Özbəkistan prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri və Azərbaycanın vahid sənaye və texnoloji zəncirlər yaratmasını, qarşılıqlı ticarətdən son məhsulların birgə istehsalına keçməsini təklif edib.
Onun sözlərinə görə, region ölkələrinin iqtisadi əməkdaşlığı yeni səviyyəyə çıxmalıdır. Bunun üçün qarşılıqlı ticarətin və investisiyaların artımının konkret mexanizmlərini müəyyən etmək lazımdır.
Bəs Özbəkistan prezidentinin təklifi Azərbaycan üçün hansı imkanlar yarada bilər?
İqtisadçı Eldəniz Əmirov Qaynarinfo-ya açıqlamasında bildirib ki, təklifin iqtisadi məntiqi var və onun reallaşması mümkündür:
“Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları bir çox sahələrdə bir-birini tamamlayır. Əsas məsələ hansı ölkənin hansı məhsulu daha ucuz və səmərəli istehsal edə bilməsidir. Məsələn, Özbəkistanın pambıq və tekstil sənayesi, Qazaxıstanın metallurgiya, Azərbaycanın isə neft-kimya və logistika imkanları var. Bu üstünlükləri birləşdirərək birgə istehsal müəssisələri yaratmaq mümkündür”.

İqtisadçı hesab edir ki, belə əməkdaşlıq yeni istehsal müəssisələrinin yaradılmasına və investisiyaların cəlb edilməsinə, yerli müəssisələrin daha böyük bazarlara çıxış imkanlarının genişlənməsinə şərait yarada bilər:
“İqtisadi fayda baxımından üç əsas istiqaməti qeyd etmək olar. Birincisi, yeni istehsal müəssisələrinin açılması və investisiyanın cəlb edilməsidir. İkincisi, yerli müəssisələrin daha böyük bazarlara çıxış imkanlarının yaradılmasıdır. Üçüncüsü isə tranzit daşımalarla paralel olaraq ölkə daxilində əlavə dəyərin, o cümlədən xidmət sektorunda əlavə dəyərin yaradılmasıdır”.
E.Əmirovun sözlərinə görə, birgə istehsalın iqtisadi baxımdan səmərəli olması üçün logistika, gömrük və nəqliyyat xərcləri də nəzərə alınmalıdır:
“İstehsalın müxtəlif ölkələr arasında bölüşdürülməsi əlavə xərc yaradır. Buraya gömrük, logistika və nəqliyyat xərcləri daxildir. Əgər birgə istehsal nəticəsində məhsulun maya dəyəri aşağı düşmürsə, bu iqtisadi model özünü doğrultmayacaq. Əksinə, maya dəyəri aşağı düşür və istehsal prosesində yaranan logistika, gömrük və nəqliyyat xərclərini qarşılayırsa, o zaman bu model özünü doğruldacaq”.
Günay İlqarqızı
Şərhlər