İranın cənub-şərqindəki Sistan-Bəlucistan ostanında baş verən terror aktı nəticəsində həlak olan 27 İslam İnqilab Keşikçiləri Ordusu əsgəri dəfn olunub.
Qaynarinfo xəbər verir ki, İsfahan şəhərində keçirilən vida mərasimində İslam İnqilab Keşikçiləri Ordusu komandanı general Məhəmməd Əli Cəfəri və Quru Qoşunları komandanı Məhəmməd Pakpur, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə ABŞ prezidenti Donald Trampın əleyhinə şüarlar səsləndirilib və intiqam andı içilib.
İran dövlət televiziyasının məlumatına görə, vida mərasimində çıxış edən Məhəmməd Əli Cəfəri intiqam üçün ölkə prezidenti Həsən Ruhanidən icazə istəyib: "İntiqam əməliyyatları üçün prezidentdən icazə istəyirik. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən intiqam alacağıq".
Məhəmməd Əli Cəfəri hər iki ölkənin xüsusi xidmət orqanlarının İran-Pakistan sərhəddində təxribat fəaliyyəti ilə məşğul olduğunu bildirib. Pakistanı da ittiham edən komandan İranda fəaliyyət göstərən radikal təşkilatların bu ölkə tərəfindən dəstəkləndiyini qeyd edib.
İranın dini lideri Ayətullah Əli Xameneinin müşaviri Yahya Rahim Səfəvi də terroak aktına görə Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini ittiham edib. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşən terrorçuların Pakistanın xüsusi xidmət orqanınında (ISI) təlim keçdiyini bildirən Səfəvi "Pakistan hökuməti və xüsusi xidmət orqanları bu terror aktına görə cavab verməlidi. Biz Pakistanla yaxşı münasibətlər qurmaq istəyirik. Amma bölgədəki təlükəsizlik problemləri Varşava konfransına toplaşan amerikalılar və sionistlərin maraqlarına xidmət edir" deyib.
Qeyd edək ki, İranın cənub-şərqindəki Sistan-Bəlucistan ostanına bağlı Zahidan şəhərində baş verən terror aktı zamanı 27 əsgər həlak olub. Terror aktına görə "Ceyşu'l Adl" təşkilatı məsuliyyəti üzərinə götürüb.
İrandakı sünni Bəluc xalqının haqqlarını qoruduğunu klan edən təşkilat 2003-cü ildən hərbçiləri hədəfə alan "Cundullah" adı ilə yaradılıb. "Cundullah"ın lideri Əbdülməlik Riqi 2010-cu ildə yaxalanaraq edam edilmişdi. 2012-ci ildə təşkilat adını "Ceyhu'l Adl" olaraq dəyişib.
Şərhlər