edirəm ki, həmin prezidentlər Gürcüstana gələcək və hakimiyyət nümayəndələri ilə də görüşəcək”. 

Azər Qasımov düşünür ki, bu gəliş və görüş hətta gürcü iqtidarı ilə müxalifət arasında ortaq mövqenin əldə edilməsinə də xidmət edə bilər:

"Bu, eyni zamanda, Gürcüstanın Avropadan tamamilə üz döndərmədiyi mesajı da olacaq. Həm də bu görüş hakimiyyətlə müxalifət arasında ortaq mövqeyə gəlməyə də dəstək ola bilər”. 

Qeyd edək ki, Litva, Latviya və Estoniya prezidentləri Gitanas Nauseda, Edqars Rinkeviç və Alar Karis dekabrda Gürcüstana birgə səfərin mümkünlüyünü müzakirə ediblər. Bu barədə Litva mətbuatı məlumat yayıb. Bildirilib ki, liderlər hələlik konkret qərar qəbul etməsələr də, Polşa prezidenti Andjey Dudanın da səfər proqramında iştirakını müzakirə ediblər. "Bəli, biz dekabrda Gürcüstana səfər etmək imkanını da müzakirə etdik, bu imkan açıqdır və biz bunu Polşa Prezidenti ilə müzakirə edəcəyik", - Gitanas Nauseda bildirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->