Dünya 14:58 30.06.2022

Liz Truss Tayvanın müdafiəsinə qalxdı

Qərb Rusiyanın Ukraynaya təcavüzünün qarşısını ala bilməməkdə səhvlərindən nəticə çıxarmalı və bu dərsləri Tayvan boğazında sülh və sabitliyi qorumaq üçün tətbiq etməlidir.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Liz Truss deyib.

Tayvan və Çin arasında gərginlik son illərdə Çinin Tayvan yaxınlığında hərbi fəaliyyətləri genişləndirməsi ilə artıb.

Truss bildirib ki, Qərb, xüsusilə Hind-Sakit okean regionu ölkələri Tayvanın müdafiəsini təmin olunduğuna əminlik yaratmalıdır. "Biz Ukrayna dərslərini öyrənməliyik. Ukraynanın daha əvvəl müdafiə qabiliyyətinə malik olmasını təmin edə bilərdik. Bu, Putini işğaldan çəkindirmək üçün kifayət edərdi. Odur ki, Tayvan üçün qəbul etməli olduğumuz qərarlarda yubanmamalıyıq”,- o deyib. 

Truss həmçinin NATO-nun Madriddəki panel iclasında deyib ki, Çin "iqtisadi zorakılıq yolu ilə təsirini genişləndirir və bacarıqlı ordu qurur”. 

Çin xarici işlər nazirliyi Trussun Tayvanla bağlı açıqlamalarına görə Britaniyaya rəsmi etirazını bildirib. "Onun ifadələrində sağlam düşüncənin olmaması və təkəbbür təccüblüdür. Ümid edirik ki, o, gələcəkdə belə məsuliyyətsiz ifadələr işlətməyəcək”,- nazirlik sözçüsü Zhao Lijian deyib.

Nurlan Hüseynov