Azərbaycan-Gürcüstan sərhədi xəritədə bir xəttdir. Amma həmin xəttin arxasında iki dövlətin tarixi, sovet keçmişindən miras qalan inzibati sərhədlər, qarşılıqlı maraqlar və uzun illərdir davam edən danışıqlar dayanır.
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin son açıqlaması bu baxımdan diqqət çəkir. O, Azərbaycan və Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdiriləcəyini bildirib. Keşikçidağ kompleksi ətrafındakı məsələyə toxunan Kobaxidze problemin Bakı ilə Tiflis arasında mövcud dostluq münasibətləri çərçivəsində həll olunacağına əminliyini ifadə edib.
Əslində, bu, yeni başlayan proses deyil. Azərbaycanla Gürcüstan arasında sərhədin delimitasiyası müstəqilliyin ilk illərindən gündəmdədir. İki ölkənin SSRİ-dən müstəqil dövlətlər kimi çıxması ilə vaxtilə inzibati xarakter daşıyan xətt beynəlxalq dövlət sərhədinə çevrildi. Həmin sərhədin hüquqi cəhətdən dəqiqləşdirilməsi üçün iki ölkə arasında müvafiq komissiyalar yaradıldı və uzun illərdir danışıqlar aparılır.
Azərbaycan tərəfi dəfələrlə sərhəd delimitasiyasının mümkün qədər tez başa çatdırılmasının vacibliyini vurğulayıb.

2019-cu ildə Azərbaycan Xarici İşlər Nazirliyi komissiyaların 11 iclas keçirdiyini və sərhədin böyük hissəsi üzrə razılığın əldə olunduğunu açıqlamışdı. Həmin vaxt təxminən 166 kilometrlik hissə üzrə ekspert səviyyəsində işlərin davam etdiyi bildirilirdi.
Deməli, söhbət iki ölkə arasında sərhədin bütövlükdə razılaşdırılmamasından getmir. Əksinə, sərhədin əsas hissəsi üzrə razılaşma mövcuddur. Problem qalan hissələrin tarixi və coğrafi baxımdan daha həssas olması ilə bağlıdır.
Burada sovet dövründən qalan xəritə və sənədlərin əhəmiyyəti xüsusi qeyd edilməlidir. SSRİ dövründə Azərbaycanla Gürcüstan arasındakı xətt beynəlxalq dövlət sərhədi deyildi. Lakin müstəqillik əldə edildikdən sonra həmin inzibati sərhəd dövlət sərhədinə çevrildi. Buna görə də sərhədin dəqiq müəyyənləşdirilməsi zamanı sovet dövrünə aid xəritələr, sənədlər və digər materiallar nəzərdən keçirilir.
Keşikçidağ məsələsi isə bu prosesin ən həssas istiqamətlərindən biridir. Azərbaycanın Keşikçidağ adlandırdığı, Gürcüstanda David Qareci kimi tanınan monastır kompleksi ətrafındakı ərazi həm tarixi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan üçün burada əsas məsələ dövlət sərhədinin hüquqi əsaslarla dəqiq müəyyənləşdirilməsi və ərazi bütövlüyü prinsipinin qorunmasıdır.

Bu səbəbdən Keşikçidağ məsələsinə yalnız dini və ya mədəni irs mübahisəsi kimi yanaşmaq düzgün olmaz. Söhbət iki suveren dövlət arasındakı sərhədin dəqiqləşdirilməsindən gedir.
Məhz buna görə məsələnin emosional müstəvidən çıxarılaraq danışıqlar masasında həll edilməsi hər iki tərəfin maraqlarına uyğundur. Azərbaycan-Gürcüstan münasibətlərinin özəlliyi də buradadır. İki ölkə yalnız qonşu deyil, həm də strateji tərəfdaşdır. Azərbaycan üçün Gürcüstan enerji və nəqliyyat layihələrində mühüm tərəfdaşdır. Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz dəhlizi, Bakı-Tiflis-Qars dəmir yolu və Orta Dəhliz iki ölkəni bir-birinə bağlayan strateji layihələrdir.
Gürcüstan üçün də Azərbaycanla münasibətlər mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu baxımdan sərhəd məsələsinin qarşıdurmaya çevrilməsi heç bir tərəfin marağına uyğun deyil.
İrakli Kobaxidzenin “dostluq münasibətləri” vurğusu məhz bu kontekstdə qiymətləndirilə bilər. Tiflisin problemin Azərbaycanla dostluq münasibətləri çərçivəsində həll ediləcəyini bildirməsi müsbət siyasi mesajdır. Ancaq Bakının gözləntisi yalnız xoş niyyət bəyanatları ilə məhdudlaşa bilməz. Əsas məqsəd delimitasiya prosesinin konkret nəticə ilə başa çatdırılmasıdır. Azərbaycanın mövqeyi aydındır – dövlət sərhədi dəqiq müəyyənləşdirilməli, proses qarşılıqlı anlaşma və beynəlxalq hüquq prinsipləri əsasında yekunlaşdırılmalıdır.
Burada bir mühüm məqamı da nəzərdən qaçırmaq olmaz – delimitasiya ilə demarkasiya eyni proses deyil. Delimitasiya xəritə üzərində sərhəd xəttinin müəyyənləşdirilməsidir. Demarkasiya isə razılaşdırılmış xəttin ərazidə sərhəd nişanları ilə müəyyən edilməsidir. Bu baxımdan siyasi razılaşmadan sonra belə prosesin tam başa çatması üçün texniki işlərin görülməsi zəruridir.
30 ilə yaxın davam edən danışıqlardan sonra əsas məsələ artıq prosesin uzadılması deyil, siyasi iradənin konkret qərara çevrilməsidir. Azərbaycan və Gürcüstanın qarşısında bu məsələnin həlli üçün mühüm imkan yaranıb. Tərəflər mövcud strateji tərəfdaşlıq münasibətlərindən istifadə etməklə qalan məsələləri də qarşılıqlı anlaşma şəraitində həll edə bilərlər.
Kobaxidzenin açıqlaması bu baxımdan müəyyən siyasi zəminin mövcud olduğunu göstərir. Ancaq burada bir məsələ xüsusilə vacibdir: dostluq münasibətləri sərhəd məsələsinin həllinə maneə yox, əksinə, onun həlli üçün əlavə imkan yaratmalıdır.
Bakı ilə Tiflis arasında münasibətlər onilliklər ərzində qarşılıqlı etimad və strateji əməkdaşlıq üzərində qurulub. Enerji, nəqliyyat, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlıq bu münasibətlərin nə qədər mühüm olduğunu göstərir. İndi həmin siyasi etimadı dövlət sərhədinin tam müəyyənləşdirilməsi istiqamətində nəticəyə çevirmək lazımdır.
Artıq məsələni daha uzun müddət açıq saxlamaq yox, tarixin yaratdığı bu problemi həll etmək zamanıdır. Keşikçidağ ətrafındakı məsələnin qarşılıqlı hörmət, beynəlxalq hüquq və iki ölkənin strateji tərəfdaşlığı əsasında həlli Azərbaycan-Gürcüstan münasibətlərini daha da möhkəmləndirə bilər. Bu baxımdan Tiflisin “dostluq” mesajının arxasınca konkret addımların gəlməsi vacibdir. Çünki Bakı üçün əsas məsələ aydındır – dostluq qorunmalı, sərhəd isə dəqiq müəyyənləşdirilməlidir.
Siyasət şöbəsi
Şərhlər