Bu gün keçirilmiş Belçika – Azərbaycan oyunundan sonra millimizin kapitanı Rizvan Fərzəliyev Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Qaynarinfo xəbər verir ki, təcrübəli futzalçı bunları söyləyib:
"Dünən Belçikaya gəldik, bu gün isə yoldaşlıq oyunu keçirdik. Bu Avropa çempionatının final mərhələsinə hazırlıq baxımından sonuncu oyunumuz idi. Matça gələn ərəfədə heç də yaxşı xəbər almadıq. İki futzalçımızın COVİD-19 testi pozitiv çıxdı. Əlbəttə, oyunöncəsi bu cür xəbərlə qarşılaşmaq istər-istəməz psixoloji gərginlik yaratdı. Həm də oyun planımız pozuldu, meydana tam heyətlə çıxa bilmədik. Başlanğıc uğursuz alındı. Tam hazır olmadığımıza görə, həyəcan var idi. Bura hakimlərin qeyri-ədalətli qərarlarını da əlavə edək. Fineoya birbaşa qırmızı vərəqə verdilər ki, bu da düzgün qərar deyildi. Azlıqda qalmağımıza baxmayaraq, qol buraxmadıq.
İkinci hissənin əvvəlində üstünlük bizdə idi. Oyunumuzu düzəldə bildik, ancaq hakim ədalətsizliyi yenə sözünü dedi. Bu dəfə də meydanda azlıqda qaldıq. Təkcə Belçikaya qarşı deyil, həm də hakimlərə qarşı mübarizə apardıq. Uduzsaq da, rəsmi oyunlar ərəfəsində bu matçın bizə köməyi çox oldu. Ümid edirəm ki, Avropa çempionatında daha yaxşı çıxış edəcəyik”.
Səbuhi Həsənov
Şərhlər