Siyasət 15:59 23.05.2022

İlham Əliyev Şarl Mişel ilə təkbətək görüşdə nəyi müzakirə edib? - Ekspert

Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbyacan Prezidenti İlham Əliyev arasında təkbətək  görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan Prezidenti Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Dövlət başçısı həmçinin iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, rəsmi Bakının aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd edib. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyi bir daha vurğulayıb.

Ölkə lideri 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini də qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Aİ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edərək, vasitəçilik səylərini davam etdirəcəyini bildirib. O, həmçinin, bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub.

Görüş barədə təəssüratlarını Qaynarinfo-ya bölüşən politoloq Nəsimi Məmmədli düşünür ki, Aİ-nin Azərbaycanla münasibətləri yüksək səviyyədə olmasa, digər Cənubi Qafqaz ölkələrinin Avroatlantik məkana inteqrasiyası istiqamətində problemlər yaşanacaq:
 
"Avropa İttifaqı ilə Azərbaycan arasında müzakirə ediləcək ikitərəfli mövzular təbii ki, kifayət qədərdir. Bunlar həm ticarət münasibətləri, Cənubi Qafqazda sülhün bərqərar olması, həm də Azərbaycanın Aİ məkanına inteqrasiyası ilə bağlı məsələlərdir. Azərbaycan 1996-cı ildən qurumla tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalayıb. O zaman üzərimizə müəyyən öhdəliklər də götürmüşük. Bu mənada həmin öhdəliklərin müzakirə olunası icrası məsələləri var. Xüsusən də, Rusiyanın bölgədə mövqeyinin getdikcə zəifləməsilə Avropa İttifaqı daha çox siyasi baxımdan çalışır ki, burada öz mövqeyini möhkəmləndirsin. Bu məsələdə də Azərbaycan həlledici mövqedə olan dövlətdir. Azərbaycan birmənalı şəkildə Cənubi Qafqazın əsas dövlətidir. Ona görə də Şarl Mişellə İlham Əliyev arasında ikitərəfli görüşü müsbət hadisə olmaqla yanaşı, Azərbaycanın maraqlarına cavab verir”.

Rüfət Sultan