"İran müharibədən yayınmaq strategiyasına üstünlük verir. Tehran əsasən muzdlu, proksi və terrorçu qüvvələr vasitəsilə müharibələri aparır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İranın Ali dini lideri Xameneinin ABŞ-la birbaşa hərbi toqquşmadan çəkinməklə bağlı göstəriş verdiyi barədə yayılan məlumatı şərh edərkən deyib.
Politoloq bildirib ki, İraq, Suriya və Yəməndə özünün geosiyasi maraqlarını təmin etmək üçün İran məhz bu cür siyasətə üstünlük verir:
"Düşünür ki, bu, ona müəyyən mənada birbaşa müharibədən kənarda durmaqla yanaşı, həm də düşmənə istədikləri səviyyədə zərər yetirməyə imkan verir. İsrail-HƏMAS müharibəsinə də İran birbaşa deyil, məhz özünə sadiq terrorçu qüvvələrlə qoşulur. Onların vasitəsilə Tehran Livandan, Suriyadan İsrailə ara-sıra zərbələr endirir, husilər vasitəsilə isə Qırmızı dənizdə gəmilərin sərbəst hərəkətinə əngəl olmağa çalışır. İordaniyadakı ABŞ bazasına hücum isə səbr kasasını daşırtdı. Seçki öncəsi ABŞ ictimaiyyəti, Konqresdəki hər iki partiya nümayəndələri arasında İrana ciddi cavab zərbəsi vurulmasının vacibliyi önə çəkildi. Nəticədə, Tehran rejimi ABŞ-ın ciddiliyini anladı. Bu xüsusda İran ehtiyat edir ki, proksi qüvvələrin Amerika mövqelərinə yeni zərbələr endirməsi ABŞ-ın koalisiya qüvvələrilə birlikdə birbaşa olaraq İranın bütün strateji obyektlərinin bombalanması və darmadağın edilməsinə gətirib çıxara bilər. Bu xüsusda hərbi sənaye müəssisələri və neft obyektləri hədəf ola bilər ki, onun baş verməsi İran iqtisadiyyatına böyük zərbə olacaq".
Ekspert deyib ki, ABŞ-la İran arasında görünməyən anlaşma da var. Onlar heç zaman üz-üzə gəlmək siyasəti yürütmür:
"Çünki Vaşinqton İranla birbaşa müharibəyə girib, onu tamamilə çökdürmək fikrində deyil. Xamenei də bu xüsusda anlayır ki, Tehrana qarşı konkret hansısa hərbi hava əməliyyatı keçirilərsə, bu qısa müddətdə İran iqtisadiyyatını darmadağın edəcək. Ona görə də Tehran ABŞ-la birbaşa savaşdan çəkinir. Düşünürəm ki, görünməyən əllər vasitəsilə ABŞ-a müəyyən digər mesajlar da ötürülüb. Vaşinqtona çatdırılıb ki, İranın proksi qüvvələri bir daha ABŞ bazalarına hücum etməyəcək. Ona görə də ABŞ-ın hücumları yalnız İranın bir sıra bölgələrdəki proksi qüvvələrinə qarşı olacaq”.
Qeyd edək ki, Amerika mətbuatı İranın Ali dini lideri Xameneinin ABŞ-la birbaşa hərbi toqquşmadan çəkinməklə bağlı göstəriş verdiyini yazıb. Məlumata görə, o, həmçinin iranlılara amerika əsgərlərinin ölümündə əli olan qrupların hərəkətlərindən məsafə saxlamağı əmr edib.
Rüfət Sultan
Şərhlər