AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, prezident İlham Əliyevin sərəncamı ilə ədəbi xadim Mirzə Şəfi Vazehin 220 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi qərara alınıb. Bu sərəncama müvafiq olaraq, irsi əsasən Qərbi Avropada tədqiq edilmiş görkəmli ədibin iki əsr əvvəl Almaniyaya aparılıb və müəyyən təhriflərə məruz qalmış dəyərli əlyazmalarının surətlərinin, eləcə də Mirzə Şəfi yaradıcılığının elmi cəhətdən araşdırılmasına həsr edilmiş monoqrafiyaların, kitabların onun doğma yurdu Gəncə şəhərinə gətirilməsi təşəbbüsü irəli sürülüb. Buna əsasən, Almaniyanın Prussiya mədəni irsi Mərkəzi, Berlin Dövlət Kitabxanası kimi mühüm elmi mərkəzlərindən, arxivlərindən artıq 30-a qədər əski Azərbaycan və ərəb əlifbası ilə yazılmış əlyazmaları, həmçinin Almaniyanın Payne şəhərində mövcud olmuş Mirzə Şəfi adına mehmanxananın elmi ictimaiyyət üçün indiyədək məlum olmayan foto şəkli, eləcə də Avropada çap edilmiş və Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı ilə bağlı mühüm tarixi məlumatları özündə əks etdirən elmi və ədəbi nəşr nümunələri Gəncəyə gətirilib. Bundan əlavə, ilk dəfə olaraq ərəb, fars və alman dillərində olan əlyazmaları, Mirzə Şəfi Vazehin müəllifi olduğu şeirlərə bəstələnmiş musiqi əsərlərinin not yazıları surətlərinin Azərbaycan dilinə tərcümə edilərək elmi ictimaiyyət və geniş oxucu kütləsinə yeni, nəfis nəşrlər şəklində təqdim edilməsi işlərinə başlanılıb.
AMEA Gəncə Bölməsi tərəfindən bu görkəmli mütəfəkkirin həyat və yaradıcılığı ilə əlaqədar mötəbər mənbələrə, arxiv materiallarına istinad edilməklə tarixi-etnoqrafik, filoloji səciyyəli elmi əsərlərin əcnəbi dillərdə nüfuzlu xarici nəşrlərdə çap edilməsi işləri də həyata keçirilir.
Qaynar.info
Şərhlər