“İnformasiya müharibəsinin hədəfi depressiya və ümidsizlik yaratmaqdır” - Çağırış

“İnformasiya müharibəsinin hədəfi depressiya və ümidsizlik yaratmaqdır” - Çağırış

"Bildiyiniz kimi, bu gün gecə saatlarından başlayaraq, düşmən yeni təxribatlara əl atıb və vəziyyəti gərginləşdirib. Şəhidimiz var! Heç şübhəsiz ki, Vətənimizin keşiyində duran Ordumuz düşmənə layiqli cavab verib. Və bundan sonra da verəcək! Lakin dəfələrlə qeyd etdiyim kimi, müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır”.

Sfera.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, düşmənlərimiz (və yalnız ermənilər deyil) müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə, vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa çalışırlar:

"Onlar test etməyə səy göstərir, bilgi almaq istəyirlər. Bu baxımdan edilən hər paylaşıma diqqət etməliyik. Dəfələrlə qeyd etmişik: İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber-hücumlar deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni də nəzərdə tutur. İnformasiya müharibəsi beyinlərə yönəlik həmlədir. Hədəfi çaşqınlıq, inamsızlıq, depressiya və ümidsizlik yaratmaqdır. Azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər erməni səhifələri, profilləri var. Bu səbəbdən, hər birimiz diqqətli olmalıyıq. Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik”.

V. Zifəroğlu yaşından, ixtisasından, dünya görüşü və bilik səviyyəsindən asılı olmayaraq, hər kəsə çağırış edib:

"Bizim hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq, məhz bu prinsiplərdən çıxış etməliyik”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR