Xəbər lenti

Trampın Ukrayna müharibəsinə son qoyması Avropa üçün “çirkin razılaşma” qorxusunu artırır — Reuters
Dünya 20:19 02.12.2025

Trampın Ukrayna müharibəsinə son qoyması Avropa üçün “çirkin razılaşma” qorxusunu artırır — Reuters

ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəni dayandırmaq üçün son təşəbbüsünün necə nəticələnməsindən asılı olmayaraq, Avropa getdikcə daha çox narahat olur ki, gec-tez elə bir razılaşma əldə olunacaq ki, bu razılaşma Rusiyanı nə cəzalandıracaq, nə də zəiflədəcək və bunun nəticəsində qitənin təhlükəsizliyi daha böyük risk altına düşəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

Materialda qeyd olunur ki, nəticədə Avropa özünün ənənəvi NATO müttəfiqi olan Vaşinqtonla Moskva arasında genişlənən iqtisadi tərəfdaşlığı qəbul etməyə məcbur qala bilər. Halbuki Avropa hökumətlərinin əksəriyyəti – və elə NATO-nun özü də – Rusiyanı Avropa təhlükəsizliyi üçün ən böyük təhlükə hesab edir.

Ukraynalılar və avropalılar Vaşinqtonun 28 maddəlik və çoxlarının fikrincə Moskvanın maraqlarına həddindən artıq uyğun gələn atəşkəs planının bir hissəsini bloklaya bilsələr də, "Reuters” yazır ki, istənilən mümkün saziş qitə üçün ciddi risklər daşıyır.

Bununla yanaşı, Avropanın prosesə təsir imkanı məhduddur — xüsusilə də şərtləri diktə etməyə imkan verəcək hərbi gücün olmaması səbəbindən. Bundan başqa, Aİ nümayəndələri həftəsonu Floridada ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən danışıqlarda iştirak etməyiblər və bu səbəbdən ABŞ-ın xüsusi elçisi Stiv Uitkofun bu gün, 2 dekabrda, Putini ziyarət etməsi fonunda Avropa yalnız kənardan izləyə bilir.

Briüssel Geopolitika İnstitutunun rəhbəri Lük van Middelar bildirir:

"Məndə belə təəssürat yaranıb ki, insanlar yavaş-yavaş anlayırlar: gec-tez xoşagəlməz bir razılaşma olacaq. Tramp açıq şəkildə razılaşma istəyir. Avropa üçün ən narahatedici məqam isə odur ki, o, razılaşmanı böyük dövlətlərin məntiqi əsasında görür: ‘Biz – ABŞ, onlar – Rusiya, biz – iki böyük gücük’”.

Avropa rəsmiləri deyirlər ki, Putinin müharibəni dayandırmaq istədiyinə dair heç bir siqnal yoxdur. Lakin əgər Moskva belə addım atsa belə, Ukraynanın ərazi bütövlüyünü nəzərə almayan istənilən saziş Rusiyanı gələcəkdə yenidən hücuma həvəsləndirə bilər.

"Reuters” xatırladır ki, böyük ehtimalla müvəqqəti və ya yekun sülh razılaşması Moskvanın indiyədək işğal etdiyi Ukrayna ərazilərinə nəzarətini saxlamasına imkan verəcək – sərhədlərin rəsmi tanınıb-tanınmamasından asılı olmayaraq. Tramp administrasiyası həmçinin Rusiyanın hələ də tam ələ keçirə bilmədiyi Donbasın qalan hissəsinə dair iddialarını rədd etməyib.

Bununla yanaşı, həm Tramp, həm də digər ABŞ rəsmiləri müharibədən sonra Moskva ilə iri iqtisadi layihələr həyata keçirmək imkanlarını açıq şəkildə vurğulayıblar. Avropa rəsmilərinin sözlərinə görə, Rusiyanın Qərb iqtisadiyyatına reinteqrasiyası Kremlə ordusunu bərpa etmək üçün milyardlarla dollar qazandıracaq.

Bütün bunlara baxmayaraq, Avropa liderləri mümkün sülh razılaşmasına maksimum təsir göstərməyə çalışırlar. Əlavə olaraq, Aİ Ukraynaya 2022-ci ildən bəri 180 milyard avro yardım edib.

Aİ-nin əlinə daha bir güclü rıçaq — dondurulmuş Rusiya aktivləri — keçir. Lakin Aİ liderləri bu aktivlərdən istifadə edərək Ukraynaya 140 milyard avroluq kredit verilməsi planı üzərində hələ də razılığa gələ bilmirlər.

German Marshall Fund ekspertlərindən Klaudiya Meyjor vəziyyəti belə təsvir edir:

"Avropalılar son illərdə hərbi potensiala investisiya qoymadıqlarına görə indi bunun əvəzini ödəyirlər. Onlar danışıqlar masasının arxasında deyil. Çünki – Trampın sözləri ilə desək – onların kartı yoxdur”.

"Bloomberg”in yazdığı kimi, Aİ geosiyasi gücə çevrilə bilmir, çünki bunun üçün göstərməli olduğu sərt güc və siyasi iradə blokun "DNT-sində” yoxdur.
Bloomberg şərhçisi Mark Çempionun fikrincə:

"Əsas məsələ Avropanı — məhz Aİ-ni deyil — diplomatiyanın və sərt gücün lokomotivinə çevirməkdir. Lazım gəldikdə NATO-dan kənarda koalisiyalar yaradılmalıdır”.

"The Guardian” isə yazır ki, Trampın siyasəti fonunda Avropa Rusiya ilə üz-üzə tək qaldığını dərk etməlidir. Nəşr qeyd edir ki, Trampı Rusiyadan uzaqlaşdırmaq mümkün olmur – o, Putinə qarşı simpatiyasına dəfələrlə qayıdır.

"Hər dəfə Avropa Trampı Rusiyanın Avropa və ABŞ təhlükəsizliyini təhdid edən aqressor olduğuna inandırmağa yaxınlaşdığını düşünəndə, Tramp Putinə daha bir şans, "daha iki həftə”, daha bir zəng verir”, – deyə "The Guardian” yazır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->