Azərbaycanda icra hakimiyyətlərinin başçıları haqqında mütəmadi olaraq, bir-birindən maraqlı, bəzən inanılması çətin, bəzən təəssüf, bəzən də təəccüb doğuran, cəmiyyətdə gah gülüşlə, gah qəzəblə qarşılanan xəbərlər yayılır.
Son vaxtlar ard-arda bir neçə rayonun icra başçısının əvəzlənməsi isə həm də bu vəzifə sahibləri ilə bağlı uzun illər cəmiyyətdə formalaşan mənfi münasibəti dəyişmək cəhdləri kimi qiymətləndirilə bilər.
Qaynarinfo olaraq, son bir neçə ildə Azərbaycanda icra başçıları ilə bağlı yaşanan maraqlı hadisələrdən ibarət kiçik bir kaleydoskop təqdim etmək qərarına gəldik.
Beləliklə, başlayaq 7 il əvvəldən.
2012-ci ildə Gəncə şəhərində polislə İcra Hakimiyyəti başçısı arasında yaşanan hadisə geniş rezonans doğurmuşdu. Həmin vaxt Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, yol-patrul inspektoru olan Vüqar Sultanov Gəncə şəhərində yerləşən və Xatirə parkı adı ilə tanınan ərazidə təbii ehtiyacını ödəyərkən, onu həmin parkın yerləşdiyi Nizami rayonunun İcra Hakimiyyətinin ovaxtkı başçısı Məharət Mustafayev görüb.
İcra başçısı həmin polis nəfərinə iradını bildirib və ona özünü layiqli aparmalı olduğunu deyib. Polis əməkdaşı M.Mustafayevin iradını özünə təhqir bilib və icra başçısına hücum edib. O, əlinə keçən daşlarla M.Mustafayevi vurub, taxta parçasını götürərək üstünə yeriyib. Yaxınlıqdakı şəxslər polis əməkdaşını çətinliklə də olsa, sakitləşdirə biliblər. İcra başçısı hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxsin cəzalandırılmasını istəyib.
Həmin vaxt Nizami rayon Polis İdarəsindən bildirilib ki, icra başçısının müraciəti əsasında araşdırmalar başlayıb. Məlum olub ki, hadisə baş verən vaxt Vüqar Sultanov məzuniyyətdə olub:
"İcra başçısı əraziyə baxış keçirərkən bir nəfərin qazılmış xəndəkdə ədəbsiz hərəkət etdiyini görüb və yaxınlaşaraq iradını bildirib. Bu zaman həmin şəxslə birgə olan yol patrul inspektoru Vüqar Sultanov onlara yaxınlaşıb. O, icra başçısını tanıyıb və anlaşılmazlığa görə üzrxahlıq etmək istəyib. Məharət müəllim isə ona iradını bildirib. V.Sultanov iradları qəbul etməyib, nalayiq ifadələr işlədib. Buna görə də icra başçısı məsələ ilə bağlı müraciət edib. Hadisə vaxtı hər hansı xəsarət qeydə alınmayıb, söyüş-təhqiramiz ifadələr işlədilib”.
O da bildirilib ki, faktla bağlı toplanmış materiallar prokurorluğa göndərilib və araşdırma prokurorluqda aparılacaq.
2016-cı ildə Cəbrayıl rayon İcra Hakimiyyətinin həmin vaxtkı başçısı Mahmud Quliyevin başına arzuedilməz hadisə gəlmişdi. Belə ki, onun sosial şəbəkədə yayılmış videosunda görüş keçirdiyi məcburi köçkünlərin ünvanına söyüş söydüyü məlum olurdu.
Bu hadisədən bir müddət sonra postu ilə vidalaşmalı olan Quliyev məlum videodakı təhqiramiz ifadələrinə isə çox gülməli şəkildə bəraət qazandırmağa çalışmışdı. Məsələn, bir açıqlamasında demişdi: "Mən ora getmişdim, amma bilmirəm ki, orda kim qışqırır, kim-kimi söyür. Orda elə bir söyüş də olmayıb. Bir dənə "köpəkoğlu” sözü deyilib, vəssəlam. Öz qohumlarıma demişəm ki, "axmaq, köpəkoğlu, burda nə axtarırsan?” Öz qohumlarımdı, ərk edib demişəm...”
Başqa bir açıqlamasında isə Mahmud müəllim bildirmişdi: "Mən heç kəsi söyməmişəm. Söyüş odur ki, kiminsə anasını, dədəsini söyərlər. O videoda söyüş var? Mən orada "rədd ol” ifadəsi işlətmişəm. "Rədd ol" söyüşdür?”
Təzəlikcə isə Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı yenisabah.az-a müsahibəsində maraqlı fakt açıqlamışdı. AVP sədri bildirmişdi ki, 4-5 il əvvəl ölkə başçısı İlham Əliyevin keçirdiyi müşavirədə icra başçılarından birinin ürəyi gedib. Lakin o, ad çəkməyib.
"Mənin yadıma gəlir ki, 4-5 il əvvəl ölkə başçısı Biznes Mərkəzində keçirdiyi müşavirədə icra başçılarını çox ciddi şəkildə tənqid etmişdi. Eyni zamanda onlara sərt xəbərdarlıq olunmuşdu. O zaman müşavirədə iştirak edənlərdən bəzilərinin söylədiklərindən, mediada gedən xəbərlərdən aydın olurdu ki, hətta həmin müşavirədə icra başçılarından birinin ürəyi gedib”, deyə Fəzail Ağamalı bidirib.
Deyilənə görə, söhbət Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevdən gedir. Sözügedən müşavirə isə 2013-cü ilin fevralında keçirilib. İddiaya görə, ölkə başçısının tənqidlərindən sonra E.Vəliyevin burnundan qan açılıb və o özündən gedib. Hadisə yerinə təcili yardım çağırılıb.
İllər öncə, daha dəqiq desək, 2016-cı ilin yanvar ayının əvvəlində isə o vaxtlar Yardımlı İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun başına qəribə əhvalat gəlib: həmin vaxt Hətəmov Yessentuki kurortlarından birində istirahətdəymiş, bu zaman bəzi rayonlarda ard-arda etiraz aksiyaları keçirilirdi. Belə bir vaxtda S.Hətəmova Yardımlı İcra Hakimiyyətindən zəng edib Bakıdan, Prezident Administrasiyasından onu axtardıqlarını, təcili rayona qayıtmalı olduğunu deyiblər. Kefi təlx olan başçı Bakıya aviabilet axtarışına çıxıb. Məlum olub ki, yaxın bir neçə gün bayram və istirahət günlərinə təsadüf etdiyindən aviareyslər yoxdur. Odur ki, naəlac qalan Sevindik Hətəmov sevinə-sevinə getdiyi Yessentukidən Bakıya taksi ilə qayıtmalı olub.
Aydın
Şərhlər