Xəbər lenti

Məktəbdə intizam sərhəddi: Qaydalar şagirdin psixologiyası və uğuruna necə təsir edir?
Ölkə 14:21 16.02.2026

Məktəbdə intizam sərhəddi: Qaydalar şagirdin psixologiyası və uğuruna necə təsir edir?

Bu gün Elm və Təhsil Nazirliyinin məktəblərdə tətbiq etdiyi nizam-intizam qaydaları ilə bərabər, bəzi məktəblərdə də xüsusi daxili nizam-intizam qaydaları mövcuddur və şagirdlərin həmin qaydalara əməl etməsi tələb olunur. Bəzən şagirdlər tərəfindən qəbullanılmaqda çətinlik çəkilən bu qərarların tətbiqi daxili nizam-intizamı qaydaya salmaqla bərabər, həm də akademik göstəricilərə müsbət təsir göstərəcəyi ilə əsaslandırılır.

Bəs sərt intizam qaydaları uşaqlarda qorxu, stress və ya özgüvən itkisi yarada bilərmi? Müasir təhsil modelində nizam-intizam modeli necə olmalıdır?

Qaynarinfo mövzunu Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

"Düzgün tətbiq edilməyən mexanizm uşaqlara qorxu hissi yarada bilər"

Elnur Rüstəmov deyir ki, bu məsələ çox həssas yanaşma tələb edir:

"Məktəbdə baş verən hər hansı ağır hadisədən sonra qaydaların sərtləşdirilməsi təbii reaksiya kimi görünə bilər. Çünki cəmiyyət təhlükəsizlik istəyir, valideynlər övladının qorunmasını tələb edir, məktəb rəhbərliyi isə riskləri minimuma endirməyə çalışır. Lakin psixoloji baxımdan burada təhlükəsizliklə qorxu arasında, intizamla psixoloji sağlamlıq arasında incə balans qorunmalıdır".
 

 
Psixoloqun sözlərinə görə sərt intizam qaydaları və xüsusilə "nizam-intizam dəftəri” kimi nəzarət yönümlü mexanizmlər düzgün tətbiq olunmazsa, bu bəzi uşaqlarda qorxu və daimi qiymətləndirilmə hissi yarada bilər:

"Əslində uşaq davranışına görə məsuliyyət daşımağı öyrənməlidir və bu proses damğalanma üzərindən qurulmamalıdır. Əgər şagird özünü "problemli” kimi görməyə başlayırsa, bu artıq tərbiyə deyil, identiklik səviyyəsində mənfi etiketləmə riskidir. Uzunmüddətli perspektivdə belə yanaşma özünə inamın azalmasına, təşəbbüskarlığın zəifləməsinə və sosial geri çəkilməyə səbəb ola bilər. Digər tərəfdən, aydın və sistemli qaydalar uşaqlar üçün təhlükəsizlik çərçivəsi yaradır. Psixoloji tədqiqatlar göstərir ki, sərhədlər olan mühitdə böyüyən uşaqlar özlərini daha təhlükəsiz hiss edirlər".



"Bu qaydalar təzyiq deyil, ədalət mexanizmi kimi qəbul edilməlidir"

Elnur Rüstəmov vurğulayıb ki, tətbiq edilən bu qaydalarla bağlı problem sərhədin olub-olmamasında deyil, onun necə tətbiq edilməsindədir:

"Qayda izah edilmirsə, müzakirə edilmir və yalnız cəza ilə müşayiət olunursa, o zaman uşaq bunu ədalət deyil, təzyiq kimi qəbul edir”. 

"Xüsusilə yeniyetmə dövründə sərt qaydalar əks-reaksiya yarada bilərmi" sualına cavab olaraq psixoloq qeyd edib ki, daimi nəzarət xüsusilə yeniyetməlik dövründə daha həssas mövzudur. Çünki yeniyetmə identiklik formalaşdırır, müstəqillik ehtiyacı artır, şəxsi məkan anlayışı güclənir:

"Buna görə də həddindən artıq nəzarət onda iki istiqamətli reaksiya yarada bilər: ya daxili qapanma və özünə inamsızlıq, ya da açıq üsyan və aqressiv davranış. Psixologiyada buna reaktiv müqavimət deyilir – insanın azadlığı məhdudlaşdırıldıqda, o, məhz həmin məhdudiyyətə qarşı davranış göstərməyə meyilli olur. Bu baxımdan yeniyetmə dövründə sərt qaydaların kor-koranə tətbiqi əks-reaksiya doğura bilər. Uşaq qaydaya görə deyil, qorxuya görə davranmağa başlayırsa, bu artıq daxili məsuliyyət deyil, xarici nəzarət mexanizmidir. Məqsəd uşağın "tutulmaqdan qorxması” yox, davranışının nəticəsini dərk etməsidir".
 


"Balansı qorumaq mütləqdir”

Elnur Rüstəmov məktəbdaxili nizam-intizam qaydaları tətbiq edərkən əsas diqqət edilməli məsələlərdən birinin balansın qorunmasının vacib olduğunu qeyd edib:

"Məktəbdə təhlükəsizlik sistemi olmalıdır, amma paralel olaraq psixoloji dəstək mexanizmləri də gücləndirilməlidir. Qayda sərtləşirsə, psixoloqun rolu da güclənməlidir. Nəzarət artırsa, dialoq da artmalıdır. Təkcə intizam dəftəri yox, eyni zamanda müşahidə və erkən müdaxilə sistemi, valideynlərlə əməkdaşlıq, sosial-emosional bacarıqların tədrisi də olmalıdır. Valideynləri narahat edən əsas məsələ uşağın qorxu mühitində böyüməsidir. Məncə, məktəblər cəmiyyətə mesaj verməlidir ki, məqsəd cəza vermək deyil, riskləri önləməkdir".

"Uşaq səhv edə bilər – Bu gələcək kimliyinin möhürü deyil”

"Unutmayaq ki, uşaq səhv edə bilər, amma o səhv onun gələcək kimliyinə möhür vurmamalıdır. Əks halda biz problemi həll etmək əvəzinə onu dərinləşdirə bilərik. Xüsusilə son hadisələr fonunda emosional qərarlar yox, elmi əsaslı və psixoloji baxımdan balanslaşdırılmış qərarlar qəbul olunmalıdır. Məktəb təhlükəsiz məkan olmaqla yanaşı, inkişaf mühiti də qalmalıdır. Qorxu üzərində qurulan sistem uzunömürlü olmur, amma məsuliyyət və qarşılıqlı hörmət üzərində qurulan sistem davamlı olur", deyə Elnur Rüstəmov əlavə edib. 

"Məktəb rəhbərliyi daxili nizam-intizam qaydası tətbiq edə bilər” 

Təhsil eksperti Elçin Əfəndi isə deyir ki, məktəb rəhbərliyini daxili qərarı ilə nizam-intizam qaydası tətbiq oluna bilər:

"Bundan başqa, Elm və Təhsil Nazirliyi və ona tabe qurum Məktəbəqədər Dövlət Təhsil Agentliyi tərəfindən 2025-2026-cı tədris ilindən etibarən şagirdlərin davranış qaydaları ilə bağlı bütün təhsil müəssisələrində müvafiq qaydalar tətbiq olunmağa başlayıb. Bu qaydalar da müasir dövrün tələblərinə uyğun qərarlardır. Həmin nizam-intizam qaydalarında şagirdlərin istər sinif yoldaşları, istər müəllimlərinə, istərsə də bütün məktəb kollektivinə qarşı etik davranışlara əməl etməsi zəruri hesab olunur. Eyni zamanda yaxşı təhsil alan şagirdlərin rəğbətləndirilməsi də həmin qaydalarda yer alır. Təhsilə uyğun müvafiq kartlar verilir. Məsələn, yaxşı oxuyan şagirdlərə yaşıl kart verilir. Etik davranışları pozan şagirdlərə isə narınc kart verilir”. 
 


Elçin Əfəndi vurğulayıb ki, təhsil müəssisəsii tərəfindən daxili qayda-qanunla bağlı qərarın verilməsi isə rəhbərin məsuliyyətindən irəli gələn məsələdir:

"Rəhbərlik bəzi qaydalarda diqqətli olmağı tələb edirsə, şagirdlər tərəfindən o qaydalara da riayət olunmalıdır. Amm daha sərt qaydalar- şiddət, şagirdlərin kütləvi formada demopinqə və bullinqə məruz qoyacaq qaydalardısa, bu, yol verilməzdir".

"Disiplin uğurun açarıdır”

"Məktəbdaxili nizam-intizam qaydalarının uşaqların akademik göstəricilərinə təsirləri haqqında da danışan ekspert vurğulayıb ki, disiplin ümumi uğurun tələbidir. Əgər həmin qaydalar şagirdin disiplinli olmasına səbəb olursa, bu zaman onlar daha çox təhsilə meyl edib, təhsilyönümlü olacaq. Bu da şagirdlərin təsir göstəricilərinə də öz təsirini göstərə bilər", deyə Elçin Əfəndi bildirib.

Günay İlqarqızı

--> -->