Xəbər lenti

İran Rusiya və Ukraynanı barışdıra biləcəkmi? (ŞƏRH)
Dünya 17:52 11.07.2024

İran Rusiya və Ukraynanı barışdıra biləcəkmi? (ŞƏRH)

"İranın Moskva ilə Kiyev arasında vasitəçilik missiyası mümkünsüzdür. Vasitəçilik missiyasını yerinə yetirən tərəf obyektiv və tərəfsiz olmalıdır ki, bunlar da İranda yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Kremlin Ukrayna ilə müharibədə vasitəçilik rolunda İranı görməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, bu müharibədə İran birmənalı olaraq Rusiyanın yanında olub və olmaqda davam edir:

"İran müxtəlif səviyyələrdə Moskvanın mövqeyini müdafiə edir. Ona texnoloji və hərbi dəstək verir. Bəzən də Tehran dekorativ xarakterli sülhə çağırışlar edib. İran həmçinin Rusiyanın yaratdığı koalisiyada təmsil olunur. Bu halda İranın Moskva ilə Kiyev arasında vasitəçilik missiyası mümkünsüz və nonsensdir. Vasitəçilik missiyası üçün obyektivlik, tərəfsizlik meyarları olmalıdır. Bu fonda İranın prosesdə hansısa vasitəçiliyindən söhbət belə gedə bilməz. İranın vasitəçiliyi Kiyev və Qərb tərəfindən qətiyyən qəbul edilməyəcək".



Həmsöhbətimizin fikrincə, Putin sadəcə, Tehran onun yaratdığı koalisiyada yer aldığına görə İranın vasitəçiliyindən danışır:

"Bu da onu göstərir ki, Putin hətta Türkiyənin vasitəçiliyini belə tərəddüdlə qarşılayır. Peskov da prosesdə Ankaranın iştirakını mümkünsüz hesab  edib. Halbuki Türkiyə bir neçə örnək addımı ilə vicdanlı, tərəfsiz vasitəçi olduğunu təsdiqləyib". 

Ekspert qeyd edib ki, Rusiya taqətdən salınmayınca, sülh masası ətrafında oturmayacaq:

"İndiki halda müharibə eskalasiya mərhələsindədir, danışıqlar fazası üçün şərait yaranmayıb. Bu şəraitin olması üçün Rusiya taqətdən salınmalıdır. Bunun  üçün də Qərb Ukraynaya daha çevik, daha sistemli dəstək verməlidir".

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvanın Ukrayna ilə bağlı İranın vasitəçiliyini nəzərdən keçirməyə hazır  olduğunu bildirib. O, qeyd edib ki, belə bir müraciət daxil olarsa, Rusiya İranı Ukrayna ilə bağlı vasitəçi kimi nəzərdən keçirməyə hazırdır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->