Dünya 16:04 23.05.2022

MDB ölkələri Rusiyanın istəyinə qarşı gəlir? - Ekspert

MDB İcrayyə Komitəsinin sədri Sergey Lebedev Qərbin sanksiyaları fonunda bəyan edib ki, MDB ölkələri iqtisadi çağırışlara vahid cəbhədə cavab verəcək. Onun sözlərinə görə, bu istiqamətdə layihə artıq hazırlanmaq üzrədir və İyunun 10-da MDB İqtisadi Şurasının Qazaxıstanda keçiriləcək toplantısında müzakirə ediləcək.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, MDB dövlətləri Rusiyaya qarşı sanksiyalar fonunda Moskvanın istəyinə uyğun olaraq iqtisadi çağırışlara vahid cəbhədə cavab verə bilməyəcəklər:
 
"Apardığımız müşahidələr göstərir ki, MDB dövlətləri Qərb və Rusiya qarşıdırmasında maksimal şəkildə neytral mövqe sərgiləməyə çalışırlar. Ancaq bank əməliyyatlarından tutmuş, yükdaşınma göstəricilərinə qədər MDB-nin də dolayısı ilə sanksiyalara qoşulması anlamına gəlir. Demək olar ki, MDB-nin digər ölkələrinin Rusiya ilə sadaladığım bütün proseslər üzrə əlaqələrində azalmalar baş verib. Ancaq hələlik həmin dövlətlər açıq-aşkar şəkildə prosesə qoşulmayıblar”. 

Bununla belə, ekspert qeyd edir ki, MDB dövlətləri sanksiyalara da qoşulmayacaq:
 
"Məsələ öndadır ki, MDB dövlətlərin iqtisadiyyatı əsasən Rusiyanın varlığından asılıdır. 2020-ci ilin statistik məlumatına görə, Azərbaycanın Rusiya ilə 2,8 milyard dollara qədər ticarət dövriyyəsi olub. Onun da 1,9 milyard dolları idxal, yerdə qalan isə ixracın hesabınadır. Bu mənada, Azərbaycan sanksiyalara qoşulsa, əmtəə strukturunda 2,8 milyardlıq boşluq əmələ gələcək. Görünən odur ki, sanksiyalara qoşulmağımız istənilən MDB ölkəsinin iqtisadiyyatını fors-major vəziyyətinə sala bilər. Hesab edirəm ki, MDB dövlətləri Rusiyanın istədiyi kimi, iqtisadi çağırışlara vahid cəbhədə cavab verə bilməyəcək. Hər halda, Rusiyanın bu ölkələrlə əlaqələrində azalmalar baş verirsə, deməli sanksiyalar öz acı təsirini göstərmiş olur. Belə vəziyyətdə MDB ölkələrinin Moskvanın çağırışına cavab olaraq iqtisadi çağırışlara vahid cəbhədə cavab verəcəkləri gözlənilmir”. 

Rüfət Sultan