İdman 16:39 02.08.2021

Millimizin bütün məşqçiləri qovuldu - Olimpiadadakı uğursuzluğa görə

Cüdo üzrə kişilərdən ibarət milli komandanın bütün məşqçiləri istefaya göndərilib.

Azərbaycan Cüdo Federasiyasından Qaynarinfo-ya verilən  məlumata görə avqustun 2-də federasiyada vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. İclasda federasiyanın baş katibi Elmar Babanlı, Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət milli komandaların aparıcı cüdoçuları iştirak edib. Kişilərdən ibarət cüdo millimizin Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib.

Həmçinin yüksək əmək haqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyi barədə qərar verilib. Milli komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət yığmamızın baş məşqçisi Elçin İsmayılova tapşırılıb.

Səbuhi Həsənov