Cəlil Cavanşir
Sənət 15:52 11.09.2019

Ölüm məddahı Sadiq Hidayət və onun “Kor Bayquş” romanı

Sadiq Hidayətin ölüm sevdalı həyatı

Cəlil CAVANŞİR

Parisdə Marna çayına özünü atanda iyirmi beş yaşında idi. Körpünün altında sevişən cütlük onu xilas etməsəydi, dünya ədəbiyyatı çox önəmli yazıçısını qazanmamış itirəcəkdi. Aradan iyirmi üç il keçəndən sonraa yenə də Parisdədir. Bu dəfə günlərlə qaz xətti olan mənzil axtarır. Şapionne küçəsində axtardığı evi tapır və kirayələyir. 1951-ci il aprel ayının doqquzunda kirayələdiyi evə qapanır, evin bütün dəlmə-deşiklərini bağlayıb qazı açır və…
Dostu onu tapanda evin mətbəxində, döşəmədə uzanmışdı. Üzünü səliqə ilə təraş etmiş, ən gözəl paltarlarını geyinmişdi. Cibində kifayət qədər pulu, yanında yandırdığı əlyazmaların külü vardı. Parisdəki ilk intihar cəhdində xilas edilən İran ədəbiyyatının ustad müəlliflərindən biri Sadiq Hidayət, həmin şəhərdə həyatına son verməyi bacarmışdı…

***

Sadiq Hidayətin həyatı əsərləri qədər maraqlı və zəngindir. Onun İran-Avropa-Hindistan üçbucağında keçmiş həyatı qəribəliklərlə doludur. Dünya ədəbiyyatında özünəməxsus yeri olan, bütün ömrünü çırpınışlar və təbəddülatlar içində keçirən Sadiq Hidayət sağlığında İran ədəbiyyatında ciddi estetik dəyişiklik etməyi bacaran, İran ədəbiyyatını "şeirin əsarətindən” çıxararaq, poeiyanın hegemonluğunu neytrallaşdıran böyük və usta nasirlər nəslinin ən görkmli nümayəndəsidir. 

Sadiq Hidayət yaşadığı qaranlıq dünyanı əsərlərində olduğu kimi göstərən, bu qaranlıqdan əzab çəkdiyini az qala hər əsərində oxucuya hiss etdirən müəllifdir. Dünyanın qaramat gedişatı, insanların zalımlığı onun həssas qəlbinə o qədər toxunurdu ki, bütün bunlara laqeyid qala bilmirdi. Dünya, insanlar, gedişat ona əzab verirdi. Düşünürəm ki, o ilk, baş tutmayan intihar cəhdindən sonra yaşadığı iyirmi üç ili, intihar etdiyi günə qədər yaşadığı hər saatı intihar düşüncələri ilə keçirib. Onun əsərlərində ölümə qarşı sevgi, ölüm həsrəti çox barizdir. Və bir yazıçının ölüm həsrəti ilə iyirmi üç il yaşaması, dəyərli əsərlər yazması nədənsə mənə qəribə gəlmir.

1903-cü ildə, 17 fevralda Tehranda, zəngin bir ailədə dünyaya gəlib. Uşaqlığı İranın Qərbə meyilləndiyi bir dönəmdə, ölkənin ictimai həyatında önəmli rola sahib olan Tehranda keçib. Qərb təhsili alıb, Müqəddəs Luis Akademiyasına yazılıb və iyirmi yaşında ailəsi ilə bütün bağlarını öz istəyi ilə qopararaq, azadlığı seçib. İlk kitabını da məhz iyirmi yaşında nəşr etdirib – "Filosof Ömər Xəyyamın rübailəri”.

Akademiyanı bitirdikdən sonra, 1925-26-cı illərdə Rza şahın Avropaya təhsil almağa göndərdiyi gənclərlə birlikdə Parisə göndərilir. Əvvəlcə mühəndislik, sonra diş həkimliyi oxumağa cəhd edir. Rəssamlığa böyük həvəsi vardı. Amma onu ən çox cəlb edən yazarlıq idi. Avropada yaşadığı illərdə həyat və ölüm haqqında araşdırmalar aparıb, Fransı dili və ədəbiyyatını öyrənib. Eyni zamanda ikinci kitabını – "Vegeteryanlığın faydaları” kitabını nəşr etdirib. Bəli, Sadiq Hidayət həm də vegeteriyandır. Uşaqkən qurban kəsilən qoyunları görür və bu hadisə onu diksindirir, ömrünün sonuna qədər bir daha ət yemir. 

1927-ci ildə İrana qayıdır. 1936-cı ilə qədər İranda bir çox kitabları nəşr olunur. Bu dönəmdə qələmə aldığı "Üç damla qan” adlı hekayələr toplusu, onun yazıçı karyerasını, yaradıcı istiqaməni müəyyənləşdirən kitablardandır. 1936-cı ildə Hindistana gedir və məşhur "Kor Bayquş” romanını burada yayımlayır.
İrana qayıtdığı dönəmdə, ölkə siyasi cəhətdən çox gərgin vəziyyətdədir. Sadiq Hidayətin yaradıcılığındakı növbəti mərhələ, məhz bu dönəmdə başlayır. "Avara it” kitabında alleqorik bir üslubdan istifadə etsə də, növbəti illərdə nəşr etdirdiyi "Hacı ağa” kitabında tamamilə realist üsluba üz tutur. İranda yaşadığı son illərdə başda Kafka olmaqla, avropalı yazıçıların əsərlərini tərcümə etməyə girişir. 

1950-ci ildə İrandan ayrılır, Parisə yerləşir və gedişindən dörd ay sonra intihar edir…

"Kor Bayquş” romanı

XX əsrin əvvəllərində İranda baş verən hadisələr, müasirlik və ənənələr arasındakı çarpışma, Şərq-Qərb dilemması onun da həyatından yan keçməmişdi. O bir növ İranın taleyini yaşayırdı və əsərlərinin hədsiz dərəcədə təsirli, sarsıdıcı olmasının əsas səbəbi bununla bağlıdır. Ölümü bu qədər sevməsinin, əsərlərində ölümü mədh etməsinin əsas səbəblərindən biri yaşadığı mühitin neqativliyi, ağırlığıdır.

"…bir tiryək aludəçisinin gözəlliyi və dürüstlüyü axtardığı yolda məğlub olaraq özünü şeytana təslim etməsindən…” bəhs edən "Kor bayquş”(1936) romanı əslində Sadiq Hidayətin həyatının xülasəsidir. Əvvəllər hərdən istifadə etsə də, həyatının son dönəmində Sadiq Hidayət tiryək aludəçisinə çevrilmişdi.

"Kor bayquş” dünya ədəbiyyatında xüsusi yeri olan ciddi əsərlərdən hesab edilir. İranda romançılıq ənənəsinə fərqli xüsusiyyətlər bəxş etdiyi üçün bu romanın tarixi dəyəri və önəmi var.

Sadiq Hidayət əsərlərinin əksəriyyətində ölüm və intihar düşüncələrini, boşluq və fanilik duyğularını, kabuslardan qaçışlarını qələmə alır. Onun zaman-zaman dərin ruhi böhran halında olduğunu və bütün bu təbəddülatlarının əsərlərinə yansıdığını hiss etmək çətin deyil. Onun əsərlərindəki qaranlıq Kafkanın, Edqar Ponun qaranlığından daha dərin, daha qorxuncdur. 

Müəllifin, eləcə də dünya ədəbiyyatının şedevrlərindən hesab olunan "Kor bayquş” romanında bu qaranlıq, zaman və məkan qavramının qarışıqlığı, hadisələrin və obrazların xaotikliyi ilə daha da dərinləşir.

"Kor bayquş” romanında zaman qavramı qarışıqdır – keçmiş, indiki və gələcək zaman ilə iç-içədir, reallıq və gerçəklik qarışıb və əsər boyu obrazların bir-birinə çevrilməsi baş verir. 

Romanın qəhrəmanı, ata, əmi, qəbirqazan, qoca əslində eyni adamdır. Qeyri-adi gözəlliyi ilə qəhrəmanın ağlını başından alan qızla, qəhrəmanın "qəhbə arvadım” dediyi obraz da əslində eyni qadındır.

Əsərdə səbəblə nəticə arasında bir əlaqə tapmaq çətindir, sadəcə əhvalatlar arasındakı məntiqi bağla səbəb və nəticə arasında əlaqə qurmaq mümkündür. Xəyalla gerçəklik, yuxuyla reallıq, həsrət, nifrət, darıxmaq hissi bir-birinə qarışıb.

Roman şərq nağıllarını, mistik rəvayətləri xatırlatsa da, müəllifin həyatından və İran mədəniyyətindən az-çox məlumatı olan oxucu üçün gizli kodlar elə bu xaosun içində özünü göstərir.

Müəllifin "Kor bayquş” romanı başda olmaqla bir çox əsəri öz şəxsi həyatından parçalarla, bu cür mistik və kültür kodları ilə zəngindir. Bu baxımdan "Kor bayquş” romanını müxtəlif aspektlərdə təhlil etmək olar. Psixoanalitik qatda Sadiq Hidayət heyrətamiz ustalığa malikdir,  sosioloji qatda həsassılığı ilə önə çıxır. Eyni zamanda müxtəlif əsərlərində feminist düşəncəni müdafiə edir.

Sadiq Hidayətin mətnləri dərin, çoxqatlı və psixaloji mətnlərdir. Məhz  yaradıcılığının bu xüsusiyyətlərinə görə onu İran ədəbiyyatının ən ciddi və önəmli müəlliflərindən hesab edirlər. 

Dövrün siyasi şərtlərinə nəzər salsaq "Kor bayquş” səssiz və gizlin çəkilən iztirabların, onunla birlikdə qorxu və xof altında yaşayan milyonlarla insanın əzablarının ifadəsidir. Onun surrealist hekayələrində də bu ağrıları, iztirabları hiss etmək mümkündür. 
Onun haqqında "Şərqin Kafkası” ifadəsini işlədirlər. 

Çünki o da Kafka kimi yaşadığı dünyanın deyil, öz yaradıcı təxəyyülündə yaratdığı dünyanın insanı idi.