Laçın rayonunun Təkpalıd adlanan ərazisində vəhşi təbiətin zənginləşdirilməsi və ekoloji tarazlığın bərpası məqsədilə qırqovulların təbiətə buraxılması ilə bağlı təşəbbüs həyata keçirilib.
Aksiyada Laçın rayonunun Ağcakənd kəndinin sakinləri, "Şöhlətoğlu Ailə İstirahət Mərkəzi”nin rəhbəri, iş adamı Novruz Gülməmmədov, Əmirov Elşad və digər sakinlər iştirak ediblər. Onlar birlikdə çoxsaylı qırqovulların Laçın rayonunun Təkpalıd ərazisində təbii mühitə uyğunlaşdırılaraq buraxılmasını təmin ediblər.
Təşəbbüs iştirakçıları bildiriblər ki, məqsəd yalnız qırqovulların təbiətə qaytarılması deyil, həm də bölgədə ekoloji tarazlığın gücləndirilməsi və biomüxtəlifliyin artırılmasına dəstək verməkdir. Onların sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə təbiətin bərpası istiqamətində bu cür addımlar xüsusi əhəmiyyət daşıyır.
Novruz Gülməmmədov bildirib ki, bu təşəbbüs həm təbiətə qayğı, həm də ekoloji məsuliyyətin gücləndirilməsi baxımından önəmlidir.
"Biz istəyirik ki, Laçın təbiəti əvvəlki zənginliyinə qayıtsın. Qırqovulların təbiətə buraxılması da bu istiqamətdə kiçik, amma mənalı bir addımdır”, deyə o qeyd edib.
Digər iştirakçılar da bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar. Onların fikrincə, azad olunmuş ərazilərdə təbiətin dirçəldilməsi yalnız dövlət layihələri ilə deyil, ictimai təşəbbüslərlə də dəstəklənməlidir.
Ekoloji mütəxəssislərin ümumi yanaşmasına görə, vəhşi quş növlərinin təbii mühitə buraxılması biomüxtəlifliyin qorunmasına və ekosistemin balansının gücləndirilməsinə müsbət təsir göstərir.
Son illər Laçın rayonunda və digər azad olunmuş ərazilərdə təbiətin bərpası, yaşıllaşdırma və fauna zənginliyinin artırılması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir.
Şərhlər