Xəbər lenti

Dünya 17:40 09.04.2026

"Meta"dan böyük addım: "Muse Spark"ı təqdim etdi

Texnologiya nəhəngi "Meta" süni intellekt sahəsində rəqabəti gücləndirmək üçün həyata keçirdiyi 14,3 milyard dollarlıq investisiya və yüksək səviyyəli kadr transferlərindən sonra ilk böyük modeli "Muse Spark"ı ictimaiyyətə təqdim edib. Yeni model, elmi, riyazi və tibbi sahələrdə mürəkkəb sualları cavablandırmaq qabiliyyəti ilə əvvəlki texnologiyalardan fərqlənir və "Meta"nın AI bazarında mövqeyini gücləndirməyə yönəlmiş strateji addımı kimi qiymətləndirilir.

Qaynarinfo xəbər verir ki, şirkət çərşənbə günü yayımladığı açıqlamada "Muse Spark"ın kiçik və sürətli dizayna malik olduğunu, eyni zamanda elmi və tibbi məsələlərdə kompleks sualları həll etmək qabiliyyətinə sahib olduğunu bildirib. Model 2025-ci ilin aprelində əqdim olunan "Llama 4" modelinə nisbətən əhəmiyyətli dərəcədə dəyişib.

"Meta"nın qurucusu Mark Zukerberq bildirib ki, şirkət həmçinin "Scale AI"ya 14,3 milyard dollarlıq investisiya yatırıb və Aleksandr Vanqı Meta Superintelligence Labs-in rəhbəri təyin edib. Bundan əlavə, şirkət "OpenAI", "Anthropic" və "Google" kimi rəqiblərdən yüksək səviyyəli mütəxəssisləri transfer edərək kadrlarını genişləndirib.

"Muse Spark", "Meta AI" tətbiqi və internet saytında fəaliyyət göstərəcək və yaxın gələcəkdə "Facebook", "Instagram", "WhatsApp" və "Messenger" platformalarında da istifadə ediləcək. Model həmçinin "Ray-Ban Meta AI" ağıllı eynəklərində ilk dəfə işləyəcək.

Zukerberq süni intellekt agentlərinin yalnız sualları cavablandırmaqla kifayətlənməyib, istifadəçilər üçün tapşırıqları avtomatik icra edən məhsullar yaratmağı hədəflədiyini qeyd edib. Bu agentlər istifadəçi seçimlərinə əsaslanaraq müstəqil şəkildə məlumat toplayır və hərəkət edir.

Qeyd edək ki, "Muse Spark" indiyə qədər yalnız ABŞ-da istifadəyə verilib və əvvəlki açıq mənbə strategiyasından fərqli olaraq, model hələ açıq şəkildə paylaşılmayıb.
 
Günay
--> -->