Xəbər lenti

Milliyyətçi olmaq və ya olmamaq?
Ölkə 16:53 20.10.2020

Milliyyətçi olmaq və ya olmamaq?

Orxan Saffari


İllərdir, uzun illərdir ki, ölkədə gedən xarici təbliğatlardan biri də milli hisslərimizi itirmək, "dünyəviləşmək", dünya vətəndaşı olmaq kimi səfeh bir ab-havaya hesablanıb. Təbii, beyninin neyronları təbliğat küləyinə əsənlər də kor-koranə şəkildə o dəqiqə buna köklənir. Amma səmimi olsam, açığı, əvvəl-əvvəl özümə də xoş gəlmişdi, nə yalan deyim. Sözlərin havası vururdu, milliyyətçiliyin ziyanlı olduğunu düşünürdüm. Amma zaman keçdikcə siyasi proseslərdə milliyyətçiliyin, milli ruhun olmağının nə qədər vacib olduğunu da duydum.

 

Hələ kitab oxuyan çevrə xüsusən kitabların təsirinə düşüb milliyyətçi olanları cahil, bütpərəst və s. kimi ittihamlarla suçlayırdılar, suçlayırlar da. Amma gəlin, baxaq. Nədir milliyyətçi olmaq, niyə milliyyətçi olmaq lazımdır?

 

Bu gün bir millət öz milli heysiyyatını itirirsə, milli qeyrət, kimlik yadından çıxırsa, şübhəsiz ki, həmin millət məhvə məhkumdur. Həmin milləti işğal da edərlər, o yana da keçərlər. Yaxın illərə qədər elə bilirdim ki, bizimkilər də belədir. Artıq bizlər üçün milli təəssübüskeşliyin, kimliyin bir mənası qalmayıb. Amma şükür, gedən proseslər göstərdi ki, bu millət ölməyib, ayaqdadı, bayraqladı!

 

Meşə çaqqalsız, meyvə çürüksüz olmaz. Ağacı da bilirsiz, bar verəndə başını aşağı əyir. Amma çi fayda? Bizim var verən "ağaclarımız" hərdən "dikəlmək" istəyir, nəticədə də ağırlığa tab gətirmir. Misal olaraq həssas dönəmlərdə əksimizə gedən sülh bildirçinlərinə, pasifist "aktiv və passivlərə", liberalizm qarğaları və s. bu qəbildən olan adamların reaksiyalarını göstərmək olar. Bunun fonunda isə bir olan, həmrəy olan insanlarımıza.

 

Mənim bu məsələdə içim də özümü yandırır, çölüm də. Kösəyim çıxır, köz oluram, amma xeyri yoxdur. Deyirsən, ay adam, insan övladı, ay dünyada sərhəd istəməyən yoldaş, bir bax, gözünü aç, bir məntiqin olsun, nolar beynin olmayanda? Bir gör də, nolar ki, gör də. Gör ki, sənə bunu təbliğ edənlərin məqsədi nədir, gör ki, sənə bunu təbliğ edənlər özləri nə dərəcədə milliyətçidir. Gör ki, kosmopolitizm adı altında birləşən, özünü cırıb dağıdan millətlərin milli kimliyinə toxunmaq olarmı? Gör ki, dünyanı sülhə çağıranlar, guya ki, dövlətlər arasında barışığa can atanlar altdan-altdan nələr edir. Həqiqətənmi görmürsən bunları? Yooox. Görürsən, yaxşı görürsən. Amma görməzdən gəlirsən. Sərf etmir, axı. Çünki sən milli olan nə varsa itirmisən. Heç nələrə görə. Bəzən 3-5 quruş qranta, bəzən də elə havayı, beyninin neyronlarının çaşqınlığına.

Söz sözü çəkər. Bu yaxınlarında dediyim kateqoriya adamlardan biri gəl mənə denən ki, bəs, görürsən də Fransanı, Norveçi, Amerikanı. Gör, nə gözəldir. Amerika kosmopolitdir, dünyəvidir, elədir, belədir. Dedim, ala, dayan, ayaq saxla. Götürdüm, dəvə boyda faktı qoydum qabağına, dedim, bu sən, bu da Tramp, bu da Amerika xalqının mövqeyi, ay sənin adını 51 ştatda tutub ağlayım elə.

 

Tramp, 2019-cu il, BMT:

"Gələcək qlobalistlərə yox, patriotlara aiddir. Azad xalqlar öz milli köklərini qəbul etməli və qorumalıdırlar. Əgər demokratiya istəyirsinizsə, öz suverenliyinizdən möhkəm yapışın!"

 

Həəə. İndi deyə bilərsiz ki, bəs, noldu o adamın sonu? Heç nə, nə olacaq? Əl-ələ verib getdi quşcuğazları ilə qrant yeməyə.

 

Bəli. Məhz bu gün biz türkləri, azərbaycanlıları dünyaya barbar kimi tanıdan adamların dünya siyasətindən xəbəri yoxdur. Erməninin etdiyinə terror deyə bilməyib, faciəni görməzdən gəlib, süpergüc dövlətlərin hansı müharibələrə, hansı dəstəyi verdiyini bilməyib, deməyib, susub əvəzində isə ən kiçik yanlışımız, haqlı davranışınız da üstümüzə şığıyır. Bunların xisləti budur, xisləti.

 

Elə bilirlər, milliyətçi olmaq qəbahətdir, ayıbdır, utancdır. Elə bilirlər, milliyyətçi oldunsa, gerizəkalı olursan, düşünə bilmirsən, beynin sərhədlənir və.s

 

Nədir milliyyətçilik?

 

Millətçilik müəyyən millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və hərəkatdır. Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, millətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Millətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. – Bu, sualımızın rəsmi tərəfidir. Elə qeyri-rəsmi tərəfi də eyni anlama gəlir.

 

Təbliğat necə gedibsə, adamlar milliyyətçi olmaqdan, vətənini sevməkdən, millətpərəst olmaqdan utanır. Vallah, onların yerinə mən utanıram. Məhz bir millət, xalq milliyətçiliyin hesabına ayaqda dura bildiyi, var olduğu halda, bunlar bunu qəbullanmaq istəmir.

 

"Dünya haradadır, biz harada" deyib bağıranlar bu dünyanın nə qədər milliyətçi olduğunu niyə görmürlər, axı? Dünya elə məhz sizlərin lağ etdiyi yerdədir. Dünya belə dövr edir. Qəribədir, sən öz torpağını qorumaq istə, öz torpağını geri almaq istə, amma buna görə hansısa beyninin heç bir yarımkürəsi normal işləməyən adamlar sənə lağ etsin, barbar desin. Öz torpağını, milliyətini, bayrağını, kimliyini qorumaq niyə barbarlıq olsun, niyə bu adamların ağırına gəlsin?

 

Bu dəqiqə mənə görə də, ümumi ab-havaya görə də milliyətçi olmağı, bir olmağı pisləyən kim varsa, ziyanlı məhz həmin adamlardır. Həmin adamlardır ki, başqa cür normal yaşayacaqlarını, supergüclərin müstəmləkəsi olaraq "dünyəviləşəcəklərini" düşünür, buna inanırlar.

 

Nə deyim, Tanrı özü kömək olsun, hətta türkü də qorusun.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->