Siyasət 18:18 21.01.2022

İrandan Rusiyaya təklif: Ekspert bunun nəticə verməyəcəyini deyir

"İranın ixrac imkanlarında çox böyük məhdudiyyətlər var. Belə olan təqdirdə İran Rusiya Federasiyası ilə neft və yaxud qaz sayəsində necə əməkdaşlıq edəcək? Bu, olduqca müəmmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev İranın Moskvaya Rusiya qazının öz ərazisindən tədarükü ilə bağlı təklifini şərh edərkən deyib. Onun sözlərinə görə, İran Pakistana, Hindistana, İraqa, Türkiyəyə də lazımı həcmlərdə qaz tədarük imkanlarından məhrum olub:

"Bilirsiniz ki, Pakistanla da müqavilə var - Sülh kəməri. O kəmər Pakistanla sərhədə kimi çəkilib. Pakistan ərazisində kəmərin davamı Pakistan dövlətinin özünün öhdəliyinə düşür. Lakin hətta bu kəmər belə hazır olsa, İran İslam Respublikasının qaz sənayesi hazırda yaşadığı böhranlı vəziyyət qarşılığında lazım olan tədarük həcmlərini xarici bazarlara yönəldə bilmir. Hesab edirəm ki, İranla Rusiya arasında neft-qaz sayəsində geniş əməkdaşlığı nəzərdə tutan bu danşıqlar son nəticədə ciddi bir nəticə verməyəcək. Ciddi nəticələr o vaxt əldə olunar ki, İranın neft-qaz yataqlarına kifayət qədər sərmayələr yatırılsın, yeni texnologiyalar tətbiq edilsin. Bu gün İran bundan məhrumdur və hətta İran Rusiya Federasiyası, hətta bir il bundan öncə enerji sayəsində əməkdaşlıqla bağlı Cin Xalq Respublikası ilə yeni 5 illik müqavilə bağlayıb, düşünürəm ki, müqavilələr bir çox halda işlək vəziyyətdə olmayacaq”.

Zəfər Vəliyev İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri çərçivəsində enerji və eyni zamanda nəqliyyat-logistika sayəsində geniş əməkdaşlığı nəzərdə tutan danışıqların aparıldığını önə çəkib:

"2018-ci ildə İranın üzləşdiyi sanksiyalardan sonra İranla Rusiya arasında neft mübadiləsi ilə bağlı saziş imzalandı. Lakin bu saziş elə də ciddi nəticə vermədi. Çünki o dövrdə neft bazarlarında kifayət qədər həcmlər mövcud idi və həmin dövrdə yeni bazarlar uğrunda mübarizə gedirdi. Ona görə də Rusiya ilə İran arasında neft sahəsində əməkdaşlıqla bağlı bağlanan sazişdən ciddi nəticələr əldə edilmədi. İndi qaz sahəsində əməkdaşlıqla bağlı danışıqıar gedir. İranın özünün kifayət qədər qaz ehtiyatlarına malik olmasına baxmayaraq, İran həm ölkədaxili qaz təlabatını, həm də indiki isitmə mövsümündə beynəlxalq öhdəliklərini yerinə yetirə bilmir”. 

Qeyd edək ki, Tehran Moskvaya Rusiyadan İranın cənubuna maye qazın ondan sonra dünyanın istənilən nöqtəsinə ixracı üçün svop tədarükünü təklif edib.
Bu haqda Tasnim agentliyinə İranın neft naziri Cavad Ouci deyib.

"Rusiya qazının İrandan svop tədarükü məsələsi müzakirə olunub. Son aylarda Türkmənistandan Azərbaycana İran vasitəsilə belə qaz nəqli həyata keçirilib. Eyni təklif Rusiyaya öz qazının Azərbaycan ərazisindən keçməklə İranın cənubuna svop tədarükü üçün də edilib və bu, sonradan mayeləşdirilmiş təbii qaz şəklində dünyanın istənilən yerinə ixrac oluna bilər”, - iranlı nazir bildirib.

Bahar Rüstəmli

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?