XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi
Ölkə16:33 08.10.2026

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi

Oğuz rayonu, Kərimli kəndində yerləşən “Grafinya” ailəvi istirahət mərkəzinin rəhbəri İlham Cəfərov qonşusuna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, İlham Cəfərov qonşusunun uzun müddət ərzində onun və rəhbərlik etdiyi “Grafinya” ailəvi istirahət mərkəzinin fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına, bələdiyyəyə və digər dövlət qurumlarına çoxsaylı müraciətlər etdiyini bildirib.

İddia olunub ki, həmin müraciətlərdə İlham Cəfərovun şəxsiyyəti, şərəf və ləyaqəti, işgüzar nüfuzu və sahibkarlıq fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb. İlham Cəfərov hesab edib ki, qonşusunun təkrar-təkrar etdiyi şikayətlər nəticəsində onun və rəhbərlik etdiyi istirahət mərkəzinin nüfuzuna zərər dəyib.

Bu əsasla o, qonşusunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini və ona 10 min manat mənəvi zərər ödənilməsini tələb edib.

Məhkəmə iclasında qonşu isə ittihamları qəbul etməyib. O bildirib ki, evi “Grafinya” ailəvi istirahət mərkəzinin yaxınlığında yerləşir və obyektdən gələn musiqi səsləri, manqal tüstüsü, eləcə də gecə saatlarında yaranan səs-küy ailəsini narahat edir. Qonşunun sözlərinə görə, 2022-ci ildə istirahət mərkəzində yüksək səslə konsertlər təşkil olunub və əsas şikayətləri də məhz səs-küylə bağlı olub.

İlham Cəfərov isə istirahət mərkəzində qanun pozuntusuna yol verilmədiyini, obyektin qanuni sənədlərinin olduğunu və aparılan yoxlamalar zamanı hər hansı pozuntunun aşkarlanmadığını bildirib. Məhkəmə isə xüsusi ittiham şikayətini icraata qəbul etməyib.

Qərarda qeyd olunub ki, İlham Cəfərovun təqdim etdiyi materiallar qonşusunun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan böhtanın ilkin əlamətlərinin mövcudluğunu təsdiqləmir.

Məhkəmə həmçinin vurğulayıb ki, müxtəlif dövlət orqanlarına, o cümlədən polisə ünvanlanan ərizə və şikayətlərdə məlumatların əks etdirilməsi öz-özlüyündə həmin məlumatların kütləvi şəkildə yayılması kimi qiymətləndirilə bilməz.

Bundan başqa, məhkəmə İlham Cəfərovun şikayətinin Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olmadığını müəyyən edib. Şikayətdə iddia edilən əməlin konkret olaraq nə vaxt törədildiyi, hansı məlumatların hansı tarixdə, harada və necə yayıldığı dəqiq göstərilməyib.

Həmçinin şikayətçi qonşusunun Cinayət Məcəlləsinin 147-ci maddəsinin 147.1 və ya 147.2-ci hissələrindən hansı üzrə məsuliyyətə cəlb edilməsini konkret göstərməyib.

Nəticədə İlham Cəfərovun qonşusuna qarşı verdiyi xüsusi ittiham şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunub.

Aydın