İdman 14:25 29.11.2021

Məşhur portuqaliyalı futbolçu böyük hesablı qələbəyə görə üzr istədi

Portuqaliya çempionatında nadir rast gəlinən qarşılaşma baş tutub.

Qaynarinfo xəbər verir ki, "Belenenseş" doğma meydanda "Benfika"nı qəbul edib. Ancaq 14 futbolçusu koronavirusa yoluxduğu üçün "Belenseş" meydana 9 nəfərlə çıxmaq məcburiyyətində qalıb. Hər şey bununla başa çatmayıb. "Benfika"nın 7 cavabsız qol vurduğu ilk hissədə "Belenseş"in daha 3 futbolçusu zədə səbəbindən sıradan çıxıb və komanda meydanda 6 nəfərlə qalıb. Bu səbəbdən qarşılaşma ikinci hissəyə start veriləndən bir qədər sonra başa çatdırılıb.

Oyundan sonra "Benfika"nın prezidenti, məşhur portuqaliyalı veteran futbolçu Rui Koşta bunları söyləyib:
 
"Meydanda nə qədər futbolçu olacağından xəbərimiz yox idi. Bu gün baş verənlərə görə üzr istəyirəm. Bu, Portuqaliya futbolunun qara səhifəsidir. Bizdən heç bir halda matçı təxirə salmaq tələb olunmadı. "Benfika" qaydalara riayət etməli idi. Baş verənləri yanlış şərh etmək heç bir işə yaramaz. Bu matç bizi qane etmədi. Liqanın idarə olunması bizim məsuliyyətimiz deyil. "Belenenseş"in meydanda neçə futbolçusu olacağından xəbərsiz idik. Bunun əksi barədə məlumat verilmədi. Onların nə hisslər keçirdiyini təxmin edə bilərəm. Covid-19 səbəbiylə biz də kuboku itirmişdik".

"Belenenseş"in heyətində meydana çıxan 9 futbolçudan 2-si qapıçı olub. Qapıçılardan biri öz vəzifəsini yerinə yetirərkən, digəri sahə oyunçusu kimi çıxış edib. 7:0 hesabı ilə bitən matçda "Benfika"nın qollarını Darvin Nunes (3), Haris Seferoviç (2), Julian Veyql və Eduardo Santos (avtoqol) vurub.
 
 
Səbuhi Həsənov