25 yaşlı müəllim Konnor Rid koronavirusa yoluxmuş ilk britaniyalı idi. O öz gündəliyində xəstəliklə necə mübarizəsi aparmasını ətraflı təsvir edib.
Qaynarinfo "Red Sector”a istinadən xəbər verir ki, Konnor Rid bir il əvvəl ingilis dilini öyrətmək üçün Vuhana gedib. O, koronavirusa ilk yoluxanlardan olub. O, 72 gün ərzində yaşadıqlarını gündəliyinə qeyd edib.
Konnor hələ ötən ilin 25 noyabrından özünü pis hiss etməyə başlayıb. O gündən asqırmağa başlayıb, gözləri qaralıb. Buna baxmayaraq, işdən qalmayıb. O vaxt hələ virus haqqında rəsmi xəbərdarlıq olmayıb.
Bir həftə içində öskürək güclənib, nəfəs darlığı ortaya çıxıb.
"Günorta saatlarında nəfəs ala bilmədiyimi hiss etdim. Həyatım boyu bu cür xəstələnməmişdim. Güclə, lap az-az nəfəs ala bilir, bu vaxt ağciyərlərim kağız torba kimi xışıldayırdı. Normal olmadığını başa düşürəm. Həkim çağırmaq lazımdır, ancaq təcili yardım gəlsə, çağırış üçün pul ödəməli olacağam. Bu, bir dünya pul deməkdir! Mən xəstəyəm, amma yəqin ki, ölmürəm, elə deyil?" - Konnor xəstəliyin ilk dövründə gündəlikdə yazır.
Növbəti həftə britaniyalı müəllim artıq gəzə bilmirdi: bütün bədəni ağrıyır, güclü qızdırması vardı. Hətta adi öskürək də ona dözülməz ağrı verirdi.
"Gözlərim ağrıyır, boğazım od tutub yanır, gözlərim alışır. Soyuqlama ta sinəməcən çatıb, amansız öskürək başlayıb", - deyə Konnor doqquz-onuncu günlərdə vəziyyətini təsvir edir.
11-ci gün özündən qəfil yaxşılaşma hiss edir. Ancaq hələ də güclü tərləyir, başgicəllənmə və zəiflik əl çəkmir.
"Ancaq elə nəsə yaxşılaşdığımı düşünürdüm ki, yenidən işgəncələr geri qayıtdı. Xəstəlik mənə daha çox əziyyət verməyə başladı. Nəfəs ala bilmirəm. Hətta hamama qədər gedə bilmirəm, o dəqiqə nəfəsim kəsilməyə başlayır. Tərləyirəm, yanıram, başım gicəllənir, bədənim tir-tir titrəyir. Sadəcə kabus!” – Konnor qeyd edir.
Konnor 12-ci günə qədər sağalacağını düşünərək xəstəxanalara zəng etmir, kömək istəmir. Nəhayət daşı ətəyindən töküb getdiyi ən yaxın xəstəxanada həkimlər ona "sətəlcəm” diaqnozu qoyurlar. Müəllimə antibiotik təyin edib evə buraxırlar.
"Antibiotik qəbul etmək istəmirəm. Zərər verəcəklərindən qorxuram. Haçansa yenə bərk xəstələnsəm, bu dərmanlara ehtiyacım olsa, onların bir xeyri olmayacaq. Çalışacam ki, xəstəliyi ənənəvi türkəçarəylə aradan qaldırım, onu da bacarsam", - Konnor yazır.
Rid özünü tezliklə sağalacağına inandırmağa başlayır. Xəstəliyin ilk günlərindən etibarən bunun kömək edəcəyinə inanaraq bal və bir damcı viski qatılmış isti su içir.
24-cü gündə Konnor özünü daha yaxşı hiss edir. O vaxt ki, artıq bütün ölkədə fövqəladə vəziyyət elan edilmişdi.
Xəstəliyinin 30-cu günündən sonra virus haqqında şayiələr yayılmağa başlayır ki, bu da sonradan təsdiqlənir.
Müəllim xəstəxanadan bildiriş aldıqdan sonra, yalnız 50-ci gündə koronavirusa yoluxduğunu bilir.
67-ci gün Rid gündəlikdə yazır ki, koronavirusun yayılması bütün dünyada məlum olub. Epidemiyaya baxmayaraq, balıq bazarlarında yarasa və koalalar kimi ekzotik heyvanların satılması xəbəri onu heyrətləndirir.
"Heç vaxt Vuhanda belə şey görməmişdim", - o bildirir.
Koronavirus üzərində tam qələbə barədə qeydi 72-ci günə düşür.
"Nəhayət, özümü yaxşı hiss edirəm", - Konnor gözəl sonluğu qeyd edir.
Şərhlər