Xəbər lenti

Fransanın nüfuzuna zərbə haradan vurulur?
Siyasət 21:25 21.11.2020

Fransanın nüfuzuna zərbə haradan vurulur?

Fransa dünyanın heç bir bölgəsində aparıcı gücə malik deyil. Ölkənin nüfuzu əsrlərdən qalma tarixi nailiyyətlərə əsaslanır. Başqa sözlə, Fransa inersiya ilə aparıcılar sırasındadır.

Fransada başqasının kölgəsini özlərininki sayanlar elə hesab edirlər ki, onların irəli sürdükləri qanunazidd ideyalar dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qəbul olunacaq.

Dünyada baş verənlər deməyə əsas verir ki, Fransa tarixi ilə yanaşı, bir də müttəfiqlərinə görə beynəlxalq arenada söz sahibi ola bilir. Ancaq bu ölkədə beynəlxalq normalara qarşı çıxan ideyaları dünyanın aparıcı gücləri qəbul etmir. Daha doğrusu, hələ indiyədək Fransada atılan belə bir addımın beynəlxalq güclər tərəfindən dəstəklənməsi praktikası olmayıb.

Heç belə addımları Fransanın ali icra qurumlarının da həyata keçirdiyinə dair təcrübə, demək olar ki, yoxdur. Rəsmi Paris də ölkədə irəli sürülən yarımçıq və qanunsuz ideyaları həyata keçirməyib.

Son günlər Fransada ermənilərin halına acıyanların sayı sanki artır.

Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağı son həftələr "tərk edənlərin qayıtmasının təmin olunmasının vacibliyini" vurğulayıb. Emmanuel Makron bildirib ki, Paris Qarabağda mədəni və dini irsin qorunmasını UNESCO-nun baş direktoru Odre Azule ilə müzakirə edib.

Makron və ondan əvvəlki prezidentləri indiyədək Qarabağda ermənlərin dağıtdıqları başqa tarixi abidələrə dair bir açıqlama verməyiblər. Elə ki, Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etdi, onda Fransanın da yadına "erməni kilsələri” düşdü. Ancaq heç kimə sirr deyil ki, Qarabağdakı xristian mədəni isrinə məxsus abidələrin erməni etnik qrupuna heç bir aidiyyəti yoxdur.



Bu baxımdan Makrona və belə düşünənlərə Azərbaycanın tarix dərsi keçməsi də zərurətə çevrilir.

Fransa parlamentində isə noyabrın 25-də qondarma qurumun tanınması ilə bağlı qətnamə layihəsinin müzakirə olunacağı gözlənilir. Bu "ideya”nın müəllifləri hesab edir ki, Fransa hakimiyyəti onların təklifinin qəbul etməlidir.

Dünyanın, daha doğrusu, ona aparıcılıq iddiasında olan bir dövlətdə belə ədalətsiz siyasilərin olduğu adamı təəccübləndirir. Düzdür, ölkədə müxtəlif fikirli insanlar ola bilər. Ancaq belə fikirli siyasilərin dövlətin xarici siyasətini müəyyənləşdirməsi çox ziyanlı haldır. Başqa sözlə, Fransanın özünün imza atdığı beynəlxalq hüququ pozacağı inandırıcı görünmür.

Bunun ona çox baha başa gələcəyi də aşkardır. Erməni diasporu və lobbisinin xatirinə, onların əsassız istəklərinə cavab olaraq Fransa hakimiyyətinin öz dövlətinin beynəlxalq nüfuzunu ayaqlar altına atacağı da gözlənilən deyil.



Erməni lobbisi və diaspor nümayəndələri, habelə onları dəstəkləyənlər ümidlərini Fransada keçiriləcək seçkilərə bağlayıblar. Onlar hesab edir ki, bu, hakimiyyətin gələcək taleyinə təsir edə bilər.

Qeyd edək ki, Fransada növbəti prezident seçkisi 2022-ci il aprelin 8 və 23-də, pralament seçkilərinin isə həmin ilin iyununda keçiriləcəyi nəzərdə tutulub.

Hər iki siyasi kampaniyanın keçirilməsinə 2 ilə yaxın müddət var. Bu baxımdan seçkilərin nəticələrinə Azərbaycan və Türkiyə diasporlarının da təsir etməyə zamanı olacaq. Odur ki, ermənilərin və onların Fransadakı havadarlarının seçkilərlə məsələyə təsir etməsi çox da güclü arqument deyil.

Fransa parlamenti ölkədə aparıcı qurumlardan olsa da, onun qəbul etdiyi qərarların heç də hamısı icra olunmur. Ancaq onların qəbul etdikləri qərar və qanunlar Fransa cəmiyyətinin güzgüsü sayılır. Belə çıxır bu ölkənin ictimaiyyəti seçdiyi senatorları yaxşı tanımır.

Senatorlar belə addımları ilə Fransanın gələcəyinə problem yarada bilərlər. Fransada Çin, Rusiya və ərəb diasporu da var. Onda belə çıxır ki, çinli diaspor nümayəndələrinin təzyiqi ilə Fransa Çindəki istənilən bir əyalətin, muxtar rayonların, habelə Ukraynanın şərqindəki Moskvanın dəstəklədiyi qondarma qurumların müstəqilliyini tanıya, yaxud ərəb dövlətlərinin daxili siyasətinə müdaxilə edə bilər.

Təbii ki, Fransa dövləti, hakimiyyəti bu addımı ata bilməz.



Sentyabrda Emmanuel Makron Livana səfər etmişdi. O, bu ərəb ölkəsində Mustafa Adibin baş nazir olmasını dəstəkləmişdi. Ancaq onun Adibinə dəstəyi nəticə vermədi.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutdakı partlayışdan sonra Emmanuel Makron bu ölkəyə iki dəfə səfər etmişdi. Səfərin iki başlıca hədəfi var idi: livanlılar arasında koordinasiyaya yardım və yaranmış siyasi böhrandan çıxış.

Makron livanlıları hədələyərək bildirmişdi ki, onlar Fransanın irəli sürdüyü xətti müdafiə etməsələr, rəsmi Parisdən islahat üçün yardım ala bilməyəcəklər. Nəzərə almaq lazımdır ki, Livandakı xristianlar fransız dillidir. Onlar hakimiyyəti müsəlman ərəblərlə bölür.

Beləliklə, başqa dövlətin işinə müdaxilə Fransa üçün heç də baş ucalığı gətirmir. Əksinə, onusuz da, azalan nüfuzunun düşməsinə səbəb olur. Odur ki, Fransa parlamentinin noyabrın 25-də öz ölkəsinin imicinə ziyan vuracaq addım atmayacağına inam az deyil.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->