"O, əl verib görüşüləcək adam deyil"
Rusiyanın baş naziri, Rusiya-Gürcüstan müharibəsinin 5-ci ildönümü ilə bağlı müsahibə verib
Rusiya baş naziri Dmitriy Medvedev, Rusiya-Gürcüstan müharibəsinin 5-ci ildönümü ilə bağlı müsahibəsində Gürcüstan prezidenti Mixail Saakaşvilinin siyasi mövqeyini sərt tənqid edib.
Ans press-in məlumatına görə, Rusiyanın “Russia Today” telekanalına müsahibə verən baş nazir bildirib ki, Saakaşvili siyasi arenadan çəkildikdən sonra Rusiya-Gürcüstan arasındakı münasibətlər qaydasına düşəcək.
Medvedev, 2008-ci ildə baş verən qarşıdurmaya və hazırki Rusiya-Gürcüstan münasibətlərinə toxunaraq, Saakaşvilini bu müharibəni başlatmaqda ittiham edib.
“Bu müharibə Saakaşvilinin yeritdiyi səhv siyasətin nəticəsində baş verdi. Buna görə də o, əl verib görüşüləcək adam deyil”- deyən Medvedev, hərbi müdaxilə qərarının özü üçün də ən çətin qərarlardan biri olduğunu bildirib.
O, 2008-ci ildə baş nazir olan Vladimir Putinlə həmin hadisə ilə bağlı əvvəlcədən müzakirə apardıqlarını və aralarında fikir ayrılıqlarının olmadığını da söyləyib.
Gürcüstanın, Abxaziya və Cənubi Osetiya ilə federasiya və ya konfederasiya şəklində birləşmək şansını itirdiyini deyən Rusiya Baş naziri əsas diqqəti, Saakaşvilidən sonra Gürcüstanın bu bölgələrlə birləşə biləcəyi ilə bağlı məsələyə yönəldib: “Gürcüstan, Abxaziya və Cənubi Osetiya dövlət rəhbərlərinə hansı səlahiyyətləri verəcəyini və bu xalqlarla necə yaşayacağını indidən müəyyənləşdirməlidir. Əlaqələri hansı şəkildə inkişaf etdirəcəkləri bizi maraqlandırmır və biz bu siyasətə təsir etməyəcəyik. Biz ancaq Rusiyanın milli maraqlarını qorumağa davam edəcəyik”.
Qaynar.info
Şərhlər