Sentyabr ayının 13-ü İsrailin müdafiə naziri Avidqor Libermanın ölkəmizə işgüzar səfəri baş tutdu.
5 gün davam edən səfər çərçivəsində nazir Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Novruz Məmmədov, müdafiə naziri Zakir Həsənov, vergilər naziri Mikayıl Cabbarov, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və digər rəsmilərlə görüşlər keçirdi. Əhəmiyyətli görüşlər zamanı regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında müzakirələr baş tutdu.
A.Libermanın ölkəmizə səfərinin nəticələrini Modern.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov keçirilən görüşləri hər iki ölkə üçün ən zəngin və yadda qalan hadisələrdən biri hesab edir:
"Azərbaycan və İsrailin qarşılıqlı münasibətlərdə öz maraqları var və qurulan ikitərəfli əlqələr tarixi köklərə malikdir. Vaxtilə Azərbaycanda yaşayan xeyli yəhudi hazırda İsrail vətəndaşıdır. Onlar əvvəllər Bakının özündə və ətraf bölgələrdə yaşayıblar, indi də öz tarixi vətənləri – Azərbaycanla əlaqələri kəsməyiblər.
Hərbi-sənaye kompleksini Azərbaycanla birlikdə inkişaf etdirmək İsrailin marağındadır. Bununla əlaqədar müdafiə nazirinin son səfərində də razılaşmalar əldə olundu. İlin sonunda, yaxud gələn ilin birinci yarısı Bakıda hərbi təyinatlı və digər məhsulların İsraillə ortaq istehsalı reallaşacaq”.
Azərbaycanın işğal altındakı torpaqlarımızı azad etmək üçün müdafiə sistemini gücləndirdiyini vurğulayan ekspert indiyə qədərki hərbi əməliyyatlarda İsraildən alınan silahların özünü doğrultduğunu deyib:
"Aprel döyüşlərində və digər əməliyyatlarda İsrail istehsalı silahlar müsbət effekt verdiyindən Azərbaycan bu ölkədən daha çox silah almağa maraq göstərir. 2019-cu ildə də Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini artırmaq məqsədilə yeni silahların alınması gözlənilir.
Ermənistan və onun havadarları, cənub qonşumuz İran və digər dövlətlər Azərbaycanın İsraillə çoxşaxəli əməkdaşlığından narazıdır. Bütün bunlara rəğmən, hər kəs ikitərəfli münasibətlərin dövlətlərin daxili məsələsi olduğunu dərk etməlidir. Ona görə, Azərbaycan digər qüvvələrin münasibətinə məhəl qoymadan, tam haqlı şəkildə İsraillə hərbi, texniki, humanitar və s. sahələrdə əməkdaşlığını daha da gücləndirir”.
Ehtiyyatda olan polkovnik Şair Ramaldanov isə İsrailin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində işğalçı dövləti deyil, ölkəmizi müdafiə etdiyini xatırladıb:
"Biz İsraildən ən müasir silahları alan ölkələr sırasındayıq. Aprel döyüşlərində bu ölkədən alınan silahların uğurla tətbiq edilməsi Ermənistanı da vahiməyə saldı. Ona görə, İsraillə yeni silahların alınması, hava hücumundan müdafiə sistemlərinin əldə edilməsi sahəsində də müqavilələr imzalandı. Ən müasir, güclü silahlara bərabər, pilotsuz uçan aparatlar, rabitə-elektron vasitələr, digər döyüş sursatlarının alınması da sazişlərdə əks olunub.
Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən tədbirdə düşmənə yönəlik sərt bəyənatlarla çıxış etdi. Cəbhə bölgəsində hərbi təlimlərin başlaması, hərbi təminat baxımdan ordunun gücləndirilməsi, düşməni məhv etməyə daim hazırlıqlı olmaq üçün addımların atılması ölkə başçısının qətiyyətli fikirlərinin əməli təzahürüdür. İsrail dövləti ilə sonuncu danışıqlarda, müdafiə nazirinin ölkəmizə səfərində də bu məsələlər müzakirə edilib, hərbi əməkdaşlıq sənədləri imzalanıb”.
Şərhlər