Xəbər lenti

“Güzəştlər edilməlidir” - Ekspertdən banklara çağırış
Ekonomiks 20:19 27.02.2015

“Güzəştlər edilməlidir” - Ekspertdən banklara çağırış

Manatın dollara nisbətən ucuzlaşması ölkənin maliyyə-bank sektoruna təsirsiz qalmayıb. Əksər banklar dollarla verilən kreditlərin ödənilməsində problemlərin yaranacağından narahatdırlar. Əmanətçiləri və banklara kredit borcu olanları da oxşar suallar düşündürür.
Görəsən manat böhranı kommersiya banklarını müflisləşdirə bilərmi? Problemli kreditlərin həcminin artacağı proqnozunun iqtisadi əsası varmı?
 
Musavat.com-un bu suallarını cavablandıran Vüqar Bayramov bildirdi ki, ölkənin maliyyə sektorunun taleyi Mərkəzi Bankın verəcəyi qərarlardan asılıdır: “Manatın məzənnəsinin dollara nisbətən aşağı düşməsi daha çox maliyyə sektoruna təsir edir ki, burada nə baş verəcəyi də Mərkəzi Bankın bundan sonra atacağı addımlardan asılı olacaq. Biz Mərkəzi Banka əmanətlərin identifikasiya edilməsi və dollarla götürülən kreditlərin qaytarılmasında güzəştlər edilməsi, kompensasiya ödənilməsi ilə bağlı təkliflər etmişik. Həm bankların maliyyə vəziyyətinin pisləşməməsi, həm vətəndaşların ödəmə qabiliyyətində çətinlik yaranmaması üçün indiki məqamda bu güzəştlərin edilməsinə ehtiyac var. Hazırda vətəndaşlar bu proseslərinin nəticəsinin necə olacağını və Mərkəzi Bankın hansı qərarı verəcəyini gözləyir”.  

Ekspertin fikrincə, manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsinin hansısa kommersiya bankını müflis edəcəyi ehtimalı real deyil: “Kommersiya banklarının müflisləşmə təhlükəsi yoxdur. Biz kommersiya banklarının kredit portfelinə diqqət yetirsək, görərik ki, bu, milli və xarici valyutalar üzrə yarıbayarı bölünüb. Əgər kommersiya bankları manatla verilən kreditlərdə itirirlərsə, dollarla verilən kreditlərdə artan ödəmələrlə bunu kompensasiya edirlər. Bu baxımdan, bankların müflisləşmə təhlükəsi yoxdur. Banklar praktik olaraq, manatın devalvasiyasına hazırlaşmışdı. Mərkəzi Bank manatın dollara nisbətən ucuzlaşacağı ilə bağlı rəsmi olaraq, məlumat yaymışdı. Bu baxımdan, bütövlükdə kommersiya banklarının əksəriyyəti bu prosesə hazır idi. Ancaq burada əsas çətinlik problemli kreditlərin ödənilməsi ilə bağlı idi. Çünki dollarla götürülən kreditlərin ödənilməsində çətinliklərin olacağı istisna edilmir. Bu kreditlər əgər yeni məcəllə ilə tələb ediləcəksə, onların ödənilməsində problemlər ola bilər. Bu da problemli kreditlərin həcminin artmasına gətirib, çıxara bilər. Ona görə də, indiki məqamda kommersiya bankları dollarla hesablanan kreditlərin ödənilməsini asanlaşdırmaq üçün müqavilə şərtlərinin yüngülləşdirə və ya orta ödəniş məbləği müəyyənləşdirə bilər. Çünki əgər Mərkəzi Bank bu istiqamətdə hər hansı addım atmasa, bu da bankların maliyyə çətinlikləri ilə üzləşməsinə səbəb olacaq”.

Manatın ucuzlaşmasından sonrakı bir həftənin maliyyə durumunu qiymətləndirən Vüqar Bayramov bu sahədə ümumi stabilliyin hökm sürdüyünü qeyd etdi: “Tərəflər Mərkəzi Bankın hansı addım və tövsiyələr verəcəyini gözləyirlər. Bu baxımdan, manatın məzənnəsi ucuzlaşdıqdan sonra maliyyə-bank sektorundakı dəyişikliklər Mərkəzi Bankın bundan sonrakı müdaxiləsindən asılı olacaq”.

Ölkənin ticarət sahəsində baş verənlərə gəlincə, ekspert bildirdi ki, hökumət qiymət artımlarının qarşısını almağa, iş adamları isə qiyməti artırmağa və daha çox qazanmağa çalışır: “Bu prosesdə həm iş adamlarının, həm də istehlakçıların hüquqlarının qorunmasına ehtiyac var. İş adamlarının maraqlarının qorunması ona görə vacibdir ki, onlar fəaliyyətlərini davam etdirə bilsinlər. İstehlakçıların maraqlarının qorunması isə ona görə vacibdir ki, onlar manatın ucuzlaşmasının mənfi təsirlərinə daha az məruz qalsınlar. Ancaq Azərbaycanın məhsul idxal etdiyi əsas tərəfdaş ölkələrin iqtisadi durumuna nəzər salsaq, həmin ölkələrin hamısında yerli valyutaların dəyərinin aşağı düşməsi prosesi gedir. Məsələn, Türkiyənin valyutası 30 faiz dəyərini itirib, Gürcüstanda 41 faiz azalıb, Rusiyada oxşar proses baş verib, Ukraynada yerli valyutanın dəyəri 6 dəfə azalıb. Azərbaycanda isə Mərkəzi Bankın son qərarına qədər manatın məzənnəsi sabit qalmışdı. Bu, o deməkdir ki, həmin məhsulların satışı ilə məşğul olanlar son iki ildə manatın məzənnəsinin stabil qalması ilə böyük məbləğdə gəlir əldə edə biliblər. Çünki Azərbaycanda manat sabit qalıb, idxal məhsulları isə ucuzlaşıb və bununla da iş adamları ikiqat gəlir əldə ediblər. Bu baxımdan, indi iş adamları kəskin qiymət artımına getməməlidirlər. Təbii ki, müəyyən qiymət artımlar baş verə bilər. Ancaq manatın məzənnəsinin 34 faiz aşağı düşməsi o mənaya gəlmir ki, bütün məhsullarda o qədər artım olmalıdır”.


Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->