Son 3 ildə Azərbaycanda 200-dən çox kişi həyat yoldaşının soyadını qəbul edib. Ədliyyə Nazirliyinin məlumatına görə, təkcə 2026-cı ilin ilk 3 ayında 6 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını götürüb.
Kişilərin qadınların soyadına keçməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi hallarda bu addımı atan kişilər hətta lağ obyektinə çevrilirlər.
Hüquq müdafiəçisi Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələdə qeyri-adi və ya utancverici heç nə yoxdur:
"Əgər ölkədə gender bərabərliyi qəbul olunursa və qadınların kişinin soyadını götürməsi normal sayılırsa, kişilərin də qadının soyadını daşıması normal qarşılanmalıdır. Bəzi kişilər bunu özlərinə aidiyyət və üstünlük məsələsi kimi qəbul edirlər. Halbuki bu, tamamilə yanlış yanaşmadır".
Sosioloq Mail Yaqub isə qeyd edib ki, bu seçim qanunla qadağan olunmayıb və hər bir insanın şəxsi qərarıdır:
"Bir kişi həyat yoldaşını çox sevdiyi üçün onun soyadını götürə bilər. Bu, şəxsi seçimdir və buna görə kimisə qınamaq düzgün deyil. Ailədə məsuliyyət bölgüsü məsələsi isə başqa mövzudur və bunu soyad məsələsi ilə qarışdırmaq olmaz".
Mütəxəssislərin fikrincə, bu məsələyə münasibət cəmiyyətdə gender rolları ilə bağlı stereotiplərin hələ də güclü olduğunu göstərir.
Bahar Rüstəmli
Şərhlər