İyun ayında Antarktikada termometrlər 15 dərəcəni göstərib. Bu cümləni yenidən oxumaq lazım gəlir, çünki söhbət ilin bu dövründə kəskin soyuğun hökm sürməli olduğu qütb qitəsindən gedir.
Qaynarinfo xəbər verir ki, Argentina aid Esperanza stansiyasında 6 iyunda 15,4 dərəcə ilə qış üzrə rekord qeydə alınıb. 1998-ci ildə müəyyən edilmiş əvvəlki rekordan 2 dərəcə yüksək olan bu göstərici təkbaşına belə ciddi xəbərdarlıq kimi qiymətləndirilib. Lakin vəziyyət bununla bitmir. Yarımadadakı Marambio və San Martin stansiyaları da eyni dövrdə öz temperatur rekordlarını yeniləyib; üç həftə boyunca gündəlik maksimum temperatur heç vaxt donma nöqtəsindən aşağı enməyib.
Qroningen Universitetindən iqlim alimi professor Raul Kordero bu vəziyyəti "tamamilə dəli kimi” ifadəsi ilə dəyərləndirib. Esperanzadakı ölçmənin mövsüm normalarından təxminən 20 dərəcə yüksək olduğunu bildirən Kordero bunun sadə hava dalğası olmadığını vurğulayıb.
Qarlar əriyir, pinqvin koloniyaları təhlükə altındadır
Antarktika yarımadası artıq qlobal istiləşmədən ən ciddi zərbə alan bölgələrdən biridir. 1950-ci ildən bəri orta temperatur təxminən 3 dərəcə artıb; bu isə qlobal ortalamadan təxminən beş dəfə sürətlidir. Əriyən dəniz buzları tünd okean səthini üzə çıxarır, bu səth günəş istiliyini daha çox udur və nəticədə su daha çox buzu əridir. Beləliklə, proses özünü gücləndirən dövrəyə çevrilir.
Bu prosesin nəticələri artıq açıq şəkildə müşahidə olunur. Qışda qar yağmalı olan ərazilər açıq torpaq sahələrinə çevrilib, qarın əvəzinə yağış müşahidə olunur. Bu yağışların donması isə pinqvin koloniyaları üçün təhlükəli şərait yaradır, həmçinin stansiya personalının hərəkətini çətinləşdirir. Kral Corc adasındakı Kollins buzlağının zirvəsinə çıxan mütəxəssislər isə qışın ortasında, böyüməli olduğu halda əriyən buzlağı müşahidə ediblər.
Mütəxəssislər bu tendensiyanın gələcək illərdə daha tez-tez və daha güclü şəkildə davam edəcəyi barədə həmfikirdir. İyun ayının əvvəlində qeydə alınan bu rekordun da uzun müddət davam etməyəcəyi ehtimal olunur.
Aydın
Şərhlər