İranın paytaxtı Tehranda güclü partlayış səsləri eşidilir.
Qaynarinfo xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, partlayışlar İran paytaxtının bir neçə rayonunda eşidilib, lakin hansı rayonların zərər çəkdiyi dəqiqləşdirilməyib.
İsrail Müdafiə Ordusu mətbuat xidməti bundan əvvəl bildirib ki, İranın mərkəzi hissəsində, Tehranda İranın hərbi infrastrukturuna növbəti zərbə endirib. Qeyd edilib ki, zərbələrin endirilməsinə İsrail Hərbi Hava Qüvvələrinin 80-dən çox qırıcısı cəlb olunub.
Əməliyyat zamanı qırıcılar 230-a yaxın döyüş sursatı ataraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "İmam Hüseyn" adına Mərkəzi Hərbi Universiteti də daxil olmaqla bir neçə hədəfi vurub.
İsrail tərəfinin məlumatına görə, obyekt SEPAH-ın ehtiyat bazası və yığım kompleksi kimi, eləcə də müxtəlif bölmələrin yerləşdirilməsi üçün istifadə olunurdu. "Universitetdə İran rejiminin hərbi qüvvələrinə adi və fövqəladə şəraitdə xidmət edən obyektlər yerləşirdi. Orada raket bölməsinin bunkerləri və İsrail Dövlətinin ərazisinə raketlərin buraxılması üçün nəzərdə tutulmuş buraxılış infrastrukturu olan anbarı var idi", deyə bəyanatda bildirilib.
Bundan əlavə, ballistik raketlərin yeraltı saxlama və istehsal obyektinə zərbə endirilib, İsrail ordusunun məlumatına görə, burada İran silahlı qüvvələrinin yüzlərlə hərbi qulluqçusu olub. Onun ərazisində bunkerlər və komanda mərkəzləri yerləşirdi. Qeyd olunub ki, İsrail qüvvələri ərazisinin atəşə tutulmasını azaltmaq məqsədilə İranın qərb və mərkəzi hissəsinin bir neçə rayonunda raketlərin buraxılış mövqelərinə hücum edib.
ABŞ isə İranın raket infrastrukturunun məhv edilməsinə yönəlmiş "Epik qəzəb" (Epic Fury) hərbi əməliyyatı çərçivəsində ölkədəki obyektlərə indiyə qədərki ən böyük hava zərbələri dalğasını həyata keçirib. Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "Fox Business"in efirində bildirib.
Onun sözlərinə görə, son zərbə dalğası əməliyyat başlayandan bəri ən irimiqyaslısı olub: "Biz İranın raket buraxılış qurğularına və raket istehsal olunan müəssisələrə maksimum zərər vururuq. Biz onların potensialını əhəmiyyətli dərəcədə zəiflədirik. Əməliyyatımız sarsıdıcı xarakter daşıyır".
"Fox News" telekanalının yaydığı məlumatda isə bildirilir ki, ABŞ "USS George H.W. Bush" aviadaşıyıcısının rəhbərlik etdiyi üçüncü aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır. Telekanalın jurnalisti Lukas Tomlinsonun sözlərinə görə, üçüncü təyyarədaşıyan qrup tezliklə Atlantik okeanını keçəcək və İrana qarşı əməliyyata qoşula biləcək.
Qeyd olunub ki, ABŞ-İsrail hərbi əməliyyatının keçirildiyi ərazidə artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" aviadaşıyıcısı var, ikinci aviadaşıyıcı - "USS Gerald R. Ford" isə hazırda Qırmızı dənizdə yerləşir.
Bu arada SEPAH-ın nümayəndəsi Əli Məhəmməd Naini ABŞ-ın strateji əhəmiyyətli su yolu ilə ticarət gəmilərini müşayiət etmək planları fonunda Hörmüz boğazında ABŞ hərbi gəmilərinə zərbələr endirməklə hədələyib.
Onun sözlərinə görə, İran tərəfi Vaşinqtonun davam edən regional münaqişə səbəbindən gəmiçiliyin xeyli çətinləşdiyi Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün hərbi dəniz qüvvələri göndərmək planlarını izləyir: "Biz onları səbirsizliklə gözləyirik".
Həmçinin, İran Hörmüz boğazında "Prima" neft tankerinə hücum edib. Bu barədə SEPAH-ın "Telegram"da dərc olunan bəyanatında deyilir.
Məlumata görə, tanker guya Hörmüz boğazında hərəkət qadağası və təhlükə barədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) xəbərdarlıqlarını nəzərə almadıqdan sonra dronla hücuma məruz qalıb: "Bu gün səhər "Prima" ticarət adı ilə tanınan neft tankeri HDQ-nin Hörmüz boğazında hərəkət qadağası və təhlükə barədə dəfələrlə xəbərdarlıqlarını nəzərə almadıqdan sonra dronla hücuma məruz qalıb".
Şərhlər