Xəbər lenti

“Kiyev güzəştə  getməsə, bu baş verəcək” – Ekspert
Dünya 18:50 02.12.2025

“Kiyev güzəştə getməsə, bu baş verəcək” – Ekspert

"Ukrayna güzəştə getməsə, Vladimir Putinin bufer zona yaratmaq ideyası qaçılmaz olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmaq üçün ciddi səylər göstərdiyi bir məqamda Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə sərhəddə bufer zonası yaradılması vacibliyini önə çəkməsini şərh edərkən deyib:

"Vəziyyət son dərəcədə kritikdir. ABŞ Ukraynaya yardımlarda ləngimələrə yol  verir. Fikrimcə, Putinin bufer zona yaratmaq təşəbbüsü qaçılmazdır. Kiyev güzəştə  getməsə, bu da baş verəcək”. 
 


Ekspert Trampın Putini bu məqsəddən çəkindirəcəyini də düşünmür:

"Rusiya-Ukrayna müharibəsilə bağlı ABŞ Prezidenti Donald Tramp sülh göyərçini qismində çıxış edir. Onun əsas məqsədi də  qarşıdurmaya son qoymaqdır. Amma digər  tərəfdən, Rusiya Prezidenti Putin də bufer zonasının yaradılmasını vacib hesab edir.  Aydın məsələdir ki, müharibə edən digər tərəf kimi Rusiya da öz təhlükəsizliyini təmin etmək üçün müəyyən planlara malikdir. Moskvanın bu planları  təbii ki, digər dövlətlərin maraqları ilə üst-üstə düşməyə bilər və düşmür. Amma bununla  belə, Putinin bufer zona yaratmaq niyyətini bəyan etməsi fonunda Trampın bu qərardan əndişələnəcəyi, qəzəblənəcəyini də düşünmürəm. Çünki Trampın Kiyevə sülh məsələsilə bağlı təqdim etdiyi planında Ukraynadan bəzi əraziləri güzəştə getmək tələbi də yer almışdı. Hətta bununla bağlı  Tramp Ukrana Prezidentinə mesaj da göndərib ki, ya mövcud vəziyyətlə razılaşmalı, ya da daha böyük itkilərə hazır olmalıdır. Yəni Trampın Putinin bufer zona  yaratmasına qarşı kəskin mövqe sərgiləyəcəyini, onu bundan çəkindirməyə çalışacağını gözləmirəm”. 

Qeyd edək ki, Rusiya mediasının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə görüşündə "Ukrayna sərhədi boyunca "Sever" qrupunun məsuliyyət zonasında təhlükəsizlik zonası yaratmaq zərurətini" bildirib. Bu isə, mahiyyət etibarilə  Rusiyanın Xarkov, Sumı və Çerniqov vilayətlərindəki sərhəd ərazilərinə nəzarəti  genişləndirmək cəhdi kimi qiymətləndirilməlidir. İndiki halda Kreml Sumı bölgəsinin şimalında kiçik bir əraziyə nəzarət edir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->