XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Hatay Üsulu"nun kuryeri həbs edildi: Piyadanı vurdu, dostunun telefonunu zorla aldı
Ölkə16:21 15.09.2026

"Hatay Üsulu"nun kuryeri həbs edildi: Piyadanı vurdu, dostunun telefonunu zorla aldı

Bakıda fəaliyyət göstərən “Hatay Üsulu” restoranının kuryeri həbs edilib.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs bir neçə cinayət əməlində təqsirli bilinib. O, mopedlə piyadanı vuraraq ona az ağır xəsarət yetirməkdə, tanışının mobil telefonunu zor tətbiq etməklə götürərək soyğunçuluq etməkdə, həmçinin qanunsuz olaraq narkotik və psixotrop maddə saxlamaqda ittiham olunub.

Piyadanı mopedlə vurub

İş üzrə ən ciddi epizodlardan biri yol-nəqliyyat hadisəsi ilə bağlıdır.

İttihama əsasən, təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Tufan CUB50S” markalı mopedlə velosiped zolağında əks istiqamətdə hərəkət edib. Onun sürəti saatda təxminən 40 kilometr olub.

Bu zaman yolu keçən piyadanı mopedin ön hissəsi ilə vurub. Zərbədən piyada yerə yıxılıb və müxtəlif xəsarətlər alıb.

Zərərçəkmiş şəxsin qarın divarında əzilmə, baş və döş qəfəsində səthi travmalar, baldır nahiyəsində çoxsaylı sınıqlar yaranıb. Bundan başqa, onun sol qamış sümüyünə metal lövhə ilə osteosintez əməliyyatı aparılıb.

Ekspertiza rəyinə əsasən, xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan az ağır zərər kimi qiymətləndirilib.

Zərərçəkmiş şəxsin sözlərinə görə, qəza baş verəndən sonra mopedin sürücüsü dayanmayaraq hadisə yerini tərk edib. Hadisə yerində olan şəxslər təcili tibbi yardıma məlumat verib və yaralı xəstəxanaya aparılıb.

Tanışının telefonunu zorla götürüb

Təqsirləndirilən şəxsin digər cinayət əməli isə tanışının evində baş verib.

İttihama görə, o, tanışı olan zərərçəkmiş şəxsin evinə gedərək ondan narkotik vasitə tapmasını tələb edib. Qarşı tərəf narkotik maddəsinin olmadığını deyəndə təqsirləndirilən şəxs mobil telefonunu istəyib.

Telefonu vermədikdə isə masanın üzərində olan 150 manat dəyərində “Samsung A22” markalı mobil telefonu götürüb.

Zərərçəkmiş şəxs telefonu geri tələb etsə də, təqsirləndirilən şəxs onu qaytarmayıb və evdən çıxmağa çalışıb. Telefonu geri almaq istəyən tanışına isə yumruqla zərbələr endirib.

Məhkəmə materiallarına əsasən, zərərçəkmiş şəxsin sifət nahiyəsinə iki dəfə yumruq vurulub. Nəticədə onun üst dodağının selikli qişasında səthi əzilmiş yara yaranıb.

Bundan sonra təqsirləndirilən şəxs telefonu özü ilə götürərək hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmiş şəxs məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslə uşaqlıq dostu olub. Onun sözlərinə görə, təqsirləndirilən şəxs əvvəlcə telefondan istifadə etmək üçün cihazı istəyib, daha sonra telefonu götürərək gedib.

Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş ziyanın isə ödənildiyini bildirib.

Üzərindən narkotik vasitələr aşkarlanıb

Təqsirləndirilən şəxsin üzərində aparılan axtarışlar zamanı müxtəlif vaxtlarda metamfetamin və heroin aşkarlanıb.

İş materiallarına əsasən, ondan 0,162 qram metamfetamin və 0,109 qram heroin, daha sonra isə 0,436 qram metamfetamin götürülüb.

Təqsirləndirilən şəxs məhkəmədə narkotik vasitələrdən istifadə etdiyini bildirib və maddələri polis əməkdaşlarına könüllü təqdim etdiyini deyib.

Məhkəmənin hökmü

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etmə, saxlama və daşıma) və 267.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə təqsirli bilib.

Ona 180.2.4-cü maddə ilə 3 il, 234.1-ci maddə ilə 9 ay, 267.1-ci maddə ilə isə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzalar qismən toplandıqdan sonra təqsirləndirilən şəxsə qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun əvvəlki tutulma müddətləri də nəzərə alınaraq, qalan cəza müddəti 3 il 11 ay 26 gün müəyyən edilib.

Seyid