Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyunun 16-da Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, görüş zamanı ötən müddət ərzində sağlam iqtidar-müxalifət dialoq çərçivəsində görülmüş işlər, ölkənin artan beynəlxalq statusu, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan qlobal layihələr, habelə dünya və regionda müşahidə olunan tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, müxalif siyasi partiyaların Milli Məclisdə təmsil olunması faktı demokratik ənənələrin inkişafı ilə yanaşı, qanunların hazırlanması prosesinə də müsbət təsir edir. Mövcud məsələdə müxtəlif yanaşmaların tətbiqi normayaratma fəaliyyətinə müsbət təsir edir.
Siyasi partiyaların beynəlxalq əlaqələri isə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Bu mənada təqdirə layiq haldır ki, ölkənin bütün siyasi partiyaları ölkəmizə qarşı tətbiq olunan "ikili standartlar” və informasiya manipulyasiyalarını sərt şəkildə tənqid edir, bu cür hallarla mübarizədə öz töhfələrini verir.
Görüşdə Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinin ilk günündən etibarən, həmçinin 44 günlük Vətən müharibəsi zamanı və bilavasitə tarixi qələbədən sonra ölkəmizdə yaşanan həmrəylik mühitinin, habelə siyasi sabitliyin qorunmasının strateji əhəmiyyəti vurğulanıb.
Görüş zamanı aparılan fikir mübadiləsi çərçivəsində son illər ərzində təşviq olunan siyasi dialoq mühiti sayəsində siyasi partiyaların artan ictimai nüfuzu da xüsusi olaraq vurğulanıb.
Dövlətçilik ənənələrinin və milli maraqların qorunması naminə həyata keçirilən bütün təşəbbüslərə öz sadiqliyini bildirən Partiya sədri Asim Mollzadə, mövcud istiqamətdə atılan hər bir təşəbbüsü bundan sonra da dəstəkləyəcəyini bildirib.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli maraqlara cavab verən fəaliyyətdə Demokratik İslahatlar Partiyasına müvəffəqiyyətlər arzulayıb.
Şərhlər