Xəbər lenti

İdman 13:59 20.09.2022

Futbol millimizin sabiq üzvü: “Kişi olun, prinsipi bir kənara qoyun…”

Qarşıdan yığmamızın Millətlər Liqasındakı oyunları gəlir. Təbii ki, azərbaycanlı olaraq yığmanın həm Slovakiya, həm də Qazaxıstanla oyunlarda qələbə qazanmasını istəyirik. Ancaq bu, nə dərəcədə real ola bilər? Hazırkı durumda ümidləri puç edən komandamızın sözügedən qarşılaşmalarda qələbə qazanacağı inandırıcı görünmür. Qısası, futbolsevərlərin inamı itib. Elə millimizin sabiq üzvü Kamal Quliyev də hamı kimi bu durumdan narazıdır. Özü də kəskin şəkildə…

Bunu Qaynarinfo-ya müsahibəsində Quliyev özü dedi. De Byazinin rəhbərlik etdiyi yığmanın şanslarını dəyərləndirən məşqçi futbol ictimaiyyətində yığma ilə bağlı müzakirə olunan digər məslələrə də toxundu:

"Qarabağ”ın uğuru futbolumuza bir təkan, stimul, həvəs verdi. Futbolçularda özünəinam yaradıb. "Qarabağ” hər oyun sübut edir ki, istənilən rəqibə qarşı oynamaq olar. Qarşısında hansı Avropa komandası olur-olsun, fərq etməz. Futbolun dili birdir. O dillə oynayır və sübut edir ki, hər rəqibə qarşı oynamaq mümkündür. Komandanın Avropa arenalarındakı uğuru millimizin üzvlərinə ancaq motivasiya verə bilər. Başqa qarışacağı yoxdur. Bu uğur sırf düzgün idarəçiliyin bəhrəsidir. Bunun millimizə heç bir aidiyyatı yoxdur. Heyətdə oynayan "Qarabağ”ın futbolçularının qalib ruhu digər yoldaşlarına da yansıya, onlardan yalnız motivasiya əldə edə bilər. Bu meydanda böyük amillərdəndir ki, futbolçu istənilən rəqibə qarşı oynaya bilsin. Slovakiya və Qazaxıstan bizim üçün keçilməz yığmalardan deyil. Ən azı "Qarabağ”ın göstərdiyi kimi oynasalar, qələbə qazana bilərik. "Nant”la oyunda komandanın göstərdiyi o əzmkarlıq, top uğrunda mübarizə... Vallah, ilk dəfə idi o komandadan belə bir oyun görürdüm. Bu taktikanı yalnız "Barselona”da görmüşdüm, topu itirəndən 3-4 saniyə sonra geri alırdılar”.

- Millimizi Slovakiya və Qazaxısanla müqayisə edək. Gücləri hansı səviyyədədir?

- Əlbəttə, razıyam, Slovakiya səviyyə baxımından üstündür. Ancaq rəqibin fiziki, texniki keyfiyyəti bizdən üstündürsə, o demək deyil ki, qarşılarında əlimizi-qolumuzu sallayıb dayanacağıq. Saydığımız detallarla cavab verəcəyik. Bizim də bir gedişimiz, müxtəlif strategiyalarımız olmalıdır ki, onlardan istifadə edib qələbə qazanaq. Əlbəttə, meydana çıxıb hər kəs öz bildiyini etsə, bu, olmaz ki. Komandanın bir yolu, oyun üslubu olmalıdır. İndi Avropada bir çox klublar və yığmalar 90 dəqiqə ərzində müxtəlif üslublarda oynayırlar, dəyişkən sistemdən yararlanırlar. Görürsən ki, komanda oyun ərzində 3-4 dəfə sistem dəyişikliyi edir. Hansı ki, bundan heç rəqibin də xəbəri olmur. Ən azı iki sistem bilməliyik ki, rəqibin fikrini dağıdaq, onları aldadaq və çaşdıraq.

- Xeyli müddədir Azərbaycanda olan De Byazinin hansısa strategiyasını, sistemini görmüsünüz?

- De Byazidə nə strategiya, nə də hansısa gediş görmüşəm. Bunu açıq şəkildə deyirəm. 

- Hazırkı durumu, Millətlər Liqasındakı vəziyyətimizi nəzərə alsaq, onun millimizin baş məşqçisi kimi fəaliyyətini davam etdirməsi bizə hansısa fayda verə bilər?

- Heç bir faydası yoxdur. De Byazi yaxşı futbolçu, rəhmətlik Karlos Alberto Torres kimi əfasnəvi oyunçu ola bilər. Amma o demək deyil ki, hər yaxşı futbolçu, güclü məşqçi olacaq. Maradona kimi futbolçu məşqçi ola bilmədi. Məşqçilik tam başqadır. De Byazi ilə bizimki tutmaz. Avropa, peşəkarlıq tam başqadır. Bizim o səviyyəyə çatmağımız üçün əsr lazımdır. Bir misal göstərim. Səhv etmirəmsə 2013/14 mövsümü idi, "Neftçi”də işləyirdim. Komandamıza dayaq yarımmüdafiəçisi lazım idi. Adı dəqiq yadımda deyil, səhv etmirəmsə "Hetafe” idi, İspaniya La Liqasında 8-ci yerdə gedirdi. Ayda 7-8 min avro maaş alan bir futbolçuları vardı. Ona ayda 25-30 min dollar maaş təklif etdik, amma "Neftçi”yə gəlmədi. Hansı ki, həmin vaxt komandamızda Flavinyo, Vobay, Kanales, Bertuççi, Mitrrevski vardı, qapıçı Saşa Stamenkoviçin yaxşı vaxtları idi. Yəni həmin futbolçu 7-8 min avronu, peşəkarlığı üstün tutdu və Azərbaycana gəlmədi. 

- De Byazinin vəzifəsində qalmasına ehtiyac var?

- Şəxsi fikrimdir, artıq pullar xərcləyirik. Bilmirəm, o pulları əcnəbilərə, yoxsa "sapı özümüzdən olan baltalar”a xərcləyirlər. Heç olmasa bir yerli mütəxəssis gətirsinlər. Məşqçiləri kurs keçmək üçün Avropaya göndərsinlər. Şamil Heydərov vardı, indi haqq dünyasındadı, Allah rəhmət eləsin. Onu 70 yaşında Avropada kursa göndərmişdilər. Kişi olun, prinsipi bir kənara qoyun, işləmək istəyən məşqçiləri Avropaya göndərin, onlara təcrübə qazandırın. 60-70 yaşında məşqçiləri hara göndərirsən? Gənclərə üstünlük vermək lazımdır. Yəqin ki, onlara elə sərf edir. "Yesinlər”, onsuz da kim "yemir” ki? Ancaq kişilikləri, mənlikləri olsun. Ən azı, gecə yatanda vicdanları qarşısında cavab versinlər. 

- "Qarabağ”ın əsas futbolçularından olan Qara Qarayevin Slovakiya və Qazaxıstanla oyunlara dəvət almamasına münasibətiniz necədir? Qaranın nəyi Eddi İsrafilovdan zəifdir?

- Qarayev bu gün çağırılmırsa, AFFA qarışıq, millinin də ağzına qıfıl vurub atın o tərəfə. Qarayev kimi futbolçu kənarda qalırsa, AFFA-nı ləğv etsinlər, yığmanı da süni meydançada keçirdikləri Bakı çempionatında oynatsınlar. Mən ancaq bunu deyə bilərəm. Başqa nə deyim axı? Məşqçilər Korpusunda oturan məşqçilər hara baxırlar, nəyə nəzarət edirlər? Yalandan komitələr, qurumlar yaradıblar. Haradadı onlar? Niyə hesabat tələb etmirlər? Mən deyərdim ki, Qara "Nant”ı tək məğlub etdi. Demək olar, komandanın bütün hücumlarının qarşısını aldı. Hara baxırdın, Qara orada idi. Zədəsi varsa, buna bir söz deyə bilmərəm. Amma belə deyilsə, kül futbolumuzun başına… Başqa söz tapmıram.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->