Dünya 17:45 14.02.2024

HƏMAS və İsrail Baydenin təklifinə nə cavab verəcək? (ŞƏRH)

"HƏMAS İsrailə qarşı savaşı dayandırmaq, dinc mübarizəyə keçmək və konsensusa gəlmək üçün müəyyən güzəştlərə hazırdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ prezidenti Co Baydenin İsraillə HƏMAS arasında 6 həftəlik atəşkəs təklifinə münasibət bildirərkən deyib.

Mehman Əliyev qeyd edib ki, HƏMAS əslində atəşkəsə hazırdır:

"İsrail tərəfindən isə bu hələ ki, sezilmir. Problem odur ki, 1 milyondan çox fələstinli qaçqın İsrailin hücum etməyə hazırlaşdığı Rafahda cəmləşib. HƏMAS da İsrail ordusu ilə mübarizədə dinc əhalinin arxasında gizlənmək taktikasından yararlanır. Bu isə İsrail ordusuna müəyyən cətinlik yaradır. Təl-Əviv təklif edib ki, Fələstini tərk edəcəkləri, İsrailə qarşı heç bir hərəkətdə bulunmamaları təqdirdə, onlardan qisas almayacaq. Bu şərtlər qəbul  olunarsa, atəşkəs alınacaq. Qəbul olunmadığı təqdirdə isə müharibə davam edəcək. HƏMAS güzəştlərə getməyə hazırdır. Amma bu məsələ uzun müddətli  danışıqlar tələb edəcək".
 


Həmsöhbətimiz vurğulayıb ki, ABŞ-ın 6 həftəlik atəşkəs təklifi təkcə döyüşlərin müvəqqəti dayandırılması ilə bağlı olan məsələ deyil. 6 həftəlik atəşkəs danışıqlar prosesinə hesablanıb: 

"6 həftəlik atəşkəsin arxasında tərəflər arasında danışıqlar təklifi dayanır. HƏMAS buna hazırdır. İsrail isə hələlik yox. Təl-Əviv HƏMAS qüvvələrinin Fələstini tərk etməsini tələb edir". 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden yaraqlılar tərəfindən əsir götürülən girovların azad edilməsi üçün İsrail və HƏMAS arasında 6 həftəlik atəşkəsin tərəfdarı olduğunu bildirib. İordaniya kralı II Abdullah ilə Ağ Evdə görüşəndən sonra ABŞ prezidenti belə bir fasilənin Qəzzada ən azı 6 həftə ərzində dərhal və uzun müddətli sakitlik dövrü gətirəcəyini söyləyib. "Müqavilələrin əsas elementləri artıq masadadır" deyən Bayden əlavə edib ki, Birləşmiş Ştatlar "onların nəticə verməsinə əmin olmaq üçün əlindən gələni edəcək”. 

Rüfət Sultan