"Məncə, çempionat ləğv olunacaq" (MÜSAHİBƏ)

"Səbail"in futbolçusu Adil Nağıyev Sport7.az-a futbolsuz qaldığı karantin günlərindən danışdı.

- Adil, artıq 2 aydan çoxdur ki, futboldan uzaq qalmısınız. Karantin günləri necə keçir?
- Futboldan uzaq qalmaq çox çətindir. Amma məlum səbəblərə görə, ailəmizin və hər kəsin sağlamlığı üçün evdə qalmağa məcburuq. Bu isə çox sıxıcıdır. Bir neçə gün öncə sms icazə qərarı ləğv olundu deyə rahat bayıra çıxıb harasa gedə bilirik. 

- Karantin qaydalarına ciddi riayət etdinizmi? Siz də əllərini spirtləməkdən dərinin yanmasından, evdə oturmaqdan sıxılmaqdan şikayət edənlərdənsiniz?
- Həqiqətən bezmişdim. Amma məcburam. Ailə üzvlərimə, xüsusilə də balaca qızıma görə deyə tez-tez əllərimi sabunla yuyub spirtlənirdim. Çünki uşaqdır, virus keçə bilər. 

- İnsanlar arasında koronavirusla bağlı düşüncələr fərqlidir. Kimisi inanır, kimisi inanmır, hətta bioloji silah və s. kimi variantlar irəli sürənlər var. Bəs siz bu virusla bağlı nə düşünürsünüz?
- Vallah, mən də olduğuna inanmırdım. Amma dost-tanışların dediklərinə görə yaxın insanları bu virusu tutub. Ona görə düşünürəm ki, korona virus oldu-olmadı sağlamlıq üçün qaydalara mütləq riayət etməliyik. 

- Elə bununla bağlı saytımızda da sorğu aparmışdıq. Onsuz da məşqlər və çempionat bərpa olunmayıb. Və nə zaman başlayacağı bəlli deyil. Komandaların korona virusa görə testdən  keçməsinə gərək vardımı? Çünki məşqlərin başlamasına icazə verilənə kimi kimsə virusa yoluxa bilər. Hər halda məşqlər başlayanda hamı yenidən testdən keçməli olacaq...
- Məncə, hər şey dəqiqləşdikdən sonra biz test versəydik daha yaxşı olardı. Hazırda gedişatın necə olacağını gözləyirik. Məncə, testdən keçmək boşa getdi. 

- Necə düşünürsünüz, sizcə yarıda qalan çempionat bərpa olunacaq?
- Məncə, ləğv olunacaq. Çünki davam etdirmək fikirləri olsa idi, məşq etməyə icazə verərdilər. 

- Hər halda bərpa olunsa belə, uzun müddətdir məşqsiz qalan futbolçular üçün çətin olar. Ümumiyyətlə, 2 ay futbolsuz qalmağın futbolçulara nə dərəcədə təsir etdiyini düşünürsünüz?
- Əlbəttə ki, məşqlərin başlamasına qərar verilsə, formaya düşmək çox çətin olacaq. Həm oyunsuz, həm məşqsiz qalmaq futbolçuya çox pis təsir edir. Formaya düşmək üçün ən azı 1 ay məşq etmək lazımdır. O da məşqlər başlamasa əgər. Uzağı 3 həftə təlim məşq üçün vaxt verilə bilər ki, çempionatı vaxtında sonlandıra bilək. 2 ay məşqsiz, futbolsuz qalan idman üçün təhlükəli vəziyyətdir. Həm zədə almaq təhlükəsiz çoxalır, həm də 3 həftə ərzində formaya düşmək çox çətindir. Nə bilim vallah, yaşayaq görək başımıza nə gəlir. 

- 2020-ci il uğursuz keçir. Ümumiyyətlə, bu ildən nəsə yaxşı mənada gözləntiniz varmı? Yoxsa hələ bu çətin durumun bu il belə davam edəcəyini düşünürsünüz?
- Hamı istəyər ki, bu virusa son qoyulsun, insanlar qorxmadan rahat yaşasın. Ancaq biz istəməklə, deməklə də nəsə olmur. Səbr edək və ən yaxşısı nədirsə, onun üçün dua edək. Allah özü hər kəsə kömək olsun. 

Röya Kərimli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image