Siyasət 12:32 01.08.2021

Jirinovskinin düşüncə kasadlığı və psixolojik vəziyyəti...

"Ermənilər yenə ampulalarında, dinc dayanmır, təxribatlar törədir, müxtəlif yollarla, vasitələrlə ayrı-ayrı ölkələrin siyasətbazlarını ələ alır, onları ölkəmizin ünvanına olmazın hədyanlar yağdırmağa sövq edirlər. İndi isə normal ağıl və düşüncədən məhrum olan, siyasətin əxlaqi dəyərlərini ayaqlar altına salmaqdan çəkinməyən Jirinovski kimi bir təlxəki ortalığa atıblar. O da ağına-bozuna baxmayaraq, uzun illərdir ki, püskürdüyü böhtan və yalanı indi növbəti dəfə Azərbaycana yönəldir. Amma burada o da bəllidir ki, artıq nəinki ölkəsi Rusiyada, eləcə də bütün dünyada bu adamı heç kim ciddiyə almır, heç kim ona baş qoşmur. Hamı - istər siyasətçi olsun, istərsə də sıravi vətəndaş, yaxşı bilir ki, Jirinovski daim çalınan musiqiyə oynayır. Əvvəllər olduğu kimi budəfəki rəqsini də erməni lobbisinin maliyyəsi ilə gerçəkləşdirməsi sirr deyil. Eyni zamanda, öz cılız hərəkətləri ilə cizgi filminin qəhrəmanlarını xatırladan bu sərsəm siyasətbaz, həm də yaxşı bilir ki, onun Azərbaycana atdığı çamur- ölkəmiz və cəmiyyətimiz haqqında əxlaqa sığmayan böhtan və yalanlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətdən uzaq fikirlər səsləndirməsi son anda Bakı xəzrisinin gücü ilə öz üzərinə çırpılır. Amma ənam, pay müqabilində hər cür çirkaba bulaşmasını, yaydığı üfunətlə ətrafındakılarda şəxsinə yönələn nifrət hissini də vecinə almır. Çünki uzun illərdir ki, həm özü, həm də idarəçiləri bu rəzalətə alışıblar".

Bu sözləri Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

Rəşad Mahmudovun sözlərinə görə, Jirinovskinin xarakterinə, tərbiyəsinə, əxlaqına uyğun olaraq Azərbaycana hədə-qorxu gəlməsi, ayrı-ayrı şəxsləri təhqir etməsi, sərsəmləməsi ilk dəfə deyil: 

"Neçə il bundan əvvəl də ermənilərin  havasına oynaması yaddan çıxmayıb. O zaman ənamım gücü onu necə çaşdırmışdı ki, hətta əzəli, əbədi torpağımız Qarabağı Rusiyaya birləşdirmək, Azərbaycanı isə Rusiyanın quberniyasına çevirmək iddiasını səsləndirməkdən belə çəkinməmişdi. Bax, belə yerdə ağılsız köpəklərin ulduza hürməsi deyimini xatırlamamaq mümkün deyil.  

İstər erməni lobbisi, istərsə də adı çəkilən təlxək yaxşı bilirlər ki, ünvanımıza yağdırılan böhtan və şantajlar suda boğulanın saman çöpündən  yapışmasından, milçək gücündə olan bir həşaratın könül bulandırmasından başqa bir şey deyil. Bəli, Jirinovskinin özü də, onu meymun yerinə oynadanlar da dərindən anlayırlar ki, əxlaqsız fikir yürütməklə, böhtan, şər-şəmətə atmaqla Azərbaycan-Rusiya münasibətlərini korlaya, uğurlu əməkdaşlıqda hansısa bir çat yarada bilməyəcəklər. Çünki Rusiya siyasətində Jirinovskini də, onu axmaq yerinə qoyub rəqs etdirənləri də yaxşı tanıyırlar".

Rəşad Mahmudov daha sonra deyib: "Jirinovskinin təlxəkliyindən, hoqqabazlığından daha çox məni bir sual düşündürür: İllərdir ki, müəyyən maraqlı qrupların əlində alətə çevrilən, dövlətlərarası münasibətlərə zərbə vurmaq üçün istifadə edilən bu hoqqabazın, demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanan bu sərsəm düşüncəli təlxəyin cilovu niyə çəkilmir, ona bu həddə həyasızlıq etməyə niyə, hansı səbəbə görə imkan yaradılır? Rusiya dövlətçiliyinin bu həssas, taleyüklü məqamında, özü də bu ölkədə siyasi islahatların uğurla gerçəkləşdirildiyi, iqtidar-müxalifət dialoqunun diqqət mərkəzində saxlanıldığı bir şəraitdə, yeni siyasi konfiqurasiyanın bərqərar olduğu bir mühitdə bunu reallaşdırmağın, bu şantajistin siyasi dəllallığına son qoulmağın vaxtı çatmayıbmı?”.  

"Jirinovski ilə bağlı bir fikrimi də diqqətə  çatdırmaq istərdim. Bir həkim kimi düşünürəm ki, bu şəxs çox güman ki, uşaq yaşlarında ciddi travma alıb, bu səbəbdən də o vaxtdan fikir və düşüncəsində, həyata baxışında anormallıq özünü büruzə verir. Əlbəttə, daim nəzərə çarpan bu çatışmazlığın həmin zədədən qaynaqlandığını özündən savayı bir kimsə etiraf edə bilməz. Bax, onun təkcə Azərbaycana deyil, bütün dünyaya püskürdüyü bu kin-küdurətin, qisasın əsasında həmin travmadan irəli gələn düşüncə kasadlığı dayanır” deyə deputat bildirib.