Məmməd SÜLEYMANOV
Sənət 11:20 14.05.2020

Çexovun “Qağayı”sı və ya kitab həyata köçəndə...

Məmməd Süleymanov
 
Əgər "Sənət yanğıdır, ehtirasdır” kəlməsinin doğruluğuna sübut istəsəz, Onun həyatı sübutdur.

Və yaradıcılıq, özünütəsdiq üçün xüsusi, komfort şərait tələb edənlərin yalançı arqumentlərini salıb sındırmaq üçün Onun bioqrafiyasını misal çəkmək yetərlidir. Əvvəl-axır, istedad özünü, özünə və özü üçün yaradır. Onun özünütəsdiqi də özünü özünə təsdiqidir, publikaya və çoxluğa yox.

Onu - gəncliyində on milyonların sevimlisi olan Böyük Aktrisanı - sağlığında dəfn edəndə, sınmadı. Təkotaqlı mənzilinin mətbəxini qrim otağına, otağı isə səhnəyə çevirdi. Və düz 22 il öz filmini çəkdi. Heç kəsin xəbəri olmadan.

Kinosunun yeganə aktyoru, rejissoru, operatoru, tənqidçisi və tamaşaçısı oldu.

Yetərdi ki, "Qağayı” ərsəyə gəlsin.

***

20-ci əsrin simvolu sayılacaq şəxsiyyətlərin siyahısını tərtib etməli olsaydım, Çe Gevara və Kamyu ilə başlayacağım o siyahıya mütləq Valentina Karavayevanın adını əlavə edərdim.

20-ci əsr bütün fəlakətlərinə baxmayaraq, şəxsiyyətlər əsri idi. Burada hətta kollektiv səylər tələb edən sahələrdə də Təklər təslim olub kənara çəkilmirdilər. O əsrdə Marina Svetayeva yanğısı, Eqon Şile iradəsi, Vonnequt sarkazmı, Kamyu Qiyamı vardı. Bəlkə də İvan Yefremovun nurlu gələcəyində məhz onlar çox olmalı, çoxluq olmalıydılar. Ancaq əsr çoxlarının qanadını qırdı.

Son 3 nəsil üçün Valentina Karavayevanın adı heç nə demir. O isə SSRİ-ni 20 yaşında fəth etmiş aktrisaydı. Ən gənc Stalin mükafatı laureatı - cəmisi 21 yaşında.

Anton Çexovla "xəstələnmiş” 10 yaşlı uşaq uzun ömrünün sonuna qədər Ədəbiyyatı reallıqla eyniləşdirdi, bəlkə daha yuxarı tutdu. Lev Tolstoy və İbsen onun ömürlük kumirləri oldu. Çexovun "Qağayı”sı - əbədi sevgi, "Qağayı”dakı Nina Zareçnaya isə - etalon və arzu.

Kamyu "Yaradıcılıq reallıq qarşısında Qiyamdır” yazırdı. Bu cəhətdən, Karavayeva etirazı heç vaxt sönməyən Qiyamçıydı.

"Qağayı”nı oxuyanlar Nina Zareçnaya ilə Konstantin Treplyovun əbədi ayrılıq səhnəsində birincinin dilinə böyük Çexovun qoyduğu kəlmələri xatırlarlar, yəqin: "Kostya, bizim işimizdə - fərqi yoxdur, səhnədə oynayırıq, yoxsa yazırıq - mühüm olanı şöhrət və parlaqlıq deyil, mənim arzuladıqlarım deyil, səbr etmək bacarığıdır. Öz yükünü çəkməyi bacar və inan. Mən inanıram və artıq mənə ağrılı deyil, öz vəzifəm haqda düşünəndə artıq həyatdan qorxmuram...”

Çexovun bu sözləri onun həyat devizi oldu: Səbr, inam, vəzifə... İnandı ki, heç bir ehtimalın olmamasına baxmayaraq, səbrlə öz vəzifəsini yerinə yetirəcək - "Qağayı” filmini çəkəcək.

Çəkdi də. Başqaları bundan 1998-ci ilin ilk günlərində 76 yaşlı Valentina Karavayeva tənhalıqda vəfat edəndən sonra xəbər tutdu.

Kamyunun "Sizif haqda əsatiri”ndə necə idi, xatırlayırsızmı? ""Heç nəyin xatirinə" işləmək və yaratmaq, və bilmək ki, sənin yaratdığının gələcəyi yoxdur, gec ya tez o, məhv olacaq və eyni vaxtda da ürəyinin dərinliyində bu yaradıcılığı əsrlərin tikintisindən az əhəmiyyətli saymamaq - budur absurd düşüncənin asan olmayan müdrikliyi...”

***

"Əgər sənə nə vaxtsa mənim həyatım gərək olsa, gəl və onu al”, - Çexovun "Qağayı”sında aktrisa olmaq arzusu ilə yaşayan Nina Zareçnaya sevdiyi insana - yazıçı Boris Triqorinə məktubunda yazırdı.

11 yaşında vərəm xəstəliyindən əziyyət çəkən Valentinaya tibb bacısı oxumaq üçün "Qağayı” kitabını bağışlayır. Qızcığaz əsəri əzbərləyir. Xəyallarında özünü Nina Zareçnayaya bənzədir. Və ömrünü Səhnəyə bağışlayır - "Lazımsa, gəl və onu al”.

Ucqar, balaca bir qəsəbədə 1930-cu ildə bu cür yüksək arzularla yaşamağın özü də qəribə deyilmi? Dövr intibah dövrü idi - təhsil, elm, mədəniyyət, incəsənət kultu. Kitablardan boylanan müsbət qəhrəmanlar reallığa köçürülürdü, nümunəyə çevrilirdi. Ancaq 6 yaşından yetim qalan, 4 uşaqlı ailədə böyüyən yoxsul qızcığaz teatrın olmadığı qəsəbədə olsa-olsa arzularının istisinə qızınaraq, onların gerçəkləşməyəcəyi ilə barışaraq dözməlidir, elə deyilmi? Məntiq bunu deyir. O, məntiqə qalib gəlir.

14 yaşı olanda Valentina birbaşa Kremlə, Stalinə məktub yazır: "Mən tezliklə aktrisa olmaq istəyirəm. Kömək edin”. Az sonra Kremldən cavab gəlir - ona Moskvada, Mosfilmin nəzdindəki Kino məktəbində təhsil almaq təklif olunur (Bu, Sovet tarixində yeganə bənzər fakt deyil. 1943-cü ildə Moskvada "Frezer” zavodunda fəhlə işləyən 16 yaşlı Gena Morqunov Stalinə məktub göndərərək özünün Teatr məktəbinə götürülməsinə köməklik göstərməsini xahiş edir. Stalindən cavab gəlir. Sonunda biz böyük komik Yevgeni Morqunov kimi aktyoru qazanırıq).

Valentina anasından xəbərsiz Moskvaya yollanır, Kino məktəbində ona qalmağa yer və təqaüd ayrılır. 1941-ci ildə isə Yuri Rayzman "Maşenka” filmində onu baş rola çəkir. Rayzman bu rola Orlovanı, Ladıninanı, Serovanı sınamışdı - razı qalmamışdı. Karavayevanı seçdi - film zəfər qazandı. Karavayevanın qəhrəmanı müharibə gedən ölkədə əsgərlərin sevimlisinə çevrildi. Hər kəs sadə, səmimi Maşada evdə qoyub gəldiyi sevgisini görürdü.

Sonra Stalin mükafatı, 1 il sonra isə heç vaxt eyni aktrisanı 2 dəfə filminə dəvət etməyən Rayzman yeni filminə ("Moskvanın səması”) yenə Karavayevanı dəvət edir. Sanki Vısotski sayağı: "Bütün dünya ovcundadır. Sən xoşbəxt və lalsan”.

Ancaq fəlakət baş verir - 1944-cü ildə filmin Alma-Atada çəkilişləri zamanı Karavayevanın olduğu avtomobil yüksək sürətdə tramvayla toqquşur. Sürücü həlak olur, aktrisa ağır halda xəstəxanaya çatdırılır.

Özünə gələndə, həkim ona heç vaxt ana ola bilməyəcəyini deyir. O isə: "Bəs filmə çəkilə biləcəm?”. Cavabında: "Hələ bilinmir. Təkrar əməliyyat lazım”.

Üzündəki sarğılar açılandan sonra o, güzgüdə özünü tanımır - sağ yanağında qulaqdan çənənin altına qədər uzanan kobud, qalın çapıq...

***

Bununla da aktrisa həyatına nöqtə qoymaq olar. Bu üz cizgiləri ilə ona - dünənin qəhrəmanına kim rol verər?!

Teatrda bəzən epizodik rollar oynayır. Ancaq 1945-ci il onun həyatının ən uğurlu ilinə çevrilir. Əvvəla, Böyük Britaniyanın SSRİ-dəki hərbi attaşesi Corc Çapmen ona evlənmək təklif edir ("Maşenka” filmində görüb sevmişdi). İkincisi, Yuri Zavadski teatrda ona ən arzuladığı rolu - "Qağayı”da Ninanı tapşırır.

O dövrün qəzetləri tamaşadan sonra Karavayevanın oyununu "dahiyanə oyun” adlandırır. O, Ninanın rolunu oynamırdı. O, Ninanın özü idi.

Yenə unudulmaq. Çapmen Londona köçməyi təklif edir. Karavayeva yenə Stalinə məktub yazır: "Mən yeni rollar oynamaq istəyi ilə yaşayıram. Üzümdə əməliyyat üçün xaricə getməyimə icazə istəyirəm”. Yenə də Stalindən cavab gəlir - həm də müsbət.

İsveçrədə əməliyyat uğursuz olur. Karavayeva isə zəngin, onu sevən Çapmendən boşanaraq SSRİ-yə qayıtmaq qərarına gəlir. Onu nə var-dövlət, nə səyahətlər, nə də ərinin xahişləri saxlaya bilir. 1950-ci ildə aktrisa Vətənə dönür.

Yenə də Çexov personajı. Həyatın mənası yalnız xoşbəxt olmaqda deyil.

SSRİ-də isə ona uyğun rollar yoxdur - nə kinoda, nə teatrda. Yalnız 1964-cü ildə Erast Qarin onu "Adi möcüzə” filmində Emiliya roluna dəvət edir. Sonra yenə sükut. Karavayeva film dublyajında çalışır, onun səsi ilə Qreta Qarbonun, Bett Devisin qəhrəmanları danışır. Lelyuşun məşhur "Kişi və qadın”ında Anuk Emenin rolunu da Valentina Karavayeva səsləndirir.

Onun isə böyük arzusu var - kinoda Nina Zareçnayanı oynamaq. İllər ötür, aktrisa yaşlaşır, onu daha teatrda da rollara dəvət etmirlər - yalnız dublyaja. Və aktrisa özünə, evinə qapanır, son əşyalarını satıb həvəskar kinokamera, maqnitofon alır. Paltarlarından teatr kostyumları, kağızdan dekorasiyalar düzəldir.

Başlayır "Qağayı”nı çəkməyə...

***

Mənzilində yaratdığı teatrda o, sevimli rollarını oynayır. Rollar çoxdur, aktyor isə bircə - özü.

Onun "Qağayı”nı nə vaxt çəkməyə başladığı dəqiq bilinmir. Ölümündən sonra tapılan və yalnız bir hissəsi bərpa olunan kinolentdə biz aktrisanı müxtəlif yaşlarda görürük. Budur, 60 yaşlı Karavayeva. 65 yaş, 70 yaş, 75 yaş. Elə görünür ki, o, sonuncu gününə qədər rolları oynayır, çəkilişləri aparır, səsləri maqnitofona yazır, özü montaj edir, bəyənmədikdə yenidən çəkir.

O, həm Ninadır, həm Kostya, həm Maşa, həm İrina Arkadina, həm Triqorin... Hamısıdır. Hər biri üçün kostyum hazırlayıb, hər rolu fərqli səslə oynayır.

***

Onun ölümündən uzun müddət xəbər tutmaya bilərdilər - əgər 1998-ci ilin yanvar günlərindən birində mənzilindəki su borusu partlamasaydı.

Qonşuların çağırdığı milislər qapını sındırıb içəri daxil olanda dəhşətli səhnə ilə rastlaşır. Aktrisa bumbuz suyun içində sanki üzür, başının üstündə isə tavandan iplə asılmış, kağızdan, məftildən və quş tükündən düzəldilmiş Qağayı.

Sonra patoloanatomlar müəyyən edəcəkdi - ölüm 1997-ci ilin 25-30 dekabrı arasında baş verib.

Ən böyük tapıntı isə irəlidəydi. Bütün mebelin 1 çarpayıdan və 1 mətbəx stolundan ibarət olduğu mənzildə çoxsaylı teatr kostyumları, kağızlar, həvəskar kinokamera və maqnitofondan əlavə lentlər. Və suyun korladığı lentlərin bir hissəsini bərpa etmək olanda - "Qağayı”nı oynayan aktrisa.

Xoşbəxtliyinin zirvəsində qanadları qırılan aktrisa taleyinə meydan oxuyaraq son gününə qədər sevimli rolunu oynayır. Baxmayaraq ki, seyrçisi yoxdu…