İdman 13:48 03.12.2021

Lemparddan səmimi etiraf: "Qovulacağımı həmin an anladım"

İngiltərə futbolunun əfsanəsi Frank Lempard "Çelsi"ni çalışdırdığı dönəmlə bağlı səmimi açıqlamalar verib.

Qaynarinfo xəbər verir ki, futbolçu kimi illərlə formasını geyindiyi "Çelsi"yə karyerasını bitirdikdən sonra məşqçi olaraq qayıdan Lempard üçün klubda işlər yaxşı getmədi. Ardıcıl uğursuz nəticələrdən sonra yanvarda Lempardı istefaya göndərən İngiltərə klubu, Tomas Tuxellə Çempionlar Liqasını qazandı. 

Lempard proseslərin necə baş verməsindən danışıb:

"Getmək vaxtının yaxınlaşdığını hiss edirdim. Mənə dedilər ki, nəsə ola bilər. Kənardan şayiələr gəlirdi, amma mən onlara inanıram. "Çelsi" kimi bir klubla bağlı bu cür söz-söhbətlərin yayılması təbiidir. Onları düşünüb işimə diqqət ayırmamağım axmaqlıq olardı. Federasiya Kubokunda "Luton Taun"u məğlub etdikdən bir gün sonra səhər Brüs Bakdan mesaj aldım. O, səhər məşqini günortaya təxirə salmağımı istədi. Yuxudan oyananda oxuduğum ilk mesaj idi. Normalda oyananda ilk olaraq İnstaqrama baxıram. Yox, zarafat edirəm (gülür). Klub belə qərar qəbul etdikdən sonra bunu baş məşqçiyə çatdırmağın nəzakətli yolu yoxdur. Məni "Stemford Bric"də görüşə dəvət etdilər. Qovulacağımı həmin an anladım. Brüs və Marina (Qranovskaya) ilə görüşəndə işdən çıxarılacağımı bilirdim. Mənə verilən şansa görə minnətdar idim, vəziyyəti başa düşürdüm. Edə biləcəyim başqa şey yox idi. Bunu ilk dəfə idi ki, yaşayırdım, mənim üçün sürreal an idi. "Çelsi"dən ayrılmağım məni incitdi. İlk iki ay çətin idi. Final matçına baxarkən orada Meyson Mount və Ris Ceymslə birlikdə ola biləcəyimi düşündüm. Amma bu uğura sahib çıxmaq istəmirəm, çünki xaraktterimə uyğun gəlmir".

Lemparddan sonra Tuxellə yola davam edən "Çelsi" İngiltərə Kubokundan sonra Çempionlar Liqasının da kubokunu başı üzərinə qaldırıb və ölkə çempionatını ilk dördlükdə tamamlamağı bacarıb.

Səbuhi Həsənov