"Hazırda Yaxın Şərqin sərhədləri yenidən tərtib edilir. Heç şübhəsiz bu sərhədlər Türkiyə olmadan, xüsusən də Hələb məsələsində, heç bir halda yenidən cızıla bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Rufiz Hafizoğlu hazırda gərgin vəziyyətin yaşandığı Suriyanın Hələb bölgəsinin önəmi barədə danışarkən deyib.
Rufiz Hafizoğlu bildirib ki, Suriya hökuməti ölkədə hər şeyin qaydasında olduğu vizionunu yaratmağa çalışırdı:
"Amma Suriyaya nəzər salanda ölkənin 4 hissəyə bölündüyünü görürük: Rejimin, Suriya müxalifətinin nəzarət etdiyi, habelə ABŞ bazalarının olduğu və PKK-nın Suriya qolu olan PYD/YPG-nin nəzarət etdiyi bölgələr. Suriyada ABŞ-dan başqa İran və Rusiya da var. Amma ABŞ İran və Rusiya ilə düşmən olsa da, məsələ Türkiyəyə toxunduğu halda PYD/YPG onların hamısının ortaq qardaşı olur".
Ekspertin fikrincə, "Hizbullah"ın zəifləməsi və onun Suriyanın Hələb və digər ərazilərindəki qüvvələrinin çıxarılması təbii ki, müxalifəti bir qədər ruhlandırıb:
"Sözsüz ki, burada digər dövlətlərin müdaxiləsi də istisna edilmir. Burada Türkiyəsiz hər hansı bir addım atılmasını da düşünmürəm. Böyük ehtimalla Türkiyənin də müxalifətin irəliləməsində marağı var. Hətta düşünürəm ki, bunu Türkiyə tətikləyib. Bir müddət əvvəl Ərdoğan hakimiyyəti rəsmi Dəməşqə sülh, daha doğrusu qaçqınların qayıtması və dialoqa başlamaq üçün müraciət edib. Əsəd isə uzanan bu əli geri çevirdi və hər hansı bir dialoqu qəbul etmədi. Əsədi ruhlandıranlar isə 3 qüvvə olub. Bunlar PYD/YPG qüvvələri, İran və Rusiya qoşunlarının Suriyada olması amilidir. Belədə Türkiyəyə düşmən olan Suriyadakı bütün qruplaşmalar birləşə bilər".
Həmsöhbətimiz qeyd edib ki, Bəşər Əsəd və ordusu baş verən hadisələrə müdaxilə edə bilmir:
"Ona alternativ olaraq İraq və Əfqanıstandan olan radikal şiə qruplaşmaları bölgəyə cəlb olunacaqlar. Artıq bunun siqnalı verilib. Hələb yaxınlığında yerləşən "Fatimiyun" qruplaşması şəhərin yenidən Əsədin nəzarətinə keçməsi üçün əməliyyata başlayacaq. Yaxın Şərqin paradoksla dolu olmasının göstəricisi odur ki, Qəzzada 50-150 min arası insan ölüb. Suriyada isə 500 min insan Əsəd rejimi tərəfindən öldürülüb. Digər tərəfdən, İran və Əsəd rejimi iddia edir ki, Dəməşq islam müqavimətinin ayrılmaz hissəsidir. Amma İsrail təyyarələri Dəməşqi bombalasa da, Əsəd səsini çıxara bilmir. Amma ölkə daxili müxalifətə qarşı hər hansı bir hərəkətləmə olan kimi, Suriya təyyarələri qalxıb həmin əraziləri bombalayır. Burada qatillərin bir-birindən ədalət tələb etməsi prinsipi olduqca absurd və gülüncdür".
Rufiz Hafizoğlu bildirib ki, Suriya ərazisi İranın nəzarətində olan beynəlxalq narkotik trafikinin əsas və ayrılmaz hissəsinə çevrilib:
"Bəşər Əsədin qardaşı Mahir Əsədin Avropada narkotik və kapdaqon ticarətilə məşğul olduğu ortaya çıxıb".
Qeyd edək ki, son günlər Suriyanın ikinci böyük şəhəri olan Hələb ətrafında vəziyyət gərginləşib. Müxalif qüvvələr Əsəd rejiminin qüvvələrini bu şəhərdən çıxararaq, Hələbə və ətraf ərazilərə nəzarəti ələ keçirib. Hələb şəhərinin mühüm strateji şəhər olduğunu nəzərə alsaq, şəhər uğrunda yaxın zamanlarda daha kəskin savaşın baş qaldıracağı da istisna deyil. Hətta prosesə kənar müdaxilələrin olması da mümkündür.
Rüfət Sultan
Şərhlər