Alovu idarə etmək bacarığı insanı meymunlardan fərqləndirir və mədəniyyətimizin, eləcə də bioloji təkamülümüzün əsasını təşkil edir. Lakin yeni araşdırmaya görə, qədim əcdadlarımızın od nəticəsində aldığı yanıq xəsarətləri insanın immun sisteminin formalaşmasına birbaşa təsir göstərmiş ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience” yazır.
Araşdırmanın müəllifi, doktor Coşua Kaddixi bildirir ki, odla münasibət insan həyatına dərin şəkildə sirayət edib: isti yeməyə üstünlük verilməsindən tutmuş mayelərin qaynadılmasına və müasir texnologiyalara qədər.
"Bu səbəbdən, digər bütün canlı növlərdən fərqli olaraq, insanların əksəriyyəti həyatları boyunca dəfələrlə yanıq alır. Bu qanunauyğunluq, çox güman ki, bir milyon ildən də əvvələ – odun ilk dəfə istifadə edildiyi dövrlərə gedib çıxır”, deyə Kaddixi qeyd edir.
Tədqiqatçılar vurğulayır ki, insan immun sistemi yanıq xəsarətlərinə kəsiklər kimi digər travmalardan tamamilə fərqli reaksiya verir.
Belə ki, yanıq zamanı "gücləndirilmiş iltihabi faza” işə düşür və sitokin adlanan iltihabəleyhinə markerlər ifraz olunur. Bu reaksiya zəruridir, çünki od dərini kəsiklərdən daha ağır zədələyir və infeksiya riskini kəskin artırır. Güclü immun cavab olmasa, hətta kiçik yanıq xəsarətləri belə həyati təhlükə yarada bilər.
Bu səbəbdən alimlər hesab edirlər ki, yanıq nəticəsində yaranan travmalar bu cür immun reaksiyaların təkamülünə təkan verib. Çünki növümüzün sağ qalması tez-tez baş verən yanıq xəsarətlərinin sağaldılmasından asılı olub.
Araşdırma çərçivəsində alimlər yanmış və yanmamış dəri nümunələrini müqayisə ediblər və yüksək temperaturun yaratdığı zədələnməyə cavab olaraq aktivləşən 94 müxtəlif gen müəyyən ediblər. Daha sonra bu genlər şimpanze, qorilla, oranqutan və makaka genləri ilə müqayisə edilib.
Nəticədə məlum olub ki, bu genlərdən azı doqquzu, bəlkə də 19-u insanda sürətlənmiş təkamül əlamətləri göstərir. Onların arasında dərinin çapıq əmələ gətirməyə meylliliyini artıran genlər, eləcə də yeni yanmış dəri sahələrində ağrıya həssaslığı yüksəldən genlər var. Bu isə insanı zədələnmiş nahiyələri qorumağa və onların vəziyyətini pisləşdirməməyə vadar edir.
"Bizim tədqiqat göstərir ki, təbii seçmə daha çox rast gəlinən, nisbətən yüngül yanıq xəsarətlərindən sonra sağ qalmanı artıran xüsusiyyətləri dəstəkləyib”, deyə Kaddixi bildirir.
Onun sözlərinə görə, bu adaptasiyalar eyni zamanda təkamül kompromisləri ilə müşayiət olunub və bu da insanların ağır yanıq fəsadlarına qarşı niyə hələ də həssas olduğunu izah edir.
Araşdırmanın digər müəllifi, professor Arman Lerua isə qeyd edib ki, yanıq xüsusiyyətlərinə görə seçmə nəzəriyyəsi təbii seçmənin yeni, üstəlik mədəniyyətdən asılı bir formasıdır.
Qeyd edək ki, bundan əvvəl alimlər insan əcdadının təxminən 7 milyon il əvvəl iki ayaq üzərində yeridiyini sübut edən dəlillər də aşkar etmişdilər ki, bu da əvvəlki elmi qənaətlərdən xeyli daha erkən dövrə təsadüf edir.
Aydın
Şərhlər