Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dindirilən Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama təxridxanasının rəisi Fuad Süleymanov qeyd edib ki, iş üzrə adı şahid qismində keçən Elvar Xəlilov 2017-ci ildə Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılıb: "Saxlanılan zaman mənim yanımda yaxınları ilə telefonla danışırdı. Yaxınlarından zərərçəkənlərə dəyən ziyanın ödənilməsini xahiş edirdi. Elvar dəymiş zərəri ödəyib azadlığa çıxmaq istəyirdi. Zakirin gəlişinin məqsədi də ziyanla bağlı idi".
O bildirib ki, Z.Məmmədov polis əməkdaşı olduğu üçün onun adını siyahıya salmayıb: "Həmçinin Elvar müvəqqəti saxlama təxridxanasında pul barədə bacısı ilə də danışıb".
Təqsirləndirilən Z.Məmmədov E.Xəlilovdan pul almadığını söyləyib.
Daha sonra Z.Məmmədovun vəkili vəsatət qaldırıb. O, Səbail Rayon Polis İdarəsinin keçmiş rəisi, hazırda İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımovun məhkəmədə dindirilməsini istəyib.
Vəsatət təmin edilməyib.
Məhkəmə prosesi aprelin 15-də davam edəcək.
Qeyd edək ki, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edən zaman həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.
Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.
E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.
Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
E.Xəlilov iş üzrə şahid qismində tanınır.
Onu da qeyd edək ki, E.Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Enur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sərədrliyi ilə araşdırılır. Bu iş üzrə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri A.Rəhimov da zərərçəkmiş qismində tanınır. E.Babayev A.Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu R.Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.
Şərhlər