Aqşin YENİSEY
Sənət 10:56 14.11.2022

Folklor - “mədəni ögümə”nin kənd qatığı

1917-ci ildə bir qrup fransız rəssam Parisdə "Azad sənətçilər” adlı bir təşkilat yaratdılar və "Rədd olsun münsiflər, rədd olsun mükafatlar” adlı bir sərgi təşkil etdilər. Bütün ailə üzvləri sənət adamı olan gənc Düşamp da onların arasında idi. Düşamp nə etdi? Evlərinin yaxınlığında məişət əşyaları satılan dükandan bir unitaz aldı, üstünə öz imzasını qoyub sərgiyə yolladı. Bu  "ağlasığmaz əsərinin” də adını "Bulaq” qoydu. Əllərinə keçən, gözlərinə görünən hər şeydə fikir, düşüncə axtaran sərgi sahibləri, əlbəttə, belə bir şey gözləmədiklərindən Düşampın unitazını sənət əsəri kimi qəbul etmədilər. Çünki Düşamp lap ağ eləmişdi! 

Düşamp düşünüldüyü kimi bambılı deyildi, o deyirdi ki, sənət beyinin bizim iradəmizə sifariş verdiyi məhsullardır. Beyin hansı tablonu görmək istəyirsə, rəssama onu çəkdirir, hansı romanı oxumaq istəyirsə, yazıçıya o romanı yazdırır, hansı melodiyaya qulaq asmaq istəyirsə, bəstəkara onu bəstələtdirir. Sənətçi öz beyninin qulluqçusudur. "Mən beynimə öz iradəmin əsərini təqdim edirəm, bu unitazdır!” 

Düşamp və tərəfdarları iddia edirdilər ki, faydasızlığını elan etmiş hər bir şey sənət əsəridir. 

Biz azıxantroplar sənətdən fayda umuruq, bu düşüncə kommunist ideologiyasından yoluxub bizə. Kommunizm sənəti istismar edirdi, onunla kapitalizmin meyarları ilə davranırdı. Düşamp isə sənətdə nəinki fayda, hətta estetika və gözəllik anlayışını da inkar edirdi: 

"Bulaq” (unitaz) əsərimi sərgiyə göndərməklə məqsədim gözəlliyi, yaxud eybəcərliyi ilə diqqətimi çəkməyən bir obyekt seçmək idi. Yəni sənət əsəri deyib baxdığımda bir-birimizə dəxlimizin olmadığı bir şeyi tapmaq!” Düşampa görə, sənət universaldır, onun öz müəllifinə və tamaşaçısına heç bir dəxli yoxdur. Biz olmasaq belə, sənət özü-özünü yaradacaq və yaşadacaq. Düşamp, "Sənəti sənətçinin özündən başqa heç kim qiymətlədirə bilməz” deyəndə artıq biz tərəfdə sovet hökuməti qurulmuşdu və Kommunist partiyası bir ucdan sağ qalmaq üçün bir-birini satan sənətçilərə fəxri adlar paylayırdı. Düşamp heç bir mükafat aimadan öldü, ancaq ölümündən otuz il sonra onun "unitazı” "XX əsrin ən təsirli əsəri” seçildi.

Adətdən qanuna, inamdan bilgiyə, şifahi ədəbiyyatdan yazılı ədəbiyyata, məntiqdən absurda keçmək xalqın milli qüruruna toxunur. Çünki xalq öz milli kimliyini adətində, inancında, folklorunda qaxac edib gələcəyə saxlayır. Gözünü oyduğumuz Salman Rüşdi yazır ki, 1960-70 illərdə Qərbdə tələbələr daha çox hüquqlar, azadlıqlar uğrunda küçələrə axışanda pakistanlı tələbələr daha sərt şəriət, daha çox qadağa tələbi ilə İslamabadı dağıdırdılar. Çünki istənilən yenilik başlanğıcda iyrəncdir. Milli şüur yeniliklərə iyrənə-iyrənə vərdiş verir. İyrənə-iyərənə adətdən qanuna, inamdan bilgiyə, folklordan yazıya keçir. 

Dəvə sidiyini bəh-bəhlə içən əlcəzairlilər Hüqoya "Səfillər"i yazdıran fransız şərabını ilk dəfə içəndə ögüyüb qusurdular. 

Elə Əlcəzair Azadlıq mübarizəsinin ideoloqu, mütəmləkəçilik psixologiyası uzmanı məşhur psixiatr Frans Fanon da ömrünü bu "mədəni ögümə”nin səbəblərini araşdırmağa həsr etdi. 

Fanon deyir ki, xalq əsarətdən çıxdıqda onda əvvəlcə irqi, dini, qəbiləvi, məhəlli kimliklər baş qaldırar və bu başqaldırma milli kimliyə, millətçiliyə qədər davam edir. Fanona görə, müstəmləkə insanında ikinci əsas qabarıq cəhət şiddətə meyillilikdir ki, bu da onun müstəmləkəçilik illərində basdırılmış, yaxud gizlədilmiş öz "mən”ini başqalarına tanıtmaq arzusundan doğur.

Yəni müstəmləkəçilik təzyiqi altında əzilən eqo ilk növbədə daha kəsə yol olan şiddət yoluyla özünü ətrafındakılara hiss etdirmək, yenidən yaratmaq istəyir. 

Bədahətən din, bədahətən siyasət, bədahətən ədəbiyyat bizə də müstəmləkəçilik illərində əzilən "mən”lərimizi daha rahat və daha tez dirçəltmək üçün həmin o şiddət mühitini yaradır. 

Biz adətdən qanuna, inamdan bilgiyə, folklordan yazıya keçid mərhələsində ona görə ilişib qalmışıq ki, özümüzü reallaşdırdığımız, təsdiqlədiyimiz, əzilən "mən”lərimizin qisasını göz qırpımında ala bildiyimiz bu doğma şiddət mühitimizi itirmək istəmirik. 

Buna görə bədahətən yaşayır, bədahətən ölürük!

Aqşin Yenisey