Gənc yazar Qızxanım Mikayılın ilk nəsr kitabı işıq üzü görüb.
Qaynarinfo xəbər verir ki, müəllifin "Maska–Kölgə oyunu” adlı kitabı "Mücrü” nəşriyyatında çap edilib.
Kitaba iki böyükhəcmli hekayə daxil edilib.
Yeni nəşrə ön sözü tanınmış ədəbiyyatşünas Məti Osmanoğlu yazıb.
"İki aləm arasında” adlanan "Ön söz"də deyilir:
"Bədii yaradıcılıqla məşğul olmaq, oxucu ilə bədii mətn üzərindən ünsiyyət qurmaq həm də real dünyanın nizamı, qanun-qaydaları, qadağaları, adət-ənənələri ilə qane olmamaq, buna görə də fərqli bir dünya yaratmaq təhriki ilə bağlıdır. Yazmaq ehtiyacı hiss edən insan üstündə gəzdiyi məkanı, içində yaşadığı zamanı, əhatəsində olduğu mühiti yenidən, özünün arzuladığı kimi qurur, özünün yaratdığı aləmi təqdim etməyə və oxucunu ən azından oxu prosesində həmin aləmdə yaşatmağa çalışır.
Qızxanım Mikayılın oxuculara təqdim etdiyi bu kitabdakı yazılar da həmin istəkdən irəli gəlir. Onun obrazları gördüyümüz, içində olduğumuz dünya ilə özlərinin yaratdığı xəyal aləmi arasında yaşayırlar. Bu iki aləm arasında münasibətlərin gerçək üzünü görmək çətindir: həm xəyal aləmindəki münasibətlərin, həm də real gerçəkliyin üzündə maska var. Müəllifin iddiasına görə həyat bir kölgə oyunudur və əsas məqsəd həmin maskanı götürmək, oxucuya əsl həqiqəti çatdırmaqdır...
İnsanın real dünya ilə xəyal dünyası arasında yaşamasını bədii mətndə gerçəkləşdirmək isə fərqli təhkiyə qurmaq, oxucu ilə onun gözləmədiyi fərqli oyun şərtləri müəyyənləşdirmək tələb edir. Oxucunu inandırmaq, iki aləm – real dünya ilə xəyal arasında "səyahətə” sövq etmək isə bu şərtlərə əməl etməkdən asılıdır...
Bədii əsər, sadəcə, hər hansı əhvalatın nağıl edilməsi deyil, həm də oxucu ilə sözlü ünsiyyətdir. Ona görə də yazmaq, sözlə yeni bir dünya yaratmaq iddiasında olan müəllif sözün üzərində işləməkdən usanmamalı, yaratdığı hər əsərlə (həcmindən və janrından olmayaraq) sözün də yeni dünyasını kəşf etməyə borcludur.
Ümidvaram ki, ilk təcrübələrini təqdim edən Qızxanım Mikayıl gələcək yaradıcılığında ideyanın əyaniləşdirilməsi ilə yanaşı, sözlə, bədii dilin estetik imkanları ilə daha həssas davranacaq”.
Kitabın yaxın günlərdə satış dükanlarına veriləcəyi gözlənilir.
Şərhlər