Xəbər lenti

Hüseynbala Səlimov
Siyasət 10:11 28.08.2023

Mişustinə inanaqmı?..

Əslində bölgə insanlarını, xüsusən də siyasi təhlilçiləri indi başqa məsələlər maraqlandırır. Ona görə ki, ermənilər bir an belə farağat dayanmırlar-silahlanır, keçmiş Dağlıq Qarabağa silah-sursat daşıyır, BMT-də qapalı, hətta gizli iclaslar keçirir, Fransa ilə birlikdə BMT TŞ-da qəbul olunmaq üçün "qətnamə” hazırlayırlar. Odur ki, hamını bir sual düşündürür: bütün bunlar nə ilə bitəcək? Daha bir müharibə olacaqmı? 

Əlbəttə, bunun əskini sübut edəcək ciddi arqumentlər və dəlillər çox azdır. Son vaxtlar Qərb də sanki tamamilə Ermənistanın tərəfinə keçib. Fransanı, onun nə işlə məşğul olmasını dedik, ABŞ və Avropa İttifaqı da növbəti danışıqların vaxtını uzadır...

Bu günlərdə yalnız Rusiyadan təskinlikverici bir xəbər gəldi. Belə məlum oldu ki, Rusiya baş naziri Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətində deyib ki, ölkəsi Zəngəzur dəhlizinin tezliklə açılmasında maraqlıdır. Bu detalı niyə görə qabartdıq? 

Birincisi, Rusiyanın razılığı olmadan böyük müharibə mümkün deyil. Düzdür, indi Paris, Vaşinqton İrəvana siyasi və diplomatik dəstək verməyə çalışırlar, amma onların bölgədəki təsir "rıçaq”ları Rusiyanınkı qədər deyil. Elə bu səbəbdən də bölgədə hava nə qədər barıt qoxusa da, müharibə haqqında danışmaq hələ çox tezdir – bir daha deyirik ki, Rusiya o vaxt buna razı olar ki, o, tərəflərdən birini, İrəvanı və ya Bakını cəzalandırmaq fikrinə düşsün... 

İkincisi, hazırda dəhlizlər məsələsi bölgənin ən böyük problemidir. Bu konteksdə İrəvan nə qədər çalışsa da, Zəngəzur dəhlizi yaddan çıxmır. Əlbəttə, yaxşı haldır ki, Moskva da bunu unutmur və əleyhinə getmir, baxmayaraq ki, burada Kremlin öz maraqları var. Bölgədə qalmaq üçün Moskvaya daha bir "rıçaq” lazımdır. Moskva bu xüsusda keçmiş Dağlıq Qarabağ ermənilərinin "təhlükəsizliyi”ni qabartmaq istəyir. Amma belə təəssürat yaranır ki, heç kim ona bu mandatı vermək istəmir. Bakının bu məsələdə mövqeyi aydındır – bu, onun üçün suverenlik məsələsidir, belə ki, öz əhalisinin, onlar hətta erməni olsalar belə, təhlükəsizliyini qorumaq Bakının suveren hüququdur və bir daha deyirik ki, Azərbaycan onu heç kimlə bölüşmək fikrində deyil. Ermənistana gəldikdə isə, onunla Rusiya arasında etimad getdikcə azalır: haylar ruslara daha əvvəlki kimi inanmır və özlərinə təzə ağalar axtarmağa cəhd edirlər. 

Demək lazımdır ki, onların bu istiqamətdəki çabaları, səyləri heç də səmərəsiz deyil – Fransa lap dəridən-qabıqdan çıxır ki, "kiçik bacısı”na dəstək ola bilsin. Buna görə də Kreml yeni senarilər üzərində işləyir. Bunlardan biri də Zəngəzur dəhlizidir. Moskva hələ də ümid edir ki, dəhlizin təhlükəsizliyini təmin etməyi ona tapşıracaqlar. Azərbaycan prinsipcə, bunun fərqində deyil – belə hesab edilir ki, Zəngəzur dəhlizinə rusların nəzarət etməsi Bakının maraqları üçün əngəl deyil.
 
Amma etiraf edək ki, biz bununla razı deyilik. Moskva dəhlizə nəzarəti öz əlinə götürməklə təkcə burada qalmaq üçün "rıçaq” qazanmağı düşünmür, o, bölgədəki nəqliyyata, xüsusən də yük daşımalarına strateji nəzarəti əlinə keçirmək istəyir – kommunikasiyalara nəzarət geopolitikanın ən əsas hədəfərindən biri sayılır. Həm də bununla o, Ermənistan üzərində nəzarətini bir az da artırmış olacaq. Amma Qərb bunu istəmir – onun da hədəfi bölgədə Rusiyanın təsirlərini azaltmaqdır!
Odur ki, vəziyyət belə mürəkkəb bir durumdadır. Yaxın vaxtlarda geosiyasi iqlimdə mülayimləşmə ehtimal olunmur. Birincisi, İrəvanda mer seçkiləri gözlənir və bu səbəbdən də bütün "siyasət adamları” millətlərinin gözündə "millət atası”, "milli qəhrəman” kimi görünməyə çalışır. İkincisi, nəhayət, Türkiyə və Rusiya prezidentlərinin görüşünün yeri və vaxtı dəqiq məlum oldu: səhv etmiriksə, görüş sentyabrın 4-də Soçidə olacaq. Ona görə də İrəvanda qulaqlar bu iki hadisəyə tuşlanıb – bu proseslərdən əvvəl hər hansı bir ciddi dəyişiklik gözləməyə dəyməz...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->