Aqşin Yenisey
Sartr ekzistensial fəlsəfəni belə bir hekayə üzərindən şərh edir. Bir gənc müharibə dövründə orduya çağırılır. Gəncin xəstə və yataq xəstəsi olan anası var. Bu vəziyyətdə gəncin edəcəyi seçim mahiyyətini və şəxsiyyətini qabaqlayır.
Yəni gənc nə ana sevgisi ilə coşub-çağladığı üçün evdə qalmaq, nə də vətən sevgisindən dolayı hərbi xidmətə getmək fikrindəydi. Amma indi ikisindən birini etməlidir. Gənc əsgərliyə getməyi seçərsə, vətənpərvər olacaq, anasının yanında qalmağı üstün tutarsa, "anasının gül balası”. Sartr deyir ki, insanın mənliyini hadisələr və seçimləri müəyyən edir. Varlıq mahiyyətdən sonra gəlir. Yəni varlıq "nə” yox, "nə üçün” sualına cavab verdiyi andan etibarən mövcud olduğunu təsdiqləyir. Sartr bir qayçı və onu düzəldən ustanın məqsədi üzərindən izah etməyə çalışır ki, varlığın "nə” olduğunu özündən əvvəlki "nə üçün” olduğu məqsədi müəyyən edir. Sartra görə, bir qayçı, ustanın onu nə üçün düzəltdiyini bilmədiyi müddətdə var ola bilməyəcək. "Nə” olanı yaradan "nə üçün” olandır. Amma insanı qayçıdan fərqli bir varlıq edən şey onun məqsədsiz yaradılışıdır. Sartra görə, insan bir qayçı, tanrı isə onu düzəldən bir usta deyildir. İnsanın "nə üçün” olduğunu özü seçmək azadlığı var və bu onun öz mahiyyətini müəyyən edir.
Buradan mənin çıxardığım nəticə: Sartr deyir ki, seçimlərimiz varlığımızın öz mahiyyətinə uyğun bildiyi çağırışlarına səs verməsidir. Varlığımızı, mahiyyətimizin bizi hansı hadisələrə çağırması deyil, bizim onların içindən hansını seçməyimiz müəyyən edir (ekzistensial iradənin azadlığı). Yəni biz öz seçimlərimizik! Əsgər, yoxsa "anamızın gül balası” olmaqla biz öz mahiyyətimizi, yəni "nə üçünlüyümüzü” təyin edirik.
Amma o gənc müharibə və xəstə ana arasında seçimi məcburiyyət ucbatından edirsə, bu, o demək deyilmi ki, insan azad, məqsədsiz yaradılış olsa da, özündən əvvəl məqsədlərinin mövcud olduğu dünyaya gəldiyi üçün bunun heç bir mənası qalmır?
Kafkaya görə isə insanın heç bir iradə azadlığı və seçim şansı yoxdur. Sartrın "gənci” istəsə belə, müharibə ilə xəstə anası arasında seçim edə bilməz. Hansını seçməyin lazım olduğunu ona deyəcəklər, hətta əmr edəcəklər. Kafka insanın bu halına acımır, əksinə, gülür. Amma məsələn, Tolstoy Sartrın "gəncinin” belə bir seçim qarşısında qalmasına göz yaşı tökərdi.
Nöşün ki Tolstoy orduya çağırıldığı gün bir zabitin sıra yerişində düzgün addımlaya bilməyən gənc bir əsgəri döydüyünü görüb ona demişdi:
- O da sənin kimi insandı, niyə döyürsən onu, İncili oxumamısanmı?
Zabit:
- Bəs sən necə, "Hərbi Nizamnamə”ni oxumusanmı? – deyərək Tolstoyu ələ salmışdı.
Tostoyun bu əhvalatı insanın işini bir varlıq olaraq daha da çətinləşdirir. Belə çıxır ki, insanın varlığı nəinki mahiyyətdən, hətta vəziyyətdən də sonra gəlir. Bu da tarix dediyimiz bəşəri bir həyat şəklini yaradır ki, insan bu şəkildəki (həyatdakı) yerinə görə onu ya alqışlayır, ya da lənətləyir.
"Kiçik məsuliyyətlər kiçik insanlar yaradır” deyən Dostoyevskinin müharibəni vəsf edən "yırtıcı” fikirlərinə görə, müharibə kiçik insanların boynuna böyük məsuliyyətlər yüklədiyi və onları tarixin yaddaşından silinməyəcək izlər qoymağa məcbur etdiyi üçün vacibdir. Dostoyevski birmənalı olaraq Tolstoyun gənc əsgərini döyən zabiti alqışlayar, Kafkanın heç bir seçim şansı olmayan qəhrəmanına moizə oxuyar, "müharibəmi, xəstə anamı” seçimi qarşısında tərəddüd edib dərhal müharibəni seçmədiyi üçün Sartrın gəncinin üzünə tüpürərdi.
Adətən, sülh dövrünün kiçik adamları müharibə dövrünün böyük adamlarına çevrilir. Yəni vəziyyətin şərtləri varlığın mahiyyətini dəyişə bilir.
Dünya tarixində bir insan var ki, onun həyatında həm Sartrın seçim edən gəncini, həm Kafkanın heç bir seçim şansı olmayan qəhrəmanını, həm Tolstoyun vəziyyətin şərtlərinə tabe olan əsgərini, həm də Dostoyevskinin müharibə dövrünün möhtəşəm etdiyi sülh dövrünün kiçik insanını görmək olar.
Hiroo Onoda! 1944-cü ildə yapon ordusunun kiçik leytenantı olan Hiroo Onoda imperatorun adından belə bir əmr aldı: Filippindəki Lubanq adasına gedin və nəyin bahasına olursa-olsun, ABŞ əsgərlərinə təslim olmayın! Bu, hərb dilində ölümə göndərilmək demək idi.
Bu, Kafkanın heç bir seçim şansı olmayan qəhrəmanının düşdüyü vəziyyət idi! Yerölçən K. kimi öz "Qəsr”inə, Lubanq adasına, gerdərgəlməzə göndərilirdi Onoda.
1945-ci ilin fevralında ABŞ əsgərləri Lubanq adasına çıxdı və qeyri-bərabər döyüşdə yapon əsgərlərinin çoxu öldü, sağ qalanları əsir düşdü, yalnız leytenant Onoda və üç əsgər adanın meşələrində gizləndilər. Və ABŞ əsgərlərinə, onlara yardım edən ada əhalisinə qarşı partizan müharibəsinə başladılar.
Həmin ilin avqust ayı ABŞ ordusu Hirosima və Naqasakiyə atom bombası atdı, Yapon imperatorluğu təslim olduğunu elan etdi. Yapon ordusu tərk-silah və ləvğ edildi. ABŞ Yaponiyanı modern bir ölkə olmağa məcbur etdi. Yalnız Lubanq adasının meşələrində gizlənən Onoda və üç dostu ABŞ-a təslim olmadı. İkinci Dünya Müharibəsi yalnız Lubanq adasında başa çatmadı. Leytenat Onoda və tabeliyindəki üç adam tez-tez meşədən çıxıb ada əhalisini və adada xidmət aparan ABŞ əsgərlərini öldürməyə davam edirdilər. Onları tapmaq, əsir almaq, öldürmək mümkün deyildi. Üç dövlət - ABŞ, Yaponiya və Filippin hökumətləri birlikdə axtarışlar aparır, ancaq Onodanı tapmaq əvəzinə, özləri itkilərlə üzləşirdilər.
Nəhayət, elan yazıb təyyarədən meşəyə səpdilər ki, təslim olun, müharibə başa çatıb! Ancaq leytenant Onoda bu elanları ABŞ ordusunun hiyləsi hesab etdiyi üçün təslim olmadı. Onodanın üç dostu ayrı-ayrı hücumlar zamanı ölü olaraq ələ keçirildi. Onoda tək qaldı, ancaq təslim olmadı.
O, artıq Sartrın gənci olaraq mahiyyətinə uyğun seçimini etmişdi; Müharibə!
İkinci Dünya Müharibəsində döyüşən cəmi iki tərəf qalmışdı: ABŞ və Onoda. Axırda bu cəsur yapon əsgəri ilə bacara bilməyən ABŞ dövləti yapon imperatorundan xahiş etdi ki, Onodaya öz adından bir məktub yazıb müharibənin başa çatdığını, təslim olarsa, kimsənin onunla işinin olmayacağını başa salsın. Onoda havadan meşəyə atılan imperatorun öz imzası ilə yazdığı məktuba da məhəl qoymadı, hiylə olduğunu zənn etdi, ABŞ-la müharibəni sonuna qədər davam etdirməkdə israrını təzələdi.
Müharibənin başa çatmasından iyirmi yeddi il keçdi. Bütün yapon mediası hələ də Lubanq adasında ABŞ-la təkbaşına döyüşən yapon zabitindən yazırdı. O, artıq bir mif, bir kabus, bir əcinnə kimi təsvir olunurdu özü haqqındakı yazılarda. Çünki üç ölkənin kəşfiyyatı Lubanq meşələrində onu axtarsa da, heç kim izinə düşə bilmirdi. O, təslim olmağın nə demək olduğunu bilməyən bir yapon samurayının xəyalı idi. Əcdadlarının samuray ruhu onu qoruyur, düşmən üzərində qələbəyə ruhlandırırdı.
Artıq dünyada başqa müharibələr baş vermiş, başqa ölkələr işğal edilmiş, sərhədlər yerini dəyişmiş, başqa insanlar öldürülmüşdü. Hətta İkinci Dünya Müharibəsindən sonra başlayan başqa müharibələrin bir çoxu artıq sona çatmışdı. Onoda isə İkinci Dünya Müharibəsində idi, Lubanq adasında Yaponiyanın qüruru uğrunda döyüşürdü.
Müharibə Onodanı - Dostoyevskinin sülh dövrünün kiçik insanını - yenilməz bir nəhəngə çevirmişdi. O, tarixdə silinməz izlər qoymaqla məşğul idi Lubanq bataqlıqlarında.
Günlərin bir günü macəra həvəskarı olan Norio Suzuki adlı gənc yapon Onodanı axtarmağı qərara aldı və Lubanq meşələrinə yollandı. Üç dövlətin hərbi kəşfiyyat orqanlarının iyirmi yeddi ildir axtardığı və tapa bilmədiyi bu sonuncu yapon əsgərini Suzuki cəmi dörd gündən sonra tapdı. Suzuki ona otuz ilə yaxındır İkinci Dünya Müharibəsinin başa çatdığını, Yaponiyanın təslim olduğunu və indi dünyanın ən inkişaf edən ölkələrindən birinə çevrildiyini söylədi, ondan bu illər ərzində nə üçün təslim olmadığını soruşdu. Onoda əsl əsgər cavabı verdi:
"Mənə təslim olmamaq əmr olunub!"
Tolstoyun sıra yerişini düzgün yeriyə bilmədiyi üçün döyülən əsgəri vəziyyətin diqtə etdiyi şərtlər altında artıq özü də İncilin deyil, "Hərbi Nizamnamə”nin müqəddəsliyinə inanırdı.
Nəhayət, 1974-cü ildə Suzuki ilə Yaponiyaya qayıdan Onoda ölkəsində milli qəhrəman kimi qarşılandı; televiziyalar, radiolar, qəzetlər ondan yazdı. Ancaq Onoda Yaponiyada uğrunda döyüşə yollandığı öz Yaponiyasını tapmadı. Onun Yaponiyası indi başdan-başa kapitalist bir bazar idi, bütün dəyərlər alınıb-satılırdı. Yapon qürurundan, yapon kimliyindən əsər-əlamət qalmamışdı. Onun otuz il meşələrdə uğrunda təkbaşına savaşdığı Yaponiya artıq yox idi. Onda belə çıxırdı ki, o, bu illər ərzində boş-boşuna döyüşmüşdü. Onodanı meşədə yaşadan dəyərləri Qərb kapitalizmi Tokioda özündən qabaq öldürmüşdü.
Otuz il Lubanq meşələrində siçan, soxulcan yeyən, porsuq yuvalarında gizlənən, ancaq uğrunda yaşadığı amaldan güc alan Onoda yeni ölkəsində amalı, məqsədi olmayan bir döyüşçü müqəvvası kimi Avropa tərzi geyinən qadın heyranlarının, hökumətin verdiyi imtiyazların, şan-şöhrətin içində dərin depressiyaya düşdü. Bu Leyli o Leyli deyildi. Və bir gün Onoda da Məcnun oldu, lal-dinməz şələ-şüləsini yığışdırıb Qərb dəyərlərinə "satılmış” vəfasız Yaponiyasını tərk edərək Braziliyaya köçdü. Ömrünün sonuna qədər uğrunda otuz il təkbaşına döyüşdüyü keçmiş sevgilisinə, əsl Yaponiyaya yas saxladı. Müharibə dövrünün yenilməzi sülh dövrünün zavallısı oldu.
Sartrın mahiyyətinə uyğun seçim edən gənci, Kafkanın heç bir seçim şansı olmayan qəhrəmanı, Tolstoyun şərtlərin diqtəsi altında İncilə deyil, "Hərbi Nizamnamə”yə inanan əsgəri, Dostoyevskinin müharibənin möhtəşəm etdiyi sülh dövrünün kiçik insanı artıq məşhur olduğu dünyada heç kimin yadına düşməyən bir heç kim idi…
Şərhlər