Amal Abuşov
İdman 15:09 07.06.2023

Mehdi Azərbaycanda cənnətə düşüb

"Qarabağ”ın dağıstanlı qapıçısı Şahruddin Məhəmmədəliyev bu yaxınlarda Rusiya mətbuatına müsahibə vermişdi. Oxuduqca təsirlənməmək, bəzən hətta kövrəlməmək mümkün deyildi. Şahruddin Qusar "Şahdağ”ına gələnə qədər və ondan sonra çəkdiyi zəhmətdən, keçdiyi günlərdən danışıb. Mən Şahruddinin qapıçı kimi keyfiyyətlərini bir kənara qoyuram. Sözsüz ki, bütün digər qapıçılar kimi, Məhəmmədəliyevin də müsbət və mənfi tərəfləri var. Bunlar öz yerində. Həmin müsahibədə diqqətimi çəkən Şahruddinin özünəinamı, zəhmətsevərliyi, dözümü oldu.

Şahruddinin müsahibəsini oxuya-oxuya yadıma Nazim Süleymanovla olan söhbətlərimiz düşdü. O da Bakıda incidildikdən sonr Moskvaya, "Spartak”ın düşərgəsinə yollananda bu cür tale yaşamışdı. Moskva klubunun xarizmatik baş məşqçisi Oleq Romantsev "Neftçi”dən ayrılaraq "Spartak”a keçməyi arzulayan gənc azərbaycanlı hücumçudan "bizdən nə istəyirsən” soruşanda eşitdiyi cavaba təəccüblənmişdi. Nazim Süleymanov cavabında "mənə yatmağa yer göstərin, məşq etməyə şərait yaradın. Futbol oynamaq istəyirəm, bura onun üçün gəlmişəm. Qalan şeyləri sonra danışarıq” demişdi. Şahruddinlə Nazim Süleymanovun başına gələnlər arasında müəyyən paralellər aparmaq mümkündür. Fərq ondadır ki, Şahruddin Rusiyadan Azərbaycana gəlib, xoşbəxtliyi burda axtarıb. Nazim Süleymanov isə əks marşurut üzrə hərəkət etmişdi.

Məhəmmədəliyev zamanında yaxşı başa düşüb ki, onun kimi minlərlə gəncin futbolla məşğul olduğu, özünə peşəkar klub axtardığı Rusiya boyda dövlətdə ayaqda durmaq çətin olacaq. Məlum məsələdir ki, ruslar əvvəlcə özlərinkinə qucaq açacaqdılar, sonra digərlərinə nəzər salacaqdılar. Fitri istedad sahibi olmayan, özünəməxsus fiziki göstəriciləri ilə öyünməyən bir qapıçı üçün həmin o nəzərsalma prosesində uğur qazanmaq, kiminsə gözünə batmaq da çətin olacaqdı. Bütün bunları zamanında Məhəmmədəliyev yaxşı-yaxşı düşünüb, analiz edib. Ondan sonra da vəziyyəti düzgün qiymətləndirib, Azərbaycan çempionatının aşağı liqasında oynayan rayon komandasından gələn dəvəti qəbul edib. Özünü göstərməyi bacarıb, zamanla etimad qazanıb. Bununla yanaşı da çətinliklərə dözüb, səbrli olmağı bacarıb.

Amma Şahruddinin etdikləri təkcə bunlarla məhdudlaşmayıb. Dağıstanlı qapıçı Azərbaycan millisinin və "Qarabağ” səviyyəsində bir klubun "1 nömrə”si olmaqdan ötrü öz üzərində daim çalışıb. Bir vaxtlar Samir Abasov onu "Sumqayıt”dan kənarlaşdıranda "Qarabağ”a ağız açıb, üçüncü qapıçı statusuyla olsa belə Ağdam klubuna keçməyə razılıq verib. Yavaş-yavaş səviyyəsini yüksəldib, ona qədər əcnəbi qapıçıların əsas heyət üzvü sayıldığı "Qarabağ”da əvvəlcə ikinci, daha sonra da birinci qapıçı statusuna yüksəlməyi bacarıb. Düşünmürəm ki, daim yüksək hədəflər uğrunda mübarizə aparan "Qarabağ” kimi klubda, eləcə də əcnəbi məşqçilərin söz sahibi olduğu Azərbaycan millisində "1 nömrə” statusunu kiməsə hədiyyə edərlər. Bunu qazanmaq üçün hamıdan yaxşı olmalısan. O qədər yaxşı olmalısan ki, Qurban Qurbanov kimi bir məşqçi sənə daim güvənsin, çətin günlərində arxanda dayansın.

Şahruddin Məhəmmədəliyevin həmyerlisi Mehdi Cənnətov da uzun müddətdir ki, Azərbaycandadı. Ona da yetərincə etimad göstərilib, başına sığal çəkib, "çərçivə”yə qoyublar. Amma adam bircə qram da "artırmayıb”, özünü inkişaf etdirə bilməyib. Mövsümü "Zirə”də yola verdi, indi də "Sumqayıt”a qayıdıb. 31 yaşlı mahaçaqalalı qapıçı "Sumqayıt”la üç illik müqavilə bağlayıb. Sonrası da Allah kərimdir. Adam Azərbaycanda gününü keçirib, pulunu qazanır. Necə deyərlər, bizim diyarda özünə əməlli-başlı cənnət tapıb. Himayədarları sağ olsun...

Amal Abuşov