Siyasət 11:52 19.06.2021

İbrahim Rəisinin Azərbaycanla bağlı yadda qaldığı məqam varmı?

"İndiyə kimi İbrahim Rəisi Azərbaycan Respublikası ilə bağlı elə bir ciddi açıqlama verməyib. İbrahim Rəisinin prezident seçilib-seçilməyəcəyindən asılı olmayaraq, İranın xarici siyasətini nə prezident, nə də prezident aparatı müəyyənləşdirir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan İranda prezident seçkilərində üstünlük qazanan Seyyid İbrahim Rəisinin Azərbaycana qarşı mövqeyindən danışarkən deyib. O bildirib ki, İranın xarici siyasətini İranın başında duran ali rəhbər Seyd Əli Xameneyi müəyyənləşdirir:
 
 

"İbrahim Rəisi isə yalnız və yalnız icraedici bir strukturun başında dayanır. Odur ki, İbrahim Rəisinin Azərbaycanla bağlı nə deməsindən asılı olmayaraq, İranın Azərbaycanla bağlı ümumi dövlət siyasəti var. Bundan əvvəlki prezidentlər də Azərbaycanla bağlı nə desələr belə, məsələn, Məhəmməd Xatəmi o vaxt Heydər Əliyevin sağlığında Xəzərə "Mazandaran gölü" demişdi, Heydər Əliyev də onun cavabını vermişdi. Məhəmməd Xatəmi Xəzərə "Mazandaran gölü" deməklə onun adı dəyişmədi. Eləcə də İbrahim Rəisi sabah prezident olarsa, həmin müddətdə Azərbaycanla bağlı nə desə, ancaq öz fikiri hesab olunacaq".

Bahar Rüstəmli